Bu həftə həm qlobal, həm də regional təhlükəsizlik gündəliyi intensivdir. Münhen Təhlükəsizlik Konfransında qlobal nizamın gələcəyi, Avropanın müdafiəsi və transatlantik münasibətlər müzakirə olunur. Eyni vaxtda, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Cənubi Qafqaza səfəri, Azərbaycan və Ermənistan arasında vətəndaş cəmiyyəti təmasları və böyük güclərin artan marağı yeni geosiyasi mənzərənin formalaşdığını göstərir.
Həftə ərzində regionda baş verən əsas hərbi-siyasi hadisələrini təqdim edirik.
Beynəlxalq təhlükəsizlik siyasəti üzrə aparıcı forum olan Münhen Təhlükəsizlik Konfransı dünyada əsas xarici və təhlükəsizlik siyasəti problemləri ilə bağlı yüksək səviyyəli müzakirələrə imkan yaradır.
Təxminən 50 dövlət və hökumət başçısının qatıldığı budəfəki tədbir sayca 62-cidir. Konfransda hazırda müzakirə olunan mövzular arasında Avropanın təhlükəsizliyi və müdafiəsi, transatlantik münasibətlərin gələcəyi, çoxtərəfliliyin canlandırılması, qlobal nizamın rəqabətli vəziyyəti, regional münaqişələr və texnoloji irəliləyişlərin təhlükəsizlik təsirləri və s. yer alıb.
Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinqerin fikrincə, Konfrans strateji müzakirələri dərinləşdirmək və bu günün ən təcili qlobal problemlərin həlli üçün lazım olan əməkdaşlığı gücləndirmək üçün unikal bir təkan təqdim edəcək.
Avropa və Yaxın Şərq məsələlərinə diqqət yetirən Beynəlxalq Münasibətlər üzrə tədqiqatçı İzat Noah konfransın transatlantik tərəfdaşlar və Yaxın Şərqdəki əsas aktyorlarla yanaşı, dünya ölkələri, xüsusən də Avropa ölkələri arasında strateji dialoq üçün mərkəzi platforma kimi xidmət etməyə davam edəcəyini gözləyir.

O, “Abzas Media”ya açıqlamasında bildirib ki, mövcud geosiyasi gərginliklər, mövcud beynəlxalq nizamın aşınması və konturları hələ də bəlli olmayan yeni bir qlobal sistemin yaranması, xüsusən də Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən qeyri-sabitlik və qlobal iqtisadi çətinliklər fonunda-konfransın siyasi mövqelərin aydınlaşdırılmasında və strateji istiqamətlərin müəyyənləşdirilməsində mühüm rol oynayacağı ehtimal olunur. Bununla belə, əsas tərəflər arasında mövqelərdə davamlı fikir ayrılıqları nəzərə alınmaqla, konfransın, xüsusən də Ukrayna müharibəsi ilə bağlı əhəmiyyətli irəliləyişlər əldə etməsi ehtimalı azdır.
İraqlı ekspertin fikrincə, yeni beynəlxalq kontekstdə, xüsusən də hazırkı ABŞ administrasiyasının bir neçə həssas məsələdə yürütdüyü siyasəti nəzərə alsaq, Avropa liderləri ilə ABŞ arasında fikir ayrılıqlarının davam edəcəyi gözlənilir. Bunlar arasında ABŞ-Rusiya yaxınlaşması, Ukrayna üçün həqiqi təhlükəsizlik zəmanətlərinin olmaması və Vaşinqtonun avropalıların ABŞ-yə etibar etmək əvəzinə öz müdafiələri üçün daha çox məsuliyyət daşımalarına çağırışı diqqət çəkir.
Ekspert hesab edir ki, Avropa Birliyi qitədə təhlükəsizliyin və müdafiə inteqrasiyasının gücləndirilməsi istiqamətində addımlar ata bilər. Lakin müxtəlif Avropa aktyorları arasında hərtərəfli razılaşmaların əldə edilməsi fərqli maraqlar və geosiyasi hesablamalar səbəbindən çətin olaraq qalır.
Digər ekspert Praqada mənzillənmiş Beynəlxalq Münasibətlər üzrə Assosiyasıyanın araşdırmaçısı Pavel Pauli Havliçek “Abzas Media”ya açıqlamasında bildirib ki, o, Münhen Təhlükəsizlik Konfransında müzakirə mövzusu olan bəzi məsələlərlə bağlı narahatdır.

“Burada söhbət Avropa Birliyi-ABŞ münasibətlərindən, Transatlantik Xartiya və qarşımızda olan bir sıra çətinliklərdən gedir. Orada müxtəlif mövqeli liderlər var. Biz görürük ki, Atlantik okeanının hər iki tərəfindən olan liderlər daha çox öz mövqelərini izah etməyə çalışırlar, nəinki birgə müzakirəyə meyllidirlər”.
Pavel Pauli Havliçekin fikrincə, Münhen Təhlükəsizlik Konfransı bir çox prolemlərin çözülməsi baxımından çox vacib konfransdır.
“Orada iştirak edən müxtəlif dövlətlərin hökumət başçıları, nazirləri öz mövqelərini çatdırırlar. Bu, bir növ dünya ictimaiyyətinin təqdimatıdır. Avropa Birliyinə üzv ölkələr, Birləşmiş Ştatlar və digər çoxlu tərəfdaşlar burada çox yaxşı təmsil olunublar. Eyni zamanda, bu gün bizə müvafiq olan məsələlər, dünya düzənində baş verənləri real olaraq başa düşmək, çoxqütblü dünya düzəninin necə olmasını anlamaq, Rusiya, Çinin və başqalarının mövqeləri daxil olmaqla əsas qayğıların nədən ibarət olduğunu müzakirə etmək çox vacibdir”.
İraqdan olan ekspert İzat Noah da hesab edir ki, Münhen Təhlükəsizlik Konfransı kimi beynəlxalq tədbirlər çərçivəsində keçirilən ikitərəfli və çoxtərəfli görüşlər gərginliyin azaldılmasına və ya ən azından kommunikasiya kanallarının açıq qalmasına kömək edə bilər.
“Beynəlxalq qütbləşmənin artması kontekstində bu cür forumlar eskalasiya risklərinin azaldılması və böhranların idarə olunmasının gücləndirilməsi üçün vacib vasitələrdir”.
Azərbaycan və Ermənistan: Vətəndaş cəmiyyəti görüşləri
Dünən Azərbaycandan olan qeyri-hökumət təşkilatları (QHT) nümayəndələri və jurnalistlərdən ibarət 17 nəfərlik heyət 30 ildən artıq fasilədən sonra ilk dəfə Ermənistan-Azərbaycan quru sərhədini keçərək Ermənistana səfər edib.
Azərbaycan nümayəndə heyəti quru sərhədinin delimitasiya və demarkasiya edilmiş yeganə hissəsindən keçərək Tavuş rayonunun Kirants kəndi istiqamətində Ermənistana daxil olub.
Ermənistanın “İctimai Radio”sunun məlumatına görə, səfər “Sülh körpüsü” təşəbbüsü çərçivəsində həyata keçirilir. Belə ki, 13-14 fevral
tarixlərində Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa təşkil olunub.
Görəsən, bu cür addımlar sülh v ə qarşılıqlı etimad üçün nə dərəcədə effektivdir ?
Ermənistanlı aktivist, blogger İşhan Verdyan “Abzas Media”ya açıqlamasında bildirib ki, bu cür səfərlərə romantizm olmadan, eyni zamanda sinizm olmadan da baxmaq lazımdır. Onun sözlərinə görə, bu səfərlər, sözdə ikinci səviyyəli diplomatiya - “Track II Diplomacy” formatıdır - ekspertlər və QHT-lər vasitəsilə qeyri-rəsmi diplomatiya. Təhlilçi hesab edir ki, bu, qısa müddətdə orta dərəcədə effektivdir.

“Şəxsi təmas həmişə mücərrəd düşmənlik səviyyəsini azaldır. “Düşmən obrazı”nı deyil, konkret bir insanı gördükdə, hətta rəsmi dialoq belə sərtlikləri parçalayır. Bu, onilliklərdir qarşılıqlı şeytanlaşdırmanın becərildiyi informasiya mühitində vacibdir. Amma başa düşülməlidir: dövlət səviyyəsində siyasi iradə olmadan bu cür addımlar sistemli nəticələrə çevrilməyəcək. Rəsmi ritorika və media qarşıdurma mövqeyində qalarsa, bir neçə mütəxəssisin təsiri tez bir zamanda aradan qalxacaq. Bu mənada bu cür səfərlər real dönüşdən daha çox ictimai reaksiyanın sınağıdır”.
Bəs gələcəkdə hakimiyyətdən asılı olan ekspertlər və QHT-lər əvəzinə müstəqil ekspertlər və QHT-lər bir araya gələrək iki ölkənin inkişaf problemlərini və birgə fəaliyyətlərini müzakirə edə bilərlərmi?
İşhan Verdyanın fikrincə, dövlət maraqlarına istinad etmədən həqiqətən müstəqil dialoq nəzəri olaraq mümkündür. Onun sözlərinə görə, praktikada bu, barışığın daha yetkin mərhələsidir.
“Münaqişə həssas və travmatik olaraq qaldığı müddətcə, hər iki ölkədə vətəndaş cəmiyyəti sektoru qaçılmaz olaraq milli gündəliyə inteqrasiya olunur. İstənilən təşəbbüs “milli məqsədə uyğunluq” tərəfindən süzgəcdən keçirilir. Həqiqətən müstəqil platformaların yaranması üçün üç şərt lazımdır: mövzunun siyasi toksikliyinin azaldılması, iştirakçılar üçün təhlükəsizlik zəmanətləri və praqmatik ortaq maraqların mövcudluğu. Beləliklə, cavab budur: bəli, mümkündür. Amma bu, başlanğıc nöqtəsi deyil. Bu, cəmiyyətin artıq daxilən rasional birgə yaşayışa hazır olduğu prosesin son mərhələsidir. Və əgər belə səfərlər baş verərsə, bu, o deməkdir ki, bu istiqamətdə hərəkət etmək üçün məkan tədricən formalaşır”.
Oksford Universitetində elmi işçi, Beynəlxalq Münasibətlər üzrə ekspert Leyla Əliyeva bizimlə söhbətində hesab edir ki, birinci Qarabağ savaşından sonrakı dövrlə ikinci Qarabağ savaşından sonrakı zaman arasında münaqişənin həlli prosesinə yönəlik cəhdlərlə bağlı ciddi bir fərq var. Belə ki, birinci mərhələdə - 30 ilin içərisində bu cəhdlər əsasən aşağıdan gəlirdi. Burada söhbət müstəil ekspertlərdən, mülki cəmiyyət nümayəndələrinin fəaliyyətindən gedir. İndi isə, yəni, ikinci mərhələdə cəhdlər yuxarıdan edilir. Düzdür, ikinci mərhələdə də ekspertlər, mülki cəmiyyət nümayəndələri fəallıq göstərir. Amma bunlar hamısı nəzarət altındakı proseslərdir.

Leyla Əliyeva xüsusi olaraq vurğulayır ki, yuxarıdan sövq edilən proses daha sərfəli və daha effektli ola bilər. Amma onun fikrincə, bu müqayisəni həyata keçirmək üçün ciddi araşdırmalar lazımdır.
“Cəmiyyətdə azadlıqlar olmalıdır ki, cəmiyyətlərdə bir- birilə münasibətlər qursun, ikitərəfli proses olmalıdır, həm yuxarıda, həm də aşağıda. Demək olar ki, bu proseslər bir-birini tamamlayır, amma proseslər aşağıdan getsə, daha yaxşı olardı. Bu, sülhün daha ciddi və uzunmüddətli əsaslarını qoyar”.
Oslo Universitetinin Yaxın Şərq araşdırmaları üzrə magistr tələbəsi, ictimai fəal Rüstəm İsmayılbəyli isə hesab edir ki, Erməistanda dünən və bu gün keçirilən görüşlərdə hökumətə sadiq, dövlətin etibar elədiyi, dövlətlə ən müxtəlif səviyyədə əlaqələrə malik əsasən QONQO adlandırılan QHT-lərin nümayəndələri iştirak ediblər.

“Yəqin ki, bu görüşlərin müəyyən qədər təsiri var. Ən azından hökumətlər səviyyəsində, hakimiyyətə sadiq qruplar səviyyəsində müəyyən dialoqun yaranmış olması, müəyyən danışıqların getməsi hər iki dövlətin hökumətləri üçün müəyyən məna daşıyır və onları yaxınlaşması üçün təbii ki, bir çəkiyə sahibdir. Amma bunun ümumi ictimai sülh üçün, real vətəndaş cəmiyyətləri arasındakı dialoqun yaranması üçün effektiv olduğunu düşünmürəm. Müəyyən səviyyədə effektivdir, amma xalqlar arasındakı ideal sülh səviyyəsində effektiv olduğuna inanmıram”.
Rüstəm İsmayılbəylinin sözlərinə görə, Azərbaycan hakimiyyəti demokratik, inkluziv sülh modeli əvəzinə avtoritar xüsusiyyətli sülh təklif edir və bunu həyata keçirməyə çalışır.
“20-ci əsrdə bu, baş tutmuşdu, SSRİ hakimiyyəti Azərbaycan və Ermənistanı məhz bu konseptdə sülhə gətirmişdi. İndi Azərbaycan hökuməti eyni yanaşma nümayiş etdirir”.
Ekspert eyni zamanda hesab edir ki, Azərbaycan və Ermənistan arasında gərginliklər olduğu zamanlarda paralel olaraq müstəqil vətəndaş cəmiyyətləri arasında müxtəlif platformalarda danışıqlar aparılıb. Amma bu prosesin hazırda iki ölkənin ərazisində baş verməsi və mövcud hakimiyyətlərin tanıması mümkün görünmür.
“Çünki Azərbaycan hökuməti 2023-cü ildən sonra xüsusilə müstəqil vətəndaş cəmiyyətinin, müstəqil QHT-lərin fəaliyyətinə, tamamilə dözümsüzdür. Heç bir formada bununla barışmır. Ermənistanın hazırkı hakimiyyəti də Azərbaycan hakimiyyəti ilə hər hansı konfliktə gətirəcək addımı atmaqda maraqlı deyil. Yəni, Azərbaycan hakimiyyətinin marağı olmadan hər hansı müstəqil QHT görüşünün Ermənistanda baş tutması mümkün deyil”.
Rüstəm İsmayılbəyli hesab edir ki, əgər Azərbaycanda müstəqil vətəndaş cəmiyyəti qrupları Ermənistandakı müstəqil vətəndaş cəmiyyəti qrupları ilə dialoq aparmaq istəyirlərsə, bu, tamamilə başqa platformada olmalıdır və o platformadan da iki dövlət arasındakı sülh prosesinə təsir göstərilməsi real görünmür.
“Hətta Bəhruz Səmədov keysində olduğu kimi, mümkündür ki, bu prosesdə iştirak edən vətəndaş cəmiyyəti üzvləri günün sonunda Vətənə Xəyanət maddəsi ilə ittiham oluna bilərlər, cəzalandırıla bilərlər”.
Ekspert düşünür ki, Azərbaycan və Ermənistanda müstəqil, həqiqi vətəndaş cəmiyyəti qrupları arasında demokratik, inkluziv həqiqi sülh agendasının qurulması mümkün görünmür. Belə ki, bu prosesi dövlət öz nəzarətində saxlayacaq, bu prosesi heç vaxt başqa qruplara açmayacaq. Dövlətin nəzarətində olacağı təqdirdə isə vəziyyət həmişə avtoritar sülhə yaxın olacaq, nəinki inkluziv dialoqlu demokratik yanaşmaya.
Həftənin əvvəlində ABŞ-nin Vitse-prezidenti Cey Di Vens Azərbaycan və Ermənistana səfər etdi. Səfər zamanı ABŞ və Azərbaycan, ABŞ və Ermənistan arasında müxtəlif sənədlər imzalandı, razılaşmalar ortaya qoyuldu.
ABŞ Ermənistana dron verdi, müdafiə sahəsində əməkdaşlıq perspektivlərini müəyyən etdi, Azərbaycanla Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalandı…
Vensin səfərini maraqlı edən məsələlərdən biri onun Gürcüstana getməməsidir. Görəsən, səbəb nədir? Gürcüstan tərəfi bu səfərə necə yanaşır?
Gürcüstanın Tbilisi şəhərində yerləşən Avropa Universitetinin (European University) dosenti Georgi Makçedlişvili “Abzas Media”ya açıqlamasında bildirib ki, əgər ABŞ rəhbərliyi regiona olan marağını qoruyub saxlasa, Vensin səfəri həqiqətən tarixi xarakter daşıya bilər.

“Bu günə olan mənzərəyə görə, Amerika regionda öz geosiyasi bayrağını sancıb və hər iki ölkəyə bəzi strateji "faydalı təkliflər" təqdim olunub. Ermənistanın enerji təhlükəsizliyinə investisiya qoyulması, ona pilotsuz uçuş aparatları (PUA) və süni intellekt texnologiyalarının verilməsi Ermənistanı həqiqətən müstəqil edə bilər ki, bu da onun indiyədək çatışmayan cəhəti olub. Azərbaycana gəldikdə isə, Vensin
gəlişindən əvvəl onlarla iri korporasiyanın Bakıya səfər etməsi ABŞ-nin ciddi marağından xəbər verir. Bundan əlavə, Bakının hərbi dəniz vasitələri ilə təmin edilməsi Azərbaycanı Xəzər dənizində böyük bir gücə çevirə bilər ki, bu da Rusiya və İrana vurulan kifayət qədər ciddi bir zərbədir. Beləliklə, bu səfərin həqiqətən tarixi bir hadisəyə çevrilməsi potensialı mövcuddur”.
Ekspert Gürcüstanın son vaxtlar irimiqyaslı layihələrdən kənarda qalmasından təəssüflənir. Bunun əsas səbəbi Tbilisi ilə Qərb-istər Avropa Birliyi, istər Avropa Şurası, istərsə də ABŞ-nin əvvəlki administrasiyası olsun - arasındakı münasibətlərin əhəmiyyətli dərəcədə soyumasıdır.
“Hazırkı Tramp administrasiyası xarici siyasətdə "transaksional" (qarşılıqlı sövdələşməyə əsaslanan) yanaşmaya üstünlük versə də, Gürcüstanla bağlı hələ qəti qərar verməyib; bu, isə o deməkdir ki, ölkə əhəmiyyət dərəcəsinə görə üçüncü və ya dördüncü dərəcəli yerdədir. Xüsusilə nəzərə alsaq ki, mövcud Gürcüstan rəhbərliyini sərt tənqid edən və əsas hökumət rəsmilərinə qarşı sanksiyaları nəzərdə tutan “Megobari” aktı artıq bir ildən çoxdur ki, Konqresdə hazırlanır. Bütün bunlar göstərir ki, Gürcüstanın Tramp administrasiyasının strateji baxışına əhəmiyyətli dərəcədə daxiledilməsi ehtimalı azdır. Bununla belə, inanıram ki, yaxın aylar bu proses çərçivəsində Gürcüstanın taleyinə aydınlıq gətirəcək”.
Georgi Makçedlişvili TRIPP layihəsinə - “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”na da münasibət bildirib. Onun fikrincə, TRİPP layihəsi Cənubi Qafqaz regionunu Avropa ilə Asiya arasında əsas bağlayıcı həlqəyə çevirmək potensialına malikdir və Gürcüstanda demək olar ki, hər kəs bunu başa düşür.
“Həmçinin o da dərk olunur ki, Gürcüstandan keçən mövcudmarşrutların payı azalsa belə, mövcud infrastruktur Gürcüstanın hələ də mühüm bir keçid nöqtəsi olmasına imkan verəcək. Eyni zamanda, TRIPP layihəsinin, eləcə də Ermənistan-Azərbaycan sülhünün gətirəcəyi “sülh dividendlərinin” potensialı o qədər böyükdür ki, Orta Dəhlizin bütün marşrutları üçün kifayət qədər ticarət həcmi olacaqdır”.
Yeri gəlmişkən, Birləşmiş Ştatların nüfuzlu “The Washington Post” qəzeti Vensin regiona səfərinə həsr etdiyi “X” platformasındakı paylaşımında Cənubi Qafqazı Rusiyanın ərazisi adlandırıb. Daha sonra isə paylaşımda düzəliş edilib və Cənubi Qafqazın Rusiyanın bir hissəsi olmadığını bəyan edilib. Belə nüfuzlu bir nəşrin bu cür səhvə yol verməsi suallar doğurub.
Amerikalı media ekspertlərinin “Abzas Media”ya verdiyi məlumata görə, nəşrdə son iki həftə ərzində böyük ixtisarların aparılması belə halın yaşanmasına səbəb ola bilər.
Müəllif: Cəsur Məmmədov