Hüquq müdafiəçiləri AŞPA-nı Azərbaycana qarşı “Birgə Tamamlayıcı Prosedur”u işə salmağa çağırır

Hüquq müdafiəçiləri AŞPA-nı Azərbaycana qarşı “Birgə Tamamlayıcı Prosedur”u işə salmağa çağırır
22 Yanvar 2026
Mətni dəyiş

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2026-cı il qış sessiyası ərəfəsində hüquq müdafiəçiləri və təşkilatlar qurumu Azərbaycanda dərinləşən insan hüquqları böhranına xüsusi diqqət yetirilməsinə və Avropa Şurası daxilində koordinasiyalı tədbirlər üçün “Birgə Tamamlayıcı Prosedur”un (Joint Complementary Procedure) başladılmasına çağıran bəyanat yayıblar.

Bəyanatda bildirilir ki, Azərbaycan son on ildə Avropa Şurasının standartlarını, institutlarını və qərarlarını “ardıcıl şəkildə” nəzərə almır və bu, həm ölkə daxilində insanların, həm də bütövlükdə Avropa Konvensiyası sisteminin zərər görməsinə gətirib çıxarır.

Bəyanat müəllifləri vurğulayırlar ki, Avropa Şurası Azərbaycandakı insan hüquqları böhranına cavab verməsə, bu, Konvensiya sistemini hamı üçün zəiflədə bilər.

Çağırışda AŞPA-nın Nazirlər Komitəsi ilə birlikdə koordinasiyalı reaksiya yaratmaq üçün “Birgə Tamamlayıcı Prosedur”dan istifadə etməli olduğu qeyd edilir. Müəlliflər bunu Azərbaycanın Assambleya monitorinqi ilə əməkdaşlıqdan yayınması fonunda vacib sayırlar.

Bəyanatda xatırladılır ki, Azərbaycan parlamentinin 2025-ci il sessiyası üçün etimadnamələri təqdim etməməsi Assambleyanın monitorinqi ilə “açıq şəkildə” əməkdaşlıqdan imtina kimi qiymətləndirilir. Bu addımın AŞPA-nın 2024-cü ilin yanvarında Azərbaycanın etimadnamələrini insan hüquqları vəziyyətinin pisləşməsi, öhdəliklərin yerinə yetirilməməsi və əməkdaşlığın zəifliyi səbəbilə təsdiqləməməsi qərarından sonra baş verdiyi bildirilib. Bəyanata görə, həmin qərardan sonra repressiyalar güclənib, əməkdaşlıq isə daha da azalıb.

Müəlliflər “Azərbaycanın meydan oxuması: Avropa Şurasına qarşı onillik sayğısızlıq” (“Azerbaijan’s Defiance: A Decade of Contempt for the Council of Europe”) adlı hesabatlarına istinad edərək vurğulayırlar ki, Bakı illərdir Avropa Şurası ilə “selektiv” əməkdaşlıq edir və siyasi məhbuslar, habelə cinayət qanunvericiliyinin sistemli sui-istifadəsi kimi əsas məsələlər üzrə dialoqdan yayınır. Bəyanatda Avropa Şurasının reaksiyasının isə çox vaxt “barışdırıcı” qaldığı və “hər şey əvvəlki kimi” proqramlaşdırmasının vəziyyətin dəyişməsinə təsir göstərmədiyi qeyd olunur.

Bəyanatda insan hüquqları böhranının dərinləşdiyi və siyasi motivli saxlanmaların kəskin artdığı bildirilir. Müəlliflərin məlumatına görə, Azərbaycan vətəndaş cəmiyyəti 2024-cü ilin dekabrında 331 siyasi məhbus qeydə alıb ki, bu da 2023-cü ilin fevralı ilə müqayisədə 256 faiz artım deməkdir; daha sonra bu rəqəmin hazırkı dövrdə 400-dək olduğu bildirilir.

Çağırışda jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri, ictimai fəallar, həmkarlar ittifaqı üzvləri və akademiklərin həbsi ilə bağlı “yeni dalğalar”dan danışılır və bu prosesin təkcə müxalif fikri deyil, “hakimiyyətlə uzlaşmayan istənilən rəyi” susdurmağı hədəflədiyi qeyd olunur. Həmçinin reydlər, əsassız həbslər, ölkədən çıxış qadağaları və tənqidçilərə qarşı transsərhəd təzyiq hallarının bitmədiyi bildirilir.

Bəyanat müəllifləri Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) dəfələrlə problemin mahiyyətini göstərdiyini və Avropa Şurasının siyasi qurumlarını xəbərdar etdiyini vurğulayırlar. Onların fikrincə, qərarların icrası yalnız fərdi tədbirlərlə məhdudlaşmamalı, təkrarlanmanın qarşısını alan ümumi islahatları, o cümlədən məhkəmə müstəqilliyini təmin edən və cinayət qanunvericiliyindən sui-istifadəni dayandıran addımları əhatə etməlidir.

Nazirlər Komitəsinin “Məmmədli işləri qrupu” üzrə uzunmüddətli nəzarətinin, dəfələrlə qəbul olunmuş qərar və aralıq qətnamələrin gərəkli nəticəni vermədiyi qeyd olunur və bunun Avropa Şurasının Baş katibini əlavə tədbirlərə sövq etməli olduğu bildirilir.

Bəyanata əsasən, Avropa Şurasında Azərbaycandakı böhrana adekvat reaksiya üçün liderliyin yetərli olmaması şəraitində təşəbbüsün əsas yükü AŞPA-nın üzərinə düşür. Müəlliflər Assambleyanın “sistemli böhrana uyğun” institusional cavab yaratmaqda həlledici rol oynaya biləcəyini deyirlər.

Çağırışda AŞPA üçün üç əsas addım sadalanır:

Birgə Tamamlayıcı Proseduru işə salmaq: AŞPA və Nazirlər Komitəsinin birlikdə hərəkət etməsi; əməkdaşlıq, azadlığa buraxmalar və struktur islahatları üzrə aydın meyarlar və vaxta bağlı gözləntilər müəyyənləşdirmək.
Davamlı nəzarəti gücləndirmək: Tez-tez açıq hesabatlılıq və aydın izləmə mexanizmi olan xüsusi məruzəçilik yaratmaq; Azərbaycanın AŞPA-da iştirakdan imtinasının Assambleyanın monitorinq imkanlarını məhdudlaşdırdığı və buna cavab verilməməsinin üzv dövlətin Assambleyanı susdurmasına şərait yarada biləcəyi qeyd olunur.
Ardıcıl ictimai-siyasi təzyiq: Problemi açıq adlandıran, nəticə tələb edən koordinasiyalı bəyanatlar və siyasi təmaslar; ilk növbədə siyasi motivli saxlanılanların azad edilməsi və məhkəmə təqibinə son qoyulması. Bu kontekstdə AŞPA-nın Vaclav Havel mükafatına layiq gördüyü Anar Məmmədlinin adı ayrıca vurğulanır.
Sonda bildirilir ki, Avropa Şurası fərdi azadlıqları, siyasi hüquqları və hüququn aliliyini qorumaq üçün yaradılıb. Azərbaycanın “onillik sayğısızlığı” və təşkilatın yetərli reaksiyasının olmaması bu vədi risk altına salır. Müəlliflər AŞPA-nın “Birgə Tamamlayıcı Prosedur”un başladılması ilə Azərbaycandakı insan hüquqları böhranına yanaşmada “prinsip və ardıcıllıq” gətirə biləcəyini bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun