Ermənistanın Xarici Kəşfiyyat Xidməti 2026-cı ildə Ermənistan–Azərbaycan xəttində müxtəlif miqyaslı hərbi eskalasiyanın baş verməsini “demək olar ki, inanılmaz” hesab edir və sülhün institusionallaşması ehtimalının artdığını bildirir.
Bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin ölkə üçün xarici risklərə dair hazırladığı hesabatda qeyd olunur.
Hesabatda bildirilir ki, 2025-ci il ərzində yüksək səviyyəli ikitərəfli danışıqların intensiv davam etməsi, həmçinin ABŞ prezidenti Donald Trampın fəal iştirakı ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan Vaşinqton Bəyannaməsi və “Sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” nəticəsində hərbi eskalasiya riski əhəmiyyətli dərəcədə azalıb, sülh yolu ilə tənzimlənmə ehtimalı isə yüksəlib.
“Qeyd olunan və əlaqəli proseslərin və məlumatların hərtərəfli təhlili nəticəsində biz hesab edirik ki, 2026-cı ildə Ermənistan və Azərbaycan arasında hərbi-siyasi niyyətlərlə şərtlənən müxtəlif miqyaslı hərbi eskalasiya baş verməsi demək olar ki, inanılmazdır. Biz həmçinin hərbi-siyasi niyyətlərlə şərtlənməyən lokal hərəkətləri və ya insidentləri də az ehtimallı sayırıq”, - hesabatda deyilir.
Xidmətin qiymətləndirməsinə görə, 2026-cı ildə ən real ssenari Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası, ikitərəfli ticarət-iqtisadi təşəbbüslər, cəmiyyətlərarası dialoq, eləcə də humanitar və digər məsələlər üzrə yeni irəliləyişlərin qeydə alınmasıdır.
Hesabatda regional infrastrukturun açılması halında da irəliləyişin böyük ehtimalla davam edəcəyi, Ermənistanın qonşu ölkələrlə ikitərəfli bağlılığın inkişafına yönələn təşəbbüslərinin daha geniş regional iqtisadi layihələrin icrasını stimullaşdıra biləcəyi qeyd olunur.
Bununla yanaşı, sənəddə 2026-cı ildə regionda öz təsirini artırmaq və maraqlarını gücləndirmək istəyən dövlətlərin bağlılıq proseslərinə zərər vuran addımlarının riskləri artıracağı vurğulanır. Hesabatda bildirilir ki, Ermənistanın suverenliyini sual altına alan və bağlılıq proqramlarının həyata keçirilməsinə mane olan “zərərli diskurslar və konsepsiyalardan” Azərbaycan və digər subyektlərin ardıcıl istifadəsi bu risklərin reallaşmasına şərait yarada bilər.
Xidmətin “hərtərəfli təhlilinə” əsasən, Azərbaycanın dövlət səviyyəsində təşviq etdiyi “Qərbi Azərbaycan” və “qərbi azərbaycanlıların qayıdışı” mövzuları, eləcə də bu xətt üzrə addımlar uzunmüddətli perspektivdə sülhyaratma üçün “əhəmiyyətli mənfi faktor və risk” kimi qiymətləndirilir. Hesabatda iddia olunur ki, Azərbaycan Vaşinqton Bəyannaməsindən sonra bu təbliğatı azaltmayıb, əksinə “xeyli gücləndirib” və bunun regional sabitlik, təhlükəsizlik və uzunmüddətli sülh üçün ciddi risklər yaratdığı vurğulanır.
Sənəddə qeyd edilir ki, 2026-cı ildə Xidmətin prioritet vəzifələrindən biri Azərbaycanın “qərbi azərbaycanlıların qayıdışı” xəttinin real məqsədinin daimi qiymətləndirilməsi olacaq. Xüsusilə, bu mövzuların yeni milli ideologiyaya çevrilməsi fonunda Azərbaycanın münaqişəni hansısa yeni formatda Ermənistan ərazisinə daşımaq niyyətində olub-olmadığı, yoxsa “qayıdış” ritorikasının Bakının xarici siyasətdə ticarət aləti kimi və xüsusən də Qarabağ ermənilərinin qayıdışı mövzusuna qarşı təsir mexanizmi kimi istifadə edilib-edilmədiyi araşdırılacağı bildirilir.
Hesabatda ayrıca vurğulanır ki, müşahidələrə görə, Azərbaycanın hərbi xərcləri artmaqda davam edir. Xidmət bu məqamı risk kimi dəyərləndirərkən təkcə hərbi xərclərin artımını deyil, həm də hərbi ayırmaların artım tempinin digər sektorlarla müqayisədə xeyli yüksək olmasını və bəzi hallarda bunun digər sahələr hesabına baş verməsini əsas götürdüyünü qeyd edir.
Foto: Prezident.az