Taliban hökuməti Əfqanıstanda universitetlərdə qadın müəlliflərin kitablarının tədrisini qadağan edib. “BBC” xəbər verir ki, qadağaya həmçinin insan hüquqları və cinsi zorakılıqla bağlı fənlər də daxil edilib.
Payız semestri ərəfəsində Talibanın Ali Təhsil Nazirliyi ölkənin dövlət və özəl universitetlərinə yeni göstəriş göndərib. Nazir müavini Ziaur Rahman Aryoubinin imzaladığı sənədə əsasən, xüsusi komissiyanın yoxlamasından sonra 679 dərs vəsaiti “ideoloji, mədəni, dini və elmi baxımdan şəriət prinsiplərinə zidd” sayılaraq dərhal istifadədən çıxarılıb.
Avqustun 28-dən qüvvəyə minən qərar universitetlərdə həmin kitabların tədrisini, onlara istinad edilməsini və istifadəsini qadağan edir. Nazirlik universitetlərdən həmin vəsaitlərin əvəzində “İslamla ziddiyyət təşkil etməyən” dərsliklər tapmağı tələb edib.
Bununla yanaşı, Taliban rəhbərliyi 18 fənnin dərs proqramından çıxarılmasını tapşırıb. Daha 201 fənn isə “problematik” elan olunub və hazırda araşdırılır. Qadağan olunan fənlər arasında “Afqanıstan Konstitusiya Hüququ”, “İslam siyasi hərəkatları”, “Yaxşı idarəçilik”, “Seçki sistemləri”, “İnsan hüquqları və demokratiya”, “Qloballaşma və inkişaf”, “Dinlər tarixi”, “Cinsi təcavüz”, “Kütləvi kommunikasiyada qadının rolu”, eləcə də fəlsəfə və qadın araşdırmaları ilə bağlı mövzular var.
Bu fənlərin bir çoxu hüquq və siyasi elmlər fakültələrində tələbələr üçün məcburi idi. Amma nazirlik onları “İslam Əmirliyinin strategiyasına və şəriət prinsiplərinə zidd” hesab edib.
Məlumata görə, “problematik” kitablar arasında qadınların yazdığı təxminən 140 dərs vəsaiti var.
Kabildəki mənbələr bildiriblər ki, bu miqyasda kitabların qadağan olunması ali məktəblərin fəaliyyətini iflic edəcək. Çünki əksər dərs vəsaitlərinin alternativi mövcud deyil.
“Bu qərar ali təhsilə ciddi zərbə vuracaq. 679 kitabın çoxu əsas dərslikdir. Onların yerini yalnız Taliban öz kitabları ilə doldura bilər”, - Bir özəl universitetin adının açıqlanmasını istəməyən müəllimi “Independent Persian”a deyib.
Qadağalar təkcə universitetlərlə məhdudlaşmır. Talibanın Mədəniyyət və İnformasiya Nazirliyi artıq Kabildə və Heratda kitabxana və mağazalardan qadın hüquqları, demokratiya, din, tarix, fəlsəfə və incəsənət mövzularında yüzlərlə kitab müsadirə edib.
Bundan əlavə, bütün fakültələrdə dini dərslərin sayı artırılıb, onlarla ruhaninin müəllim və tələbələrə şəriət prinsiplərini tədris etməsi təmin olunub. Nazirlik yanında yaradılan 14 nəfərlik xüsusi komitə isə hər iki həftədən bir toplanaraq yeni və idxal olunan kitabları nəzərdən keçirir. İslam dəyərlərinə, Əfqan mədəniyyətinə və “İslam Əmirliyinin strategiyasına zidd” sayılan əsərlər dərhal qadağan edilir.
Müşahidəçilərin fikrincə, Talibanın bu siyasəti təkcə ali təhsili “talibanlaşdırmır”, həm də ölkənin bütün nəşriyyat və çap sektorunu boğur.
Son vaxtlar Taliban rəhbərliyi başqa məhdudiyyətlər də tətbiq edib. Yaxın günlərdə ali dini liderin göstərişi ilə ən azı 10 əyalətdə optik internet xətləri bağlanıb. Bu addım “əxlaqsızlığın qarşısını almaq” məqsədilə əsaslandırılıb.
Ən çox zərbə isə qadınlara və qızlara dəyib. Onlara altıncı sinifdən sonra təhsil almaq qadağan edilib. 2024-cü ilin sonunda qadınların oxuya bildiyi son ixtisaslardan biri – mamaçalıq kursları da bağlanıb.
Taliban 2021-ci ilin avqustunda ABŞ-nin dəstəklədiyi İslam Respublikasını devirdikdən sonra yenidən hakimiyyətə qayıdıb. Ardınca ABŞ və NATO qüvvələri Əfqanıstandan tamamilə çıxarılıb.