Rusiya müxalifət lideri Aleksey Navalnının 2024-cü il fevralın 16-da cəzaçəkmə müəssisəsində öldürüldüyü, onun bioloji nümunələrində Cənubi Amerikanın zəhərli “ağacadırmaşan” qurbağalarının dərisindən əldə edilən toksin - “epibatidin”in izlərinin tapıldığı iddia olunur. Bu barədə ilk olaraq “The Insider” nəşri mənbələrinə istinadən yazıb.
Ardınca Böyük Britaniya, İsveç, Fransa, Almaniya və Niderland hökumətləri birgə bəyanat yayıb. Sənəddə deyilir ki, bu ölkələrin laboratoriyaları Navalnıya aid olduğu bildirilən biomaterial nümunələrini analiz edib və nəticələr “epibatidin”in mövcudluğunu inandırıcı şəkildə təsdiqləyib. Beş ölkə bununla Navalnının “ölümcül toksinlə zəhərləndiyinə” əmin olduqlarını vurğulayır.
Birgə bəyanatda qeyd olunur ki, “epibatidin” Cənubi Amerikanın zəhərli qurbağalarında rast gəlinən toksindir və Rusiyada təbii şəraitdə yayılmır. Sənəddə Rusiyanın Navalnının təbii səbəbdən öldüyü barədə əvvəlki iddiaları xatırladılır, lakin toksinin yüksək zəhərliliyi və bildirilən simptomlar nəzərə alınaraq ölüm səbəbinin “böyük ehtimalla zəhərlənmə” olduğu bildirilir. Bəyanatda həmçinin vurğulanır ki, Navalnı həbsdə olub və bu, “Rusiyanın bu zəhəri tətbiq etmək üçün vasitə, motiv və imkana malik olması” iddiasını gücləndirir.
Bəyanatda Rusiyanın beynəlxalq hüququ və Kimyəvi Silahlar Konvensiyasını “dəfələrlə görməzlikdən gəlməsinin” aydın olduğu qeyd edilir. Böyük Britaniya Navalnının zəhərlənməsi faktı barədə Kimyəvi Silahların Qadağanı üzrə Təşkilata məlumat verdiyini, bunu Konvensiyanın “kobud pozuntusu” kimi qiymətləndirdiyini açıqlayıb. Britaniyanın xarici işlər naziri İvett Kuper bu halın 2018-ci ildə Solsberidə Skripalların “Noviçok”la zəhərlənməsi və Ukraynada kimyəvi silahdan istifadə iddiaları fonunda “narahatedici davranış modeli”nə uyğun gəldiyini bildirib.
Fransanın xarici işlər naziri Jan-Noel Barro isə “X” sosial şəbəkəsində paylaşım edərək “indi bilirik ki, Vladimir Putin hakimiyyətdə qalmaq üçün öz vətəndaşlarına qarşı kimyəvi silah tətbiq etməyə hazırdır” yazıb.
Nəşrin məlumatına görə, Navalnının bioloji nümunələrini ailəsinin Rusiyadan necə çıxardığı açıqlanmır. Korrupsiyaya Qarşı Mübarizə Fondu ilə bağlı komandadan İvan Jdanov “Telegram”da bu işdə kömək edənləri “əsl qəhrəmanlar” adlandırıb.
Navalnının həyat yoldaşı Yuliya Navalnaya “The Insider-“in xəbərini təsdiqləyib və məsuliyyəti Vladimir Putinin üzərinə qoyduğunu bildirib:
“İlk gündən həyat yoldaşımın zəhərləndiyinə əmin idim, indi isə bunun sübutları var. Avropa dövlətlərinə iki il apardıqları dəqiq işə və həqiqətin üzə çıxarılmasına görə minnətdaram”, – deyə Yuliya Navalnaya yazıb.
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun Avropa ölkələrinin bəyanatını “mübahisələndirmədiyini” deyib və məlumatı “narahatedici” adlandırıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, Moskvanın rəsmi şərhləri analizlərin nəticələri dərc edildikdən sonra veriləcək. Onun sözlərinə görə, indiki bəyanat Qərbin problemlərindən diqqəti yayındırmaq üçün “məlumat axını”dır. Rusiya hakimiyyəti daha əvvəl Navalnının öldürülməsi ilə bağlı iddiaları rədd etmişdi.
“The Insider” “epibatidin”i sinir sisteminə təsir edən neyrotoksin kimi təqdim edir və bu maddənin bədəndə siqnal ötürülməsinə təsir göstərdiyini yazır. Nəşr həkim-reanimatoloq Aleksandr Polupanın mövqeyini də gətirir. Onun fikrincə, məlum simptomlar “epibatidin”in insan orqanizminə təsiri barədə bilinənlərlə uyğun gəlir və nəşrin 2024-cü ilin payızında əldə etdiyi məlumatlarla ziddiyyət təşkil etmir.
Aleksey Navalnının 2024-cü il fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsinin Xarp qəsəbəsində yerləşən “Qütb canavarı” koloniyasında öldüyünü Rusiyanın cəza icra qurumu açıqlamışdı. Rəsmi versiyaya görə, o, gəzintidən sonra qəfil özünü pis hiss edib və huşunu itirib, reanimasiya tədbirləri nəticə verməyib. Navalnının cənazəsinin anasına 24 fevralda təhvil verildiyi, 1 martda isə Moskvada Borisov qəbiristanlığında dəfn olunduğu bildirilir. Eyni zamanda, Navalnını müdafiə edən bəzi vəkillər, eləcə də dəfni və onunla bağlı hadisələri işıqlandıran jurnalistlər barəsində Rusiyada real həbs cəzaları çıxarıldığı, hazırda isə Korrupsiyaya Qarşı Mübarizə Fonduna ianə köçürən vətəndaşların məhkəməyə verildiyi qeyd olunur.