Naxçıvanda bəzi dövlət təhsil müəssisələrində keçirilən ödənişli sınaq imtahanlarında iştirak etmək üçün şagirdlərdən əlavə 2 manat “yerpulu” yığıldığı iddia olunur. Bu barədə “Gündəlik Naxçıvan”a bir qrup valideyn məlumat verib.
Onların sözlərinə görə, özəl kurslar Naxçıvan Müəllimlər İnstitutunda, texniki peşə məktəblərində və sürücülük məktəblərində sınaq imtahanları təşkil edir. Valideynlər bildirir ki, bu imtahanlarda hər həftə 1500-dən çox şagird iştirak edir.
Valideynlər iddia edirlər ki, şagirdlərdən yığılan “yerpulu”nun təyinatı bəlli deyil və bu vəsaitin birbaşa yerli təhsil naziri ilə əlaqəli olduğu düşünülür.
Valideynlərdən Səfər Qazıyev əvvəlki illərdə sınaq imtahanlarının məktəblərdə keçirildiyini və əlavə ödəniş tələb olunmadığını deyir:
“Özəl kurslarda imtahanın qiyməti 10 manatdır. Əvvəl məktəblərdə keçirilirdi, əlavə pul da almırdılar. Sonra şikayət oldu, dedilər ki, məktəblər dövlət müəssisəsidir, kommersiya məqsədli istifadə oluna bilməz. İndi də peşə və sürücülük məktəblərində keçirirlər və bizdən əlavə iki manat “yerpulu” tələb edirlər, 12 manat ödəməli oluruq. Bəs, indi imtahan keçirdikləri məktəblər dövlət müəssisəsi deyilmi? Niyə kommersiya məqsədli imtahan keçirirlər?”
Valideyn “yerpulu”nun qanunsuz olduğunu bildirərək əlavə edir ki, dövlət müəssisəsində keçirilən imtahan üçün ayrıca “yer haqqı” tələb edilməsinin izahı yoxdur:
“Dövlət müəssisəsinə niyə “yerpulu” ödəməliyik? Bu qanunsuzluğa birbaşa nazir yol açır və 2 manatlar da onun cibinə gedir. Sanki dövlətin yox, dədəsinin müəssisəsidir”.
İddialara görə, sınaqların dövlət təhsil müəssisələrində keçirilməsi həmin müəssisələrdə çalışan müəllimlərin də narazılığına səbəb olub. Müəllimlər bildirir ki, imtahan keçirən özəl şirkətlər nazirliyin “çətiri altında” fəaliyyət göstərir və prosesə etiraz etmələrinə imkan verilmir:
“Praktiki olaraq dövlət məktəblərinin auditoriyaları sanki icarəyə verilir. Bizə açıq-aşkar deyilir ki, qarışmayın. Hər uşaqdan pul yığılır, məktəb isə sadəcə yer verən tərəf kimi göstərilir”.
Müəllimlərin iddiasına görə, Naxçıvan Müəllimlər İnstitutunda keçirilən sınaq imtahanlarında iştirakçı sayı 1000 nəfərdən çox olur, texniki peşə məktəblərinin hər birində isə bu rəqəm 250 nəfərə yaxın təşkil edir. Onlar bunu “hər imtahanda minlərlə manatlıq qeyri-rəsmi vəsait dövriyyəsi” kimi qiymətləndirirlər.
Məlumata görə, sınaq imtahanlarını əsasən “Naxçıvan Təhsil Mərkəzi”, “Aysberq”, “İstedad” və digər özəl qurumlar keçirir. Valideynlər və müəllimlər iddia edir ki, həmin mərkəzlər özlərini Təhsil Nazirliyinə bağlı qurum kimi təqdim edir.
Rəsmi qurumlar hələlik məsələyə münasibət bildirməyib.