“Toplum TV işi” üzrə həbsdə olan III Respublika Platformasının spikeri Akif Qurbanov məhkəmədə təqdim edildiyi deyilən maliyyə sübutlarının saxtalaşdırıldığını bildirir.
Akif Qurbanovun adından “Facebook”da paylaşılan müraciətdə o, gəlirlərini təsdiqlədiyini bildirdiyi üç sənədi ictimaiyyətə açıqlayıb və həmin sənədləri məhkəməyə də təqdim edəcəyini yazıb.
Paylaşımda qeyd olunub ki, istintaq tərəfi iş üzrə 9 nəfərin adına “toplam 1.038.618 manat”lıq məbləğ göstərib. Qurbanov isə özünün və həyat yoldaşının maaş arayışları, həmçinin sahibkarlıq fəaliyyəti üzrə bank çıxarışları ilə 2024-cü ilin martınadək gəlirinin “729.026 dollar” və “1.239.344 manat” olduğunu qeyd edib və bunu ittiham tərəfinin təqdimatına qarşı sübut kimi təqdim edib.
Akif Qurbanovun müraciətini olduğu kimi təqdim edirik.
“Cəmiyyətin həqiqəti bir daha bilməsi naminə hesabatlılıq və şəffaflıqdan qaçmayan, ictimai-siyasi məsuliyyəti olan şəxs kimi deyilənlərin qondarma olduğunu təqdim etdiyim bu sübutla ortaya qoyuram. Hakimiyyətin 9 nəfər üçün saxtalaşdıraraq toplam olaraq təqdim etdiyi 1.038.618 manatdır. Onları ifşa edən qanuni gəlir əldə etdiyimi sübut edən 3 sənədi cəmiyyətə təqdim edirəm.
“Kvazi” olsa da, məhkəməyə də təqdim edəcəyəm. Bu 3 sənəd mənim və həyat yoldaşımın əldə etdiyi əmək haqqı barədə arayışlar və sahibkar kimi 3 valyuta (azn, euro, usd) ilə əldə etdiyim vəsaitin əks olunduğu bank hesabatlarının çıxarışlarıdır. Bu 3 sənəd sübut edir ki, 2024-cü il mart ayına qədər gəlirim 729.026 usd, milli valyuta ilə 1.239.344 azn təşkil etmişdir.
Yəni, hakimiyyətin 9 nəfərimiz adına göstərdiyindən də düz 200.726 azn artıqdır. Hələ mən digər dostların rəsmi gəlirlərini bura əlavə etmədim. Beləliklə, bu qədər gücü, zorakı aparatı hər cür özbaşınalıqdan yayınmayan “Tək adam” rejiminin 3 güc orqanının, onun nəzarətində olan propaqanda maşınının, yalanlarının təqdim etdiyi sübutu təkcə mənim bu 3 sənədim darmadağın edir. Millətimizə xatırladıram ki, respublikaçı olan bizimlə “Tək adam” rejimi quran Əliyev hakimiyyətinin fərqi də budur.
Buyursun, 30 ildən artıqdır hakimiyyəti zəbt edən və əldən verməyi düşünmək belə istəməyən, uduzmaqdan qorxduğu üçün demokratik seçki keçirməyən, nöqsansız olduğunu düşünən mütləqiyyət rejiminin sahibi də, onun vəzifəyə təyin etdiyi şəxslər, o cümlədən bizim işdə adı keçən hüquq mühafizə orqanları və məhkəmə hakimiyyətinin təmsilçiləri də öz gəlirlərini açıqlasın. Kimin kim olduğu bir daha xalqa da aydın olsun. İlham Əliyevə və onun rejiminə hodri meydan deyirəm”.
Akif Qurbanov ötən ilin martında “Toplum TV işi” çərçivəsində həbs edilib. Bu iş üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. İş üzrə adı çəkilənlər arasında III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev də var. Jurnalist Elmir Abbasov isə polis nəzarətinə buraxılıb.
İttihamlar əvvəlcə qaçaqmalçılıq maddəsi ilə irəli sürülsə də, sonradan daha ağır ittihamlarla əvəzlənib. Təqsirləndirilən şəxslər ittihamları rədd edir, həbslərinin siyasi sifariş olduğunu bildirirlər.

Foto: Fərqanə Novruzova