Yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru, siyasətçi Azər Qasımlıya qarşı açılmış cinayət işi üzrə məhkəmə prosesi davam edib.
“Azadlıq Radiosu”nun məlumatına görə, hakim Telman Hüseynovun sədrlik etdiyi iclasda Azər Qasımlı iş üzrə zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifovun ifadələrində ziddiyyətlər olduğunu bildirib. Onun sözlərinə görə, zərərçəkmişin əvvəlki iclasda əmlakının olmadığını deməsinə baxmayaraq, rəsmi sənədlər Qurbanəli Yusifovun adına torpaq sahəsinin olduğunu göstərir.
Qasımlı məhkəməyə təqdim etdiyi sənədlərdə Yusifovun həmin torpağı məhkəmə çəkişməsi ərəfəsində anasına bağışladığının qeyd olunduğunu deyib. Siyasətçi bildirib ki, sənədləri təqdim etməkdə məqsədi əmlak iddiası irəli sürmək deyil: “Məqsədim bu adamın hər şeyi yalan danışdığını bir daha sübut etməkdir”, – o vurğulayıb.
Qurbanəli Yusifov isə hakimlərin suallarını cavablandırarkən adında əmlak olmadığını, yalnız torpaqdan ona pay düşdüyünü bildirib.
İclasda Qasımlının müdafiəçiləri də bir neçə vəsatət qaldırıb. Vəkil Aqil Layıc siyasətçinin həbsindən əvvəl Azər Qasımlı ilə Qurbanəli Yusifov arasında borc məsələsi ilə bağlı Mingəçevir şəhər Məhkəməsində keçirilmiş prosesin videogörüntülərinin bu iş üzrə sübut kimi təqdim olunmasını istəyib. Vəkil həmin görüntülərin Yusifov ailəsinin əvvəlki ifadələri ilə indiki iddialar arasında uyğunsuzluğu üzə çıxara biləcəyini deyib.
Məhkəmə vəsatəti təmin etməyib. Hakimlər kollegiyası hazırda tədqiq olunan sübutların kifayət etdiyini və videogörüntülərə ehtiyac olmadığını əsas gətirib.
Digər vəkil Rövşanə Rəhimova iki nəfərin əlavə şahid qismində məhkəməyə çağırılmasını xahiş edib. Müdafiə tərəfi zərərçəkmişin keçmiş həyat yoldaşı Fərəhbanu Yusifovanın dindirilməsini vacib sayıb. Vəkilin sözlərinə görə, Qurbanəli Yusifov Azər Qasımlının təhdid və zənglərinin ailəsinə təsir etdiyini iddia etdiyinə görə, bu barədə məlumatı ola biləcək əsas şəxslərdən biri məhz keçmiş həyat yoldaşıdır.
Zərərçəkmiş vəsatətə etiraz edərək bildirib ki, keçmiş həyat yoldaşı ilə münasibətləri yaxşı deyil və onun məhkəməyə gəlib ifadə verməsini istəmir. Buna baxmayaraq, məhkəmə Fərəhbanu Yusifovanın dindirilməsinə razılıq verib.
Müdafiənin əlavə şahid kimi çağırılmasını istədiyi digər şəxs - Qurbanəli Yusifovla hərbi xidmətdə olmuş Tehran Salmanovla bağlı da məhkəmədə tərəflər arasında yazışmalar açıqlanıb. Yazışmalarda “Hüquqi yola o, birinci əl atdı. Ona görə mən də belə elədim” ifadəsi yer alıb. Azər Qasımlı bu cümlənin borc məsələsini təhdid yolu ilə deyil, hüquqi qaydada həll etməyə çalışdığını göstərdiyini bildirib.
Məhkəmə Tehran Salmanovun da əlavə şahid kimi çağırılıb dindirilməsinə qərar verib. Hər iki şahidin yanvarın 21-də keçiriləcək növbəti iclasda dindirilməsi nəzərdə tutulur.
Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182.2.3-cü (zor tətbiqi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Qasımlı ittihamı siyasi sifariş kimi qiymətləndirir.
Foto: Amerikanın Səsi