“Axios”: “Əbu-Dabi danışıqlarından sonra tərəflər Putin-Zelenski görüşünə çox yaxınlaşıb”

“Axios”: “Əbu-Dabi danışıqlarından sonra tərəflər Putin-Zelenski görüşünə çox yaxınlaşıb”
26 Yanvar 2026
Mətni dəyiş

Yanvarın 23–24-də Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətlərinin apardığı üçtərəfli danışıqlardan sonra tərəflər Rusiya və Ukrayna liderlərinin mümkün görüşünə “çox yaxın”dır. Bu barədə “Axios” nəşri yazıb. Nəşr bunu adını açıqlamadığı amerikalı rəsmiyə və danışıqlarla tanış mənbələrə istinadən qeyd edib.

“Axios” bildirib ki, müharibənin dayandırılması üzrə növbəti üçtərəfli danışıqlar raundu fevralın 1-də yenə Əbu-Dabidə keçirilə bilər. Digər media qurumları da 23–24 yanvar görüşlərindən sonra yeni raundla bağlı razılaşmanın müzakirə edildiyini yazır.

Nəşrin sitat gətirdiyi ABŞ rəsmiləri Əbu-Dabidəki təmasları “növbəti mərhələyə keçid” kimi qiymətləndirib. “Axios”a danışan mənbələrdən biri iddia edib ki, tərəflər Putin–Zelenski görüşü ehtimalını da müzakirə edib və bu istiqamətdə “çox yaxındırlar”. Belə bir görüş üçün şərt kimi isə növbəti raundun uğurlu keçməsi göstərilir.

Məlumata görə, Rusiya danışıqlara “ciddi” tərkibli nümayəndə heyəti göndərib. Ukrayna tərəfinin də yüksək səviyyədə təmsil olunduğu, ABŞ heyətində isə Avropadakı ABŞ qüvvələrinin komandanı general Aleksus Qrinkeviçin yer aldığı qeyd olunur.

Danışıqlar qapalı formatda keçdiyindən rəsmi yekun sənəd və ya detallı açıqlama verilməyib. Bununla belə, müxtəlif mənbələrə görə, ən çətin mövzulardan biri ərazi məsələsi olub. Rusiya tərəfinin Ukrayna qoşunlarının Donbas istiqamətində geri çəkilməsi tələbində israr etdiyi, Ukraynanın isə bunu qəbul etmədiyi bildirilir. “Reuters” də danışıqların “tikanlı” ərazi mübahisələri fonunda getdiyini yazıb.

Eyni zamanda, mənbələr tərəflərin atəşkəsdən sonrakı mexanizmlər üzrə daha ciddi müzakirələr apardığını bildirir. Qoşunların aralanması, atəşkəsin monitorinqi, “sükut rejimi”nə nəzarət və koordinasiya mərkəzinin yaradılması kimi mövzuların gündəmdə olduğu qeyd olunur.

“AP” və “Reuters”in yazdığına görə, danışıqlarda Zaporojye Atom Elektrik Stansiyası məsələsi də müzakirə mövzusu olub, lakin hələlik yekun razılaşma açıqlanmayıb.
“Reuters” və digər mənbələr həmçinin qeyd edib ki, Əbu-Dabidə üçtərəfli formatla yanaşı, Rusiya və Ukrayna nümayəndələri arasında ayrıca ikitərəfli görüş də baş tutub.

Ukrayna Prezidenti Volodimir Zelenski danışıqların mümkün parametrlərinin müzakirə edildiyini bildirərək görüşləri “konstruktiv” adlandırıb. O, tərəflərin hər bir bənd üzrə paytaxtlarına məruzə etməyə və növbəti addımları liderlərlə razılaşdırmağa razılaşdığını da qeyd edib. ABŞ tərəfi isə danışıqların davam edəcəyini və prosesin “uğura yaxın” olduğunu vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun