İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağında yeni hərbi əməliyyat üçün plan hazırlayıb. Bu barədə “The Times of Israel” nəşri yazıb.
Nəşrin israilli rəsmiyə və ərəb diplomata istinadən bildirdiyinə görə, əməliyyatın mart ayında Qəzza şəhərinə doğru hücumla başlaması nəzərdə tutulur. Planın məqsədi demarkasiya kimi qeyd edilən “sarı xətt”i qərbə - Aralıq dənizi sahillərinə doğru itələmək və bununla da SAXAL-ın ərazi üzərində nəzarətini genişləndirməkdir.
Mənbələrdən birinin sözlərinə görə, əməliyyat ABŞ-nin dəstəyini tələb edə bilər. Vaşinqton isə hələ də 2025-ci ilin oktyabrında razılaşdırıldığı deyilən atəşkəsin ikinci mərhələsinə keçidi təşviq etməyə çalışır. Həmin mərhələdə Fələstin qruplaşması HƏMAS-ın tərksilahı nəzərdə tutulur.
İddia olunur ki, 2025-ci ilin dekabrında Donald Trampla görüş zamanı İsrailin baş naziri Benyamin Netanyahu sülh planına əməl etməyə razılaşıb, lakin HƏMAS-ın tərksilahına inanmadığı üçün “gözlənilməz hallar” üçün alternativ plan hazırlanmasını SAXAL-a tapşırıb.
Məlumata görə, atəşkəsin ilk günü, yəni 2025-ci iloktyabrın 10-da İsrail qüvvələri “sarı xətt” adlandırılan mövqelərə geri çəkilib və Qəzza zolağının təxminən 53 faizi İsrailin nəzarətində qalıb. Hər iki mənbə mart üçün planlaşdırıldığı bildirilən əməliyyatın bu göstəricini artıracağını iddia edir.
“The Wall Street Journal” da tərəflərin hərbi toqquşmaların bərpasına hazırlaşdığını yazır. Nəşrin məlumatına əsasən, HƏMAS tam tərksilah olmağı planlaşdırmır və əksinə son dövrdə maliyyə axınının artması fonunda hərbi potensialını bərpa etməyə fokuslanıb. İsrailin qiymətləndirməsinə görə, qruplaşmanın hazırda 60 min tüfəngi və 20 min döyüşçüsü var, onların yenidən maaş aldığı da iddia olunur.
Atəşkəsin birinci mərhələsinə daxil edilən digər bəndlərin də tam icra olunmadığı bildirilir, İsrailin Qəzza-Misir sərhədindəki Rəfah keçidini açmadığı, HƏMAS-ın isə Qəzzada qalan sonuncu həlak olmuş israilli girovun cəsədini təhvil vermədiyi qeyd edilir.
Bu arada, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi (BAPOR/UNRWA) kəskin maliyyə böhranı fonunda Qəzzadakı təxminən 600 əməkdaşı işdən çıxarıb. “The Times of Israel” yazır ki, müharibənin əvvəlində sektoru tərk edən bu şəxslərə ştatdan çıxarılma və maliyyə münasibətlərinin dayandırılması barədə bildiriş göndərilib.
Agentlik qərarı donor dəstəyinin kəskin azalması ilə izah edib. 2025-ci ildə 880 milyon dollarlıq xərclər fonunda cəmi 570 milyon dollar vəsait daxil olduğu, 2026-cı ildə isə yeni kəsirin gözlənildiyi bildirilir. İşdən çıxarılanlar 2025-ci ilin martından bəri ödənişsiz məzuniyyətdə olub, ixtisarlar onların kompensasiya almasına imkan verəcək. Bununla belə, agentliyin Fələstin ərazilərində ümumilikdə təxminən 12 min əməkdaşı qalır.
HƏMAS ixtisarları “ədalətsiz” adlandıraraq pisləyib. İsrail hakimiyyəti isə BAPOR əməkdaşlarının azı 10 faizinin terror təşkilatları ilə bağlı olduğunu, agentliyin Qəzzadakı obyektlərinin hərbi məqsədlər üçün istifadə edildiyini iddia edir. BAPOR-un İsrail ərazisində fəaliyyəti qadağandır.