ABŞ vitse-prezidenti Paşinyanla görüşüb: nüvə enerjisi, dronlar və regional sülh müzakirə olunub

ABŞ vitse-prezidenti Paşinyanla görüşüb: nüvə enerjisi, dronlar və regional sülh müzakirə olunub
9 Fevral 2026
Mətni dəyiş

Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistan Respublikası hökuməti ilə ABŞ hökuməti arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlıq haqqında saziş üzrə danışıqların başa çatdığını təsdiqləyən Birgə Bəyanat imzalayıblar.

Baş nazir Nikol Paşinyan bildirib ki, bu sənəd Ermənistan-ABŞ enerji tərəfdaşlığında yeni mərhələnin başlanğıcı olacaq və təhlükəsiz, innovativ texnologiyaların tətbiqi yolu ilə ölkənin enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək:

“Bu saziş Ermənistan və ABŞ arasında enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsində yeni səhifə açır. ABŞ-nin uzun illər ərzində nüvə təhlükəsizliyi sahəsində göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirdim və hər iki ölkə üçün strateji əhəmiyyət daşıyan sahələrdə əməkdaşlığın genişləndirilməsinə hazır olduğumuzu vurğuladım”.

“Armenpress” agentliyinin məlumatına görə, sənədin imzalanmasından öncə Paşinyan və Vens arasında təkbətək görüş keçirilib.

İslahatlar, “Sülh Kəsişməsi” və strateji tərəfdaşlıq

Görüşdə Ermənistanın institusional islahatları və ABŞ-nin bu proseslərə uzunmüddətli dəstəyi müzakirə olunub. Paşinyan ABŞ-nin “Sülh Kəsişməsi” (Crossroads of Peace) layihəsinin potensialının artırılmasına verdiyi dəstəyin əhəmiyyətini xüsusi vurğulayıb.

“Biz qeyd etdik ki, Ermənistan və ABŞ arasında münasibətlər bu gün heç vaxt olmadığı qədər möhkəmdir və xalqlarımızın rifahı naminə bu əlaqələri daha da inkişaf etdirməyə hazırıq”, - deyə baş nazir bildirib.

Paşinyan, həmçinin, ABŞ vitse-prezidentinin ailəsi ilə birlikdə Ermənistana rəsmi səfərini alqışlayıb və ikitərəfli əlaqələrin möhkəmlənməsində göstərdiyi şəxsi töhfəyə görə Cey Di Vensə təşəkkür edib.

Hərbi və müdafiə sahəsində əməkdaşlıq: V-BAT pilotsuz uçuş aparatları

Paşinyanın sözlərinə görə, Ermənistan-ABŞ hərbi və müdafiə tərəfdaşlığı sahəsində də mühüm irəliləyiş qeydə alınıb. Onun bildirdiyinə görə, Ermənistan ABŞ-dən V-BAT tipli pilotsuz uçuş aparatları alıb:

“Təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığın və artıq üç ildir keçirilən “Eagle Partner” birgə hərbi təlimlərinin davamı olaraq Ermənistan ABŞ-dən V-BAT tipli pilotsuz uçuş aparatları əldə edib. Effektivliyi praktiki təcrübə ilə sübut olunmuş bu texnika müdafiə imkanlarımızın gücləndirilməsinə ciddi töhfə verəcək. Ümid edirəm ki, ABŞ-nin “Foreign Military Sales” proqramı çərçivəsində həyata keçirilən bu razılaşma əməkdaşlığın daha da genişlənməsi üçün əsas olacaq”.

“Əməkdaşlığımızın əsasında sülh və sabitlik dayanır”

Birgə bəyanatlar zamanı amerikalı jurnalistin sualını cavablandıran Paşinyan bildirib ki, Ermənistanla ABŞ arasında əməkdaşlığın əsas məqsədi regionda sülh və sabitliyin təmin olunmasıdır:

“ABŞ ilə bütün fəaliyyətimiz sülhə və sabitliyə yönəlib. Əminəm ki, bu məqsəd əldə edilə bilər. 8 avqust 2025-ci ildə əldə olunan sülhün artıq real həyatda özünü göstərdiyini görürük və Ermənistan-ABŞ əməkdaşlığı yalnız sülh xarakterli olacaq”.

Vens: “Ermənistan regionun iqtisadi inkişafında dayaq ola bilər”

ABŞ vitse-prezidenti Cey Di Vens isə bildirib ki, Ermənistan regionun iqtisadi inkişafında mühüm rol oynaya biləcək mərhələyə qədəm qoyub. O, çıxışının əvvəlində ABŞ prezidenti Donald Trampın salamlarını Ermənistan xalqına çatdırıb:

“Bu, möhtəşəm bir ölkədir. Məni və ailəmi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Ermənistan ən qədim xristian xalqlarından biridir. İnanıram ki, siz təkcə tarixi və geri dönməz sülh qura bilməzsiniz, eyni zamanda regionun iqtisadi inkişafında güclü dayaq nöqtəsinə çevrilə bilərsiniz. Bu, həm Ermənistan, həm də ABŞ xalqlarına rifah gətirəcək”.

“Tarixi və simvolik səfər”

Paşinyan ABŞ vitse-prezidentinin səfərini tarixi və simvolik hadisə kimi qiymətləndirib:

“Bu, ABŞ vitse-prezidentinin Ermənistan Respublikasına ilk rəsmi səfəridir və ölkələrimiz arasında formalaşmış möhkəm, strateji tərəfdaşlığın dərinliyini əks etdirir”.

O, ötən il fevralın 7-də baş tutan ilk görüşün ikitərəfli münasibətlərin dərinləşməsində dönüş nöqtəsi olduğunu xatırladıb və avqustun 8-də Vaşinqtonda keçirilən sülh sammitinin təşkilinə görə Trampa və Vensə təşəkkür edib:

“Məhz bu sammit Ermənistan və ABŞ arasında münasibətlərə güclü impuls verdi və prezident Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına imkan yaratdı”.

ABŞ vitse-prezidenti Cey Di Vens fevralın 9-da ailəsi ilə birlikdə Ermənistana rəsmi səfərə gəlib. Səfər çərçivəsində Paşinyan və Vens arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib.

ABŞ vitse-prezidentinin sabah Azərbaycana gələcəyi gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun