Ermənistan prezidenti: “Gün gələcək, Ermənistan və ya Azərbaycan vətəndaşları sərhədi keçib ticarət edəcək”

Ermənistan prezidenti: “Gün gələcək, Ermənistan və ya Azərbaycan vətəndaşları sərhədi keçib ticarət edəcək”
21 Yanvar 2026
Mətni dəyiş

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib ki, gələcəkdə Ermənistan və Azərbaycan vətəndaşlarının sərhədi keçməsi, ticarət aparması və iki ölkənin imkanlarından faydalanması adi, müntəzəm prosesə çevrilə bilər.

Xaçaturyan “Avrasiya iqtisadi kimliyinin müəyyən edilməsi” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib ki, sülhün gələcəyi iki ölkənin iradəsindən, xüsusilə də liderlərin mövqeyindən asılıdır. Onun sözlərinə görə, liderlər artıq sülh naminə addımların mümkün olduğunu nümayiş etdiriblər və Azərbaycan prezidenti İlham Əliyevin də vurğuladığı kimi, bu məsələdə “siyasi cəsarət və iradə” əsas amildir. Panel müzakirəsində İlham Əliyev də iştirak edib.

Ermənistan prezidenti qeyd edib ki, 30 ildən çoxdur görünməyən proseslər indi reallığa çevrilir: 

“İki il əvvəl, hətta bir il əvvəl belə qısa müddətdə bunun mümkün olacağı inanılmaz görünürdü. İndi Ermənistanın Azərbaycan vasitəsilə, Gürcüstan ərazisindən birbaşa mal almaq imkanı var”.

Xaçaturyan əlavə edib ki, gələcəkdə yüklərin daha birbaşa marşrutlarla daşınması da mümkündür: “Əminəm ki, elə bir gün də gələcək ki, bu malları sadəcə öz ərazilərimizdən - Azərbaycan-Ermənistan, Naxçıvan-Ermənistan marşrutu ilə alacağıq”.

O bildirib ki, tərəflər keçmişə qayıdıb baş verənlərin səbəblərini axtarmaqdansa, indiki fürsətlərə fokuslanmalıdır: 

“Bizdə aydın razılaşmalar, aydın prinsiplər var. Bu, o deməkdir ki, hər iki ölkənin ərazi bütövlüyünə, suverenliyinə və yurisdiksiyasına hörmət edirik və bu prinsipləri rəhbər tutacağıq. Sərhədləri açacağıq”.

Xaçaturyanın sözlərinə görə, müəyyən müddətdən sonra yalnız yüksək səviyyəli siyasi görüşlər deyil, həm də sərhədi keçidlərin, ticarətin və qarşılıqlı əlaqələrin gündəlik praktikaya çevrilməsi mümkündür.

Ermənistan prezidenti vurğulayıb ki, bu əməkdaşlıqdan bütövlükdə region - Cənubi Qafqaz, eləcə də daha geniş mənada dünya qazanacaq: 

“Avropa ilə Asiyanın əlaqələndirilməsi üçün apardığımız müzakirələr göstərir ki, bunu etməyin ən yaxşı yolu Cənubi Qafqazdan keçir. Bu proses həm də ona görə uğurlu olacaq ki, burada siyasi amillərlə yanaşı iqtisadi maraq da var. Bu, əldə etdiyimiz razılaşmanı gücləndirəcək”.

Xaçaturyan çıxışında ABŞ prezidenti Donald Trampın rolunu da qeyd edib və bildirib ki, o, “belə bir məsuliyyəti üzərinə götürə bilib” və “8 avqustda iki ölkənin lideri ilə tarixi sənəd” imzalayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun