Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi Azərbaycanda “Abzas Media” jurnalistlərinin həbsləri ilə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, dünyadan minlərlə tamaşaçının izlədiyi “Formula 1” yarışları Bakıda keçirildiyi vaxt, “Abzas Media”nın əməkdaşları hələ də həbsdə saxlanılır. Onlara qarşı siyasi motivli ittihamlarla ümumilikdə 59 il 6 ay azadlıqdan məhrumetmə cəzası verildiyi vurğulanır.
Mərkəz xatırladıb ki, yarışdan cəmi iki həftə əvvəl Bakı Apellyasiya Məhkəməsi “Abzas Media işi” üzrə yekun qərarını açıqlayıb və jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Hafiz Babalı, Elnarə Qasımova, Nərgiz Absalamova, eləcə də “Azadlıq Radiosu” əməkdaşı Fərid Mehralızadənin həbslərini qüvvədə saxlayıb.
Məhkəmənin hökmünə əsasən, Həsənli, Vaqifqızı, Babalı və Mehralızadə 9 il, Qasımova və Absalamova 8 il, Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar qaçaqmalçılıq və maliyyə cinayətlərində ittiham olunublar. Hüquq müdafiəçiləri isə ittihamları əsassız sayır və həbsləri jurnalist fəaliyyəti ilə əlaqələndirirlər.
“İdman tədbirləri Azərbaycanın özünü dünyada tanıtmaq üçün mühüm vasitəyə çevrilib. Amma “Formula 1”in qalibləri alqışlandığı vaxt, unudulmamalıdır ki, rejim eyni zamanda müstəqil medianın səsini həbsxana divarları arxasında boğur”, - Praqa Vətəndaş Cəmiyyəti Mərkəzinin bəyanatında bildirilir.
2023-cü ilin noyabrından “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Hafiz Babalı, Elnarə Qasımova, Nərgiz Absalamova, eləcə də “Azadlıq Radiosu” əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs olunub. Onlar qaçaqmalçılıq və maliyyə cinayətlərində ittiham ediliblər.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsənli, Vaqifqızı, Babalı və Mehralızadə 9 il, Qasımova və Absalamova 8 il, Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Hüquq müdafiəçiləri ittihamları əsassız sayır və onların həbsini jurnalist fəaliyyətilə əlaqələndirirlər.