Jurnalist Aytac Tapdığa məhkəmədə zorakılıq edildiyi bildirilir

Jurnalist Aytac Tapdığa məhkəmədə zorakılıq edildiyi bildirilir
27 Sentyabr 2025
Mətni dəyiş

Sentyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində “Meydan TV işi” üzrə həbsdə olan jurnalist Aytac Əhmədovanın (Tapdıq) nikaha daxil olması ilə bağlı apellyasiya şikayətinə baxılıb.

Heyvan haqları fəalı Kamran Məmmədli “Facebook” hesabında yazıb ki, jurnalisti məhkəməyə gətirən konvoy əməkdaşı Cəmil Hüseynov Əhmədovaya qarşı kobud rəftar edib:

“Konvoy rəisi Cəmil Hüseynov dəhliz boyunca Aytacı itələyib, Aytac da xəsarət almamaq üçün çantası ilə onunla özü arasında baryer yaratmağa çalışıb. Daha sonra Cəmil Hüseynov Aytacı saxlanma məntəqəsinə itələyərək aparıb və məntəqəyə çatandan onu sürətli formada kişi məhbusların oturduğu otağın ortasına itələyib”.

Məmmədli bildirib ki, məhkəmə prosesində onlar hakim Əli Məmmədova yazılı etiraz təqdim ediblər. Etiraza səbəb əvvəlki iclasda Aytac Tapdıq və Kamran Məmmədliyə qarşı təxribat törədilməsi olub. Onun sözlərinə görə, əvvəlki prosesdə jurnalist məhkəmə zalına sanki cinayətkar kimi gətirilib, şüşəli kabinədə saxlanılıb. Hakim Aytac Tapdığın “jurnalistəm” ifadəsindən sonra çıxışını kəsib və nikaha daxil olmaq istədiyi Kamran Məmmədli ilə ünsiyyət qurmasına imkan verməyib.

Etirazdan sonra hakimlər müşavirəyə gedərək vəsatətin baxılmamış saxlanılması barədə qərar qəbul ediblər. Apellyasiya şikayəti isə qismən təmin olunub, iş yenidən baxılması üçün Xətai Rayon Məhkəməsinə qaytarılıb.

Aytac Tapdıq 2024-cü il dekabrın 6-da “Meydan TV işi” çərçivəsində saxlanılıb. Bu iş üzrə ümumilikdə 12 nəfərə qarşı cinayət işi açılıb. Əvvəlcə onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qrup halında) maddəsi ilə ittiham irəli sürülüb. 2025-ci il avqustun 28-də ittihamlar ağırlaşdırılıb və hazırda onlar bir neçə ağır maddə, o cümlədən qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırma və çirkli pulların yuyulması ittihamları ilə mühakimə olunurlar.

Jurnalistlər bütün ittihamları rədd edir, hədəfə alınmalarını siyasi sifariş və peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun