Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovun da tərəf olduğu “Quliyev və Səfərov Azərbaycana qarşı” işi üzrə qərarında onun barəsində aparılmış cinayət prosesinin ədalətli məhkəmə araşdırması tələblərinə cavab vermədiyi qənaətinə gəlib.
AİHM-in fevralın 17-də dərc etdiyi qərarda bildirilib ki, Azərbaycan məhkəmələri proses zamanı əsas arqumentləri lazımi qaydada araşdırmayıb, dəlillərin etibarlılığına dair ciddi suallara cavab verməyib və bunun nəticəsində Konvensiyanın 6-cı maddəsi üzrə pozuntu baş verib.
Məhkəmənin qərarında bildirilir ki, ərizəçilər cinayət proseslərinin ədalətsiz aparıldığını, xüsusilə də saxtalaşdırılmış və ya etibarsız dəlillər əsasında məhkum edildiklərini deyiblər. Həmçinin işlərin siyasi motivlərlə başladıldığını da irəli sürüblər.
Qərara görə, Rüfət Səfərov Zərdab rayon prokurorluğunda müstəntiq işləyib. O, 2015-ci il dekabrın 20-də sosial şəbəkələrdə və bir neçə media orqanında hakimiyyəti, o cümlədən prokurorluq orqanlarını tənqid edən açıqlamalar verib, istefa etdiyini və müxalifətə qoşulduğunu bəyan edib. Növbəti gün işdən çıxarılıb və Baş Prokurorluq onun etik qaydaları pozduğunu bildirən açıqlama yayıb.
Səfərov 2016-cı il yanvarın 15-də həbs olunub. O, Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma) ilə ittiham edilib. Rəsmi versiyaya görə, o, 2014-cü ildə beş nəfərin şikayətləri üzrə cinayət işi başlanmaması üçün rüşvət alıb. Səfərov isə ittihamı qəbul etməyib və prosesin qurama olduğunu, tənqidinə və istefasına görə cəzalandırıldığını bildirib. Habelə onun əleyhinə ifadə verən şahidlərin təzyiq altında danışdırıldığını iddia edib.
AİHM şikayətləri Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi (ədalətli məhkəmə araşdırması hüququ) və 6-cı maddənin 3-cü bəndinin təminatları ilə əlaqəli şəkildə qiymətləndirib.
Məhkəmə qeyd edib ki, hər iki işdə ərizəçilər rəsmi versiyanı və əsas dəlillərin etibarlılığını şübhə altına almağa çalışıblar, lakin yerli məhkəmələr bu arqumentləri ya tamamilə nəzərə almayıb, ya da yetərli əsaslandırma ilə araşdırmayıb.
Xüsusən də Quliyev işində axtarış və götürmə tədbirlərinin aparılma qaydası, dəlillərin “qoyulması” iddiaları və həmin dəlillərin etibarlılığına dair suallar milli məhkəmələr tərəfindən yetərincə yoxlanılmayıb. Səfərov işində isə həlledici rol oynayan şahid ifadələrinin təzyiq altında verilməsi iddialarına münasibətdə məhkəmələrin ciddi araşdırma aparmadığı göstərilib.
AİHM nəticə etibarilə cinayət icraatlarının bütövlükdə ədalətsiz olduğunu və Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü bəndləri üzrə pozuntu baş verdiyini bəyan edib.
Ərizəçilər Konvensiyanın 18-ci maddəsi (hüquqların məhdudlaşdırılmasının gizli məqsədlə tətbiqi), Səfərov isə əlavə olaraq 10-cu maddə (ifadə azadlığı) kontekstində də iddialar qaldırmışdı. AİHM, artıq 6-cı maddə üzrə gəldiyi nəticələri nəzərə alaraq, bu şikayətlər üzrə ayrıca qərar verməyə ehtiyac görmədiyini bildirib.
Məhkəmə qərarına əsasən, Azərbaycan hökuməti 3 ay ərzində hər iki ərizəçiyə mənəvi zərərə görə 4 000 avro ödəməlidir. Quliyevə poçt xərcləri üçün 95 avro, Səfərova iş üzrə xərc və məsrəflər üçün 1 000 avro ödəməlidir.
Ödəniş gecikərsə, məhkəmə qərarında Avropa Mərkəzi Bankının marginal kredit dərəcəsinə əlavə 3 faiz bəndi hesablanmaqla sadə faiz tətbiq ediləcəyi qeyd olunub.
Sosial media