Tramp–Putin görüşü nəticəsiz başa çatıb, Zelenski Vaşinqtona gedir

Tramp–Putin görüşü nəticəsiz başa çatıb, Zelenski Vaşinqtona gedir Foto: AFP
16 Avqust 2025
Mətni dəyiş

ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasındakı görüş Ukraynada atəşkəslə bağlı heç bir razılaşma əldə olunmadan başa çatıb. 

Üç saata yaxın çəkən görüşün detalları haqqında çox məlumat verilmir. Hər iki lider mətbuat konfransında jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. Putinlə görüşdən sonra Tramp jurnalistlərə cəmi üç dəqiqəlik bəyanat verib. 

O, komandasının “böyük irəliləyiş əldə etdiyini”, lakin “hələ tam nəticəyə gəlmədiklərini” və Kremlin Ukraynaya qarşı müharibəsini dayandıracaq heç bir sazişin imzalanmadığını bildirib.

Tramp onu da deyib ki, “Razılaşma yalnız imzalananda razılaşmadır.”

Putinin çıxışı Trampın çıxışından üç dəfə uzun olub. O, Trampa “danışıqların xoş üslubuna görə təşəkkür etdiyini” bildirib və “səmimi şəkildə müharibəni dayandırmaqda maraqlı olduğunu” deyib.

Lakin “əvvəlcə bütün ilkin səbəblərin aradan qaldırılmalıdır”, Putin qeyd edib. Putin onu da əlavə edib ki, əgər 2022-ci ildə ABŞ prezidenti Donald Tramp olsaydı, müharibə ümumiyyətlə başlamazdı.

Görüşdən bir müddət sonra Ukrayna Prezident Administrasiyası Trampla Zelenskinin danışdığını təsdiqləyib. Bildirilib ki, zəng uzun olub və daha sonra söhbətə Avropa liderləri də qoşulub. 

Son məlumata görə, Volodimir Zelenski bazar ertəsi, yəni avqustun 18-də Vaşinqtonda Prezident Tramp ilə danışıqlar aparacaq. O bu barədə öz “Telegram” səhifəsində yazıb və “dəvət üçün minnətdar olduğunu” vurğulayıb.

Zelenski cümə günü Tramp və Putin arasında keçirilən danışıqlarda iştirak etməmişdi. Tramp demişdi ki, ilkin danışıqlar uğurlu olarsa, Zelenskinin də qatılacağı ikinci görüş ola bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun