AZAL-a məxsus sərnişin təyyarəsinin 2024-cü ildə baş vermiş qəzası ilə bağlı Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Rəsmi Bakı hadisəyə görə məsuliyyətin qəbul edilməsi, hüquqi qiymət verilməsi və kompensasiyaların ödənilməsini gözləyir.
“APA”nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib. Nazir qeyd edib ki, Azərbaycan bu məsələ ilə bağlı mövqeyini ən ali səviyyədə də ifadə edib və bu mövqe qəti və birmənalıdır.
Onun sözlərinə görə, rəsmi Bakının gözləntisi ötən ilin oktyabr ayında Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin görüşündə səsləndirilmiş yanaşmanın təsdiqini tapmasıdır.
“Hesab edirik ki, ötən ilin oktyabr ayında Prezident İlham Əliyevlə Rusiya Prezidentinin görüşündə Rusiya lideri tərəfindən səsləndirilmiş yanaşma təsdiqini tapmalıdır. Hansı ki, təyyarənin vurulması Rusiya MN-in səhvi ucbatından baş verib, buna qarşı tədbir görülməsi, hüquqi qiymətin verilməsi, kompensasiyaların ödənilməsini özündə ehtiva etməlidir. Bizim gözləntimiz bundan ibarətdir”, – deyə Bayramov bildirib.
Ötən ilin oktyabrında Düşənbədə keçirilən görüşdə Rusiya prezidenti Vladimir Putin AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanın davam etdiyini və yaxın vaxtlarda başa çatacağını bildirib. Onun sözlərinə görə, həmin gün Rusiyanın hava məkanına müdaxilələr olub və Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən atəş açılıb. Atəş təyyarəyə birbaşa yönəlməsə də, qəlpələrin təyyarəyə dəydiyi qeyd olunub.
Rusiya tərəfi kompensasiyaların ödəniləcəyini və günahkarların cəzalandırılacağını da bəyan edib.
Bu ilin yanvarında isə hökumətyönlü mediada Rusiya İstintaq Komitəsinin Azərbaycanın Baş Prokurorluğuna ünvanlandığı iddia edilən məktub dərc olunub. Məktubda qeyd edilib ki, AZAL-a məxsus təyyarə Rusiyada əlverişsiz hava şəraiti səbəbindən yerə enə bilməyib və eniş zamanı yerə çırpılıb. Bu əsasla cinayət işinə xitam verildiyi bildirilib.
AZAL-a məxsus Bakı–Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb.
Azərbaycan hökuməti ilkin açıqlamalarında təyyarənin Qroznı şəhərinə yaxınlaşan zaman hücuma məruz qaldığını bəyan edib. Bildirilib ki, təyyarənin qəzaya uğramasına Rusiyanın zenit raketi səbəb olub. Raket Çeçenistanın Qroznı şəhəri üzərində pilotsuz uçuş aparatlarının hava fəaliyyəti zamanı 8243 saylı reysə atılıb və təyyarənin yaxınlığında partlayaraq sərnişinlərə və ekipaj üzvlərinə qəlpə xəsarətləri yetirib.
Hadisədən sonra Azərbaycan Prezidenti İlham Əliyev mətbuata açıqlamasında bildirib ki, AZAL-ın təyyarəsini “Rusiya vurub” və Rusiya günahını etiraf etməli, günahkarları cəzalandırmalı və təzminat ödəməlidir.
Dekabrın 27-də Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevə zəng edərək qəza ilə bağlı üzrxahlıq edib və hadisəni Rusiyanın hava məkanında baş vermiş “faciəvi hadisə” adlandırıb.