ABŞ-nin Demokrat Partiyasından iki senator vitse-prezident Cey Di Vensin Bakıya gözlənilən səfəri ərəfəsində ona müraciət edərək, Azərbaycanda həbsdə olan jurnalistlərin azadlığa buraxılması məsələsini gündəmə gətirməyə çağırıblar.
“Azadlıq Radiosu”nun məlumatına görə, Senatın Xarici əlaqələr komitəsində aparıcı üzvlərdən olan senator Cinn Şahin “X” platformasında paylaşımında Vensdən Bakıda “haqsız yerə həbsdə” saxlanılan bir neçə şəxsin - iqtisadçı professor Qubad İbadoğlunun, “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadənin, “Amerikanın Səsi”nin keçmiş əməkdaşı Ülviyyə Əlinin və media eksperti Ələsgər Məmmədlinin azadlığa çıxmasını tələb etməsini istəyib. Senatorun sözlərinə görə, “Onların azadlığı ABŞ-nin regiondakı səyləri üçün prioritet olmalıdır”.
Digər demokrat senator, Senatın Büdcə və Xarici əlaqələr komitələrinin üzvü Kris Van Hollen isə vitse-prezidentə ünvanladığı məktubda ABŞ-yə bağlı media qurumları ilə əlaqəli iki jurnalist - Ülviyyə Əli və Fərid Mehralızadənin “haqsız həbsinə” diqqət çəkərək, onların dərhal azad edilməsi üçün çalışmağa çağırıb. Senator yazır ki, bu iki jurnalist “yanlış iş görməyib”, yalnız ABŞ-nin dəstəklədiyi media qurumlarında çalışdıqlarına görə cəzalandırılıblar.
Məktubda həmçinin Ülviyyə Əlinin saxlanılarkən döyüldüyü, səhhətinin pisləşdiyi, Fərid Mehralızadənin isə övladı doğularkən yanında ola bilmədiyi və həyat yoldaşı Nərgiz Muxtarovanın hazırda başqa bir cinayət işi ilə üzləşdiyi qeyd olunur. Kris Van Hollenin məktubundakı mövqe belə ifadə edilib:
“Azərbaycanın bu jurnalistlər, onların ailələri ilə rəftarı vicdansızlıqdır və bizimlə tərəfdaşlıq istəyən ölkəyə yaraşmır. Bu cür addımlar etimadı sarsıdır, insan ləyaqətini tapdalayır, regionda sülh və rifah qurmaq səylərinə birbaşa ziddir. Biz hökumətlərin qanunları pozmayan insanları ABŞ ilə əlaqələrinə görə girov götürməsinə imkan verməməliyik. Ülviyyə Əli və Fərid Mehralızadə sevdiklərinin yanında, evdə olmalıdırlar, törətmədikləri cinayətlərə görə dəmir barmaqlıqlar arxasında yox. Bu həftə Azərbaycan rəsmiləri ilə görüşlərinizdə onların azadlığa buraxılması üçün qətiyyətlə təzyiq göstərməyinizi xahiş edirəm”.
Çağırışlar bununla məhdudlaşmayıb. Ötən həftəsonu “Freedom House” beynəlxalq insan haqları təşkilatı da “X” hesabında Cey Di Vensə müraciət edərək, səfər zamanı “Əliyev rejimi” qarşısında professor Qubad İbadoğlu, jurnalistlər Fərid Mehralızadə və Ülviyyə Əli, eləcə də ümumilikdə siyasi məhbuslarla bağlı məsələni qaldırmağa səsləyib: “Bütün siyasi məhbuslar dərhal və qeyd-şərtsiz buraxılmalıdır”.
Bundan əvvəl ABŞ Konqresinin aparıcı üzvlərindən Ceyms Makqovern də vitse-prezidenti Bakıya səfəri zamanı rəsmilərlə görüşlərində vicdan məhbuslarının azadlığa buraxılması üçün səy göstərməyə çağırmışdı.
Cey Di Vensin Bakıya bu gün - fevralın 10-da gələcəyi gözlənilir. O, dünən Yerevanda görüşlər keçirib və ABŞ Ermənistanla nüvə sahəsində əməkdaşlıq sazişi, eləcə də bu ölkəyə dron satışı ilə bağlı sənəd imzalayıb.
Açıqlamalara əsasən, region səfəri ABŞ prezidenti Donald Trampın sülh təşəbbüslərinin və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) təşviqinə yönəlib.