Anar Məmmədli məhkəmədə: “Heç bir sübut olmadan bizi mütəşəkkil dəstə kimi təqdim ediblər”

Anar Məmmədli məhkəmədə: “Heç bir sübut olmadan bizi mütəşəkkil dəstə kimi təqdim ediblər”
23 Sentyabr 2025
Mətni dəyiş

Sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın işi üzrə məhkəmə prosesi davam edib.

Proses barədə “Azadlıq Radiosu” məlumat yayıb.

İclas hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilib. Əvvəlcə Anar Abdullanın vəkili Günay İsmayılova onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil müvəkkilinin yaşlı anası və bacısının vəziyyətini əsas gətirib. Lakin məhkəmə vəsatəti rədd edib.

Daha sonra ifadə verən Anar Məmmədli xatırladıb ki, o, 12 il əvvəl də vətəndaş cəmiyyətinə qarşı repressiyalar zamanı həbs olunub və həmin işlə bağlı Avropa İnsan Haqları Məhkəməsi onun hüquqlarının pozulduğunu tanıyıb.

“Heç bir sübut-dəlil olmadan xarici ölkəyə gedib-gələn adamı qaçaqmalçılıqda ittiham edirlər. Evdə pul varsa, bunu cinayət yolu ilə əldə edilmiş vəsait kimi rəsmiləşdirirlər. Heç bir sübut olmadan bizi mütəşəkkil dəstə kimi təqdim ediblər”, - Məmmədli bildirib.

Hüquq müdafiəçisi ittiham aktındakı yazılanları “absurd” adlandıraraq formal əsasların belə ortaya qoyulmadığını qeyd edib. Onun sözlərinə görə, seçki saxtakarlıqlarını ifşa etdiyinə və insan haqlarını müdafiə etdiyinə görə siyasi sifarişlə həbs olunub.

Məhkəmə prosesi sentyabrın 29-da davam edəcək.

Anar Məmmədli 2024-cü il aprelin 29-da saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Sonradan bir neçə maliyyə cinayəti maddəsi də əlavə edilib.

Bu iş üzrə ictimai fəal Anar Abdullaya da ittiham irəli sürülüb. O, əvvəlcə polisin nəzarətinə verilsə də, iyulun 11-də inzibati qaydada 30 sutka həbs olunub. Abdulla məhkəmədə bildirib ki, Atatürk prospektində avtobusdan düşərkən saxlanılıb və heç bir inzibati xəta törətməyib.

Dövlət ittihamçısı sonradan onun barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini tələb edib və Abdulla məhkəmə zalında həbs edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun