Polad Aslanov 23 gün davam edən aclıq aksiyasını dayandırıb

Polad Aslanov 23 gün davam edən aclıq aksiyasını dayandırıb Polad Aslanovun xanımı
23 Sentyabr 2025
Mətni dəyiş

“Xebermen” saytının rəhbəri, jurnalist Polad Aslanov 23 gün davam edən aclıq aksiyasını dayandırıb. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

Aslanovanın sözlərinə görə, buna səbəb Penitensiar Xidmət rəhbərliyi ilə görüşdən sonra tələblərinin yerinə yetiriləcəyinə dair vədlərin verilməsi olub.

Polad Aslanov aclıq aksiyasını Penitensiar Xidmət rəis müavini Fikrət Qafarovla görüşdən sonra dayandırıb. Gülmirə Aslanova bildirib ki, həyat yoldaşına tibbi müayinələrin aparılacağı, ailəsi ilə görüş imkanı veriləcəyi və telefon zənglərinə qoyulan qadağanın götürüləcəyi vəd olunub.

Gülmirə Aslanova bundan əvvəl bildirmişdi ki, Ombudsman Aparatı, Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə dəfələrlə müraciət etsə də, heç bir nəticə əldə etməyib.

Aslanovanın sözlərinə görə, Polad Aslanov aclıq aksiyasına başlaması ilə bağlı həbsxana rəhbərliyini məlumatlandırsa da, onu digər məhbuslardan ayırmayıblar və tibbi nəzarətdə saxlamayıblar. 

Aclıq aksiyası dövründə Polad Aslanov qulaqlarında küy, ağciyərlərində xırıltı və gecələr boğulma səbəbindən yata bilməməsindən şikayətlənib.

Gülmirə Aslanovanın sözlərinə görə, 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinin rəisi Ramiq Nəsibov sentyabrın 10-da Polad Aslanovu yanına çağıraraq, aclığı dayandırarsa, vəziyyətinin yaxşılaşdırılacağını deyib.
 
“Polad isə bildirib ki, yalnız müayinə sənədi təqdim olunarsa, ailəsi ilə görüşə və telefon zənglərinə qoyulan qadağa aradan qaldırılarsa, saxlanılma şəraiti yaxşılaşdırılarsa, normal mətbəx və soyuducu ilə təmin edilərsə, aclığı dayandıracaq”, – xanımı əlavə edib.
 
Gülmirə Aslanova son iki ayda görüşlərdə də süni maneələr yaradıldığını deyib:
 
“Hər dəfə 2 saat gözlədirlər, psixoloji təzyiq göstərirlər. Mən dəfələrlə Penitensiar Xidmətə zəng etmişəm, amma nəticə olmayıb”.
 
Polad Aslanov avqustun 29-dan aclıq aksiyasına başlayıb. O, buna səbəb kimi saxlandığı müəssisənin tibbi məntəqəsinin mətbəx və soyuducusundan istifadəyə qoyulan qadağanı göstərib.
 
“Xebermen” portalının rəhbəri Polad Aslanov 2019-cu ilin noyabrında dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etmir və həbsinin jurnalist fəaliyyətinə görə olduğunu bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun