Sentyabrın 13-də Almaniyanın paytaxtı Berlində rəssam və illüstrator Fidan Axundovanın “Barmaqlıqlar arxasındakı qadınlar” (“Women Behind Bars”) adlı sərgisi təqdim olunub.
Ekspozisiyada Azərbaycan və Gürcüstanda həbs olunan qadın jurnalist və ictimai fəalların portretləri nümayiş etdirilib. Onlar avtoritarizmin gücləndiyi Cənubi Qafqazda cəsarətlə danışdıqları üçün təqib olunan və müqavimətin önündə gedən qadınlar kimi təqdim olunublar.
Sərgidə 12 portret yer alsa da, onlardan biri boş saxlanılıb. Fidan Axundova “Abzas Media”ya açıqlamasında bildirib ki, Azərbaycanda hazırda hər kəs sadəcə yazı yazaraq həbs edilmək təhlükəsi ilə üzləşə bilər və bu boş yer simvolik olaraq yeni həbs ediləcək şəxs üçün saxlanılıb.
“11 portretdən ikisi Gürcüstandan, digərləri isə Azərbaycandan olan siyasi məhbuslara aiddir. Bu sərgi onların unudulmadıqlarını göstərmək üçündür”.
Müəllifin sözlərinə görə, son illərdə regionda insan haqları vəziyyəti kəskin pisləşib: müstəqil media sıradan çıxarılıb, vətəndaş azadlıqları məhdudlaşdırılıb, fəallar saxta ittihamlarla həbs olunub. Ədalət və hesabat tələb edən qadınlar isə çox vaxt ən ağır bədəli ödəyərək şəxsi mübarizələrini kollektiv müqavimətin rəmzinə çeviriblər.
Layihə “Free Voices Collective” və “In the Mountains” təşkilatlarının əməkdaşlığı ilə ərsəyə gəlib. Məqsəd bu qadınların hekayələrini görünən etmək, onları təkcə məhbus kimi deyil, həm də həqiqətin şahidi və dəyişimin daşıyıcıları kimi təqdim etməkdir.
Sərginin açılışı zamanı Cənubi Qafqazda mövcud siyasi vəziyyət də müzakirə olunub. Tədbir həm düşünmək, həm də həmrəylik nümayiş etdirmək üçün bir fürsət kimi qiymətləndirilib.