Avropa Məhkəməsi jurnalist Xədicə İsmayılın işi üzrə Azərbaycanı 16 min avro cərimələyib

Avropa Məhkəməsi jurnalist Xədicə İsmayılın işi üzrə Azərbaycanı 16 min avro cərimələyib
27 Yanvar 2026
Mətni dəyiş

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) araşdırmaçı jurnalist Xədicə İsmayılın Azərbaycanla bağlı şikayəti üzrə qərar qəbul edib. Qərar yanvarın 27-də yazılı şəkildə elan olunub. Məhkəmə işi iki ərizə üzrə birləşdirərək araşdırıb.

Qərarda bildirilir ki, Xədicə İsmayıl yerli məhkəmələrdəki cinayət işinin ədalətsiz aparıldığını, həmçinin “qanunsuz sahibkarlıq” ittihamı ilə məhkum edilməsinin daxili qanunvericilikdə bu hərəkətlərin cinayət tərkibi kimi nəzərdə tutulmaması səbəbilə qanunsuz olduğunu iddia edib. O, eyni zamanda təqib və məhkumluğun ifadə azadlığını məhdudlaşdırdığını və bu məhdudiyyətin Konvensiyada göstərilən legitim məqsədlərdən kənar tətbiq edildiyini bildirib.

AİHM qeyd edir ki, ərizəçi tənqidi araşdırmaları ilə tanınan jurnalistdir və korrupsiya iddiaları ilə bağlı materiallar hazırlayıb. Yerli istintaq çərçivəsində ona əvvəlcə intihara təhrik maddəsi ilə ittiham irəli sürülüb, daha sonra əlavə olaraq mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri də tətbiq olunub.

2015-ci ildə birinci instansiya məhkəməsi onu intihara təhrik ittihamından bəraət verib, lakin digər maddələr üzrə təqsirli sayıb. Daha sonrakı mərhələlərdə Ali Məhkəmə bəzi hissələri ləğv edib, yekunda isə işin əsas hissəsi “akkreditasiyasız jurnalist fəaliyyəti” və “vergidən yayınma” müstəvisində saxlanılıb, cəza azaldılıb və şərti tətbiq olunub. Qərarda qeyd olunur ki, azadlığa buraxılma şərtləri faktiki olaraq səyahət qadağasına səbəb yaradıb.

AİHM vurğulayır ki, cinayət qanunu aydın, əlçatan və proqnozlaşdırıla bilən olmalıdır və məhkəmələr cinayət tərkibini təqsirləndirilənin ziyanına geniş və gözlənilməz şəkildə şərh etməməlidir.

AİHM-in qənaətinə görə, Xədicə İsmayılın “xarici media nümayəndəsi” kimi XİN akkreditasiyası olmadan fəaliyyətini “qanunsuz sahibkarlıq” kimi qiymətləndirmək yerli qanunvericilikdə yetərincə aydın hüquqi əsas tapmırdı. Məhkəmə xüsusilə qeyd edib ki, ərizəçi həmin dövrdə “Azadlıq Radiosu”nun ştat işçisi yox, frilans jurnalist olduğunu deyirdi və yerli məhkəmələr bu arqumenti müvafiq şəkildə cavablandırmayıb. “Media haqqında” qanunda akkreditasiya daha çox əlavə imkanlara çıxış verən prosedur kimi təqdim olunur və akkreditasiyanın olmamasına görə məsuliyyətin açıq şəkildə nəzərdə tutulmaması fonunda, bu halın cinayət məsuliyyətinə çevrilməsi proqnozlaşdırılan deyildi.

Nəticədə AİHM Konvensiyanın 7-ci maddəsinin pozuntusunu tanıyıb. AİHM həm “qanunsuz sahibkarlıq”, həm də “vergidən yayınma” epizodları üzrə yerli məhkəmələrin qərarlarında əsaslandırmanın zəif olduğunu, müdafiənin mühüm arqumentlərinə ya ümumiyyətlə toxunulmadığını, ya da stereotip və ümumi ifadələrlə rədd edildiyini qeyd edib. Məhkəmənin qənaətinə görə, bu cür “arbitrar” yanaşma prosesin ədalətliliyini elə dərəcədə zədələyib ki, digər prosessual təminatların ayrıca müzakirəsi də zərurətini itirib.

AİHM 6-cı maddənin (1-ci bənd) də pozulduğunu diqqətə çatdırıb. AİHM bildirib ki, ittihamlardan ən azı biri jurnalistin peşə fəaliyyətinin icrasına birbaşa bağlıdır və buna görə bu işdə ifadə azadlığına müdaxilə elementləri mövcuddur. Məhkəmə hadisələrin ardıcıllığını və əvvəlki AİHM qərarlarında qeyd olunan konteksti nəzərə alaraq belə nəticəyə gəlib ki, cinayət təqibi və yekun məhkumluq ifadə azadlığına müdaxilə təşkil edib və bu müdaxilə qanunla nəzərdə tutulmuş sayılmır, legitim məqsədlərə xidmət etdiyi inandırıcı şəkildə əsaslandırılmır, demokratik cəmiyyətdə zəruri kimi göstərilmir.

Bundan əlavə, məhkəmə bu müdaxilənin Konvensiyada nəzərdə tutulmayan başqa məqsədlə - jurnalistin fəaliyyətini susdurmaq-cəzalandırmaq niyyəti ilə tətbiq edildiyi qənaətinə gəlib.

Nəticə: AİHM 10-cu maddənin və 18-ci maddənin (10-cu maddə ilə birlikdə) pozuntusunu tanıyıb.

Məhkəmə Azərbaycanın Xədicə İsmayıla mənəvi zərərə görə 12 min avro, məhkəmə xərcləri üçün isə 4000 avro ödəməsinə qərar verib. Ödənişlər qərar qüvvəyə mindikdən sonra 3 ay ərzində edilməlidir. Gecikmə olarsa, Avropa Mərkəzi Bankının marjinal kredit dərəcəsi üzərinə 3 faiz bəndi əlavə olunmaqla faiz tətbiq edilir.

Jurnalist Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamları ilə həbs olunaraq 7 il yarım azadlıqdan məhrum edilmişdi. Ali Məhkəmə 2016-cı il mayın 25-də bu qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb. Sonradan bu müddət 2 il 3 aya salınıb.

Xədicə İsmayıl ittihamları qəbul etmirdi və araşdırma yazılarına görə əsassız həbs edildiyini bildirirdi.
 
Avropa İnsan Hüquqları Məhkəməsi bundan əvvəl də Xədicə İsmayılla bağlı bir neçə qərar qəbul edib. 
 
2013-cü ildə aksiyalardan birində iştirakına görə jurnalist cərimələnən Xədicə İsmayıl barəsində həmin cəriməni ödəməkdən etdiyinə görə 220 saat icbari əməyə cəlb olunması haqqında qərar verilib.

Jurnalist bundan AİHM-ə şikayət verib. 2017-ci ildə AİHM Konvensiyanın 5, (Azadlıq və toxunulmazlıq), 6 ( Ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (Yığıncaqlar və birləşmək azadlığı) maddələrin pozulmasını tanıyıb, Xədicə İsmayıla 7 min məbləğində kompensasiya təyin edib.

2019-cu ilin yanvarında AİHM araşdırmaçı jurnalist X.İsmayılın Azərbaycan hökumətindən şikayəti ilə bağlı ikinci qərarını elan edib. Bu iş jurnalistin videogörüntülərinin yayılması nəticəsində Cinayət Məcəlləsinin 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) maddəsi ilə açılmış cinayət işi üzrə icraatın effektiv araşdırılmamasından verilən şikayətlə bağlıdır. Avropa Məhkəməsi Konvensiyanın 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrinin pozuntusunu tanıyıb.

2020-ci il fevralın 27-də AİHM Xədicə İsmayılla bağlı növbəti qərarını açıqlamışdı. Məhkəməyə şikayət onun tutulması, ardınca vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunması və 7 il yarım azadlıqdan məhrum edilməsi ilə bağlı olub. Məhkəmə Xədicə İsmayılın azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı və hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri üzrə hüquqlarının pozuntusunu tanıyıb.

Elə həmin il, mayın 7-də AİHM Xədicə İsmayılın işi üzrə növbəti qərarını elan edib. Bu iş Xədicə İsmayılın ləyaqətinə qarşı Azərbaycandakı nəşrlərlə bağlı olub.

Jurnalist 2014-cü ildə AİHM-in şəxsi həyatın toxunulmazlığı (8-ci maddə) və ədalətli məhkəmə araşdırması hüququnun (6-cı maddə) pozulması ilə bağlı şikayət verib. Məhkəmə jurnalistin şikayətini təmin edib və Azərbaycan hökumətinin üzərinə ona mənəvi ziyana görə 4500 avro, vəkil xərclərinə görə isə 1500 avro təzminat ödəmək öhdəliyi qoyub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun