Azərbaycan məhkəmələri hökuməti tənqid edən, ölkə xaricində yaşayan jurnalistlər, bloqerlər və digər şəxslər barəsində yeni qiyabi hökmlər çıxarıb. “Human Rights Watch” təşkilatının Avropa və Orta Asiya bölməsinin direktor müavini Giorgi Qogiya yazır ki, bu qərarlar hakimiyyətin “transsərhəd repressiya” kampaniyasının genişləndirildiyini göstərir.
Qogiyanın yazdığına görə, yanvar ayında Bakı məhkəməsi ABŞ-də yaşayan bir neçə hökumət tənqidçisini qiyabi qaydada məhkum edib. Jurnalist Sevinc Osmanqızı “kütləvi iğtişaşlara çağırış” və “dövlətin devrilməsinə çağırış” ittihamları ilə 8 il azadlıqdan məhrum edilib. Video-bloqer Vaqif Allahverdiyev də 8 il həbs cəzası alıb. Prokurorlar onun 2017-ci ildə “YouTube”da paylaşdığı videonu hakimiyyətə qarşı “zorakılığın tətbiqini təşviq edən” material kimi təqdim ediblər. Bloqer Murad Quliyev isə sosial şəbəkə paylaşımlarına görə 6 il həbs cəzası alıb.
Məqalədə qeyd olunur ki, bu işlər “Human Rights Watch”un sənədləşdirdiyi daha geniş miqyaslı təzyiq dalğasının bir hissəsidir. Təşkilatın məlumatına görə, 2025-ci ildə Azərbaycan hakimiyyəti mühacirətdə yaşayan bir neçə tənqidçi barəsində qiyabi hökm çıxarılmasına nail olub. Həmin şəxslər arasında “Azadlıq” qəzetinin Fransada yaşayan baş redaktoru, jurnalist Qənimət Zahid də var. Onun 7 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilir. Eyni zamanda, akademik, tarixçi Altay Göyüşov və siyasi analitik Ərəstun Oruclu daxil olmaqla digər tənqidçilər barədə cinayət işlərinin aparıldığı qeyd edilir.
Qogiyanın yazısında oxşar icraatların aktivistlər Tural Sadıqlı, Orduxan Temirxan (Bəbirov), Elşad Abdullayev, Rafael Piriyev, Qurban Məmmədov, Elşad Məmmədov və Qabil Məmmədova da şamil olunduğu vurğulanır. Onlara qarşı, digər ittihamlarla yanaşı, dələduzluq və saxtakarlıq, kütləvi iğtişaşlara təhrik, eləcə də “dövlətə qarşı açıq çağırışlar” kimi maddələrin irəli sürüldüyü qeyd olunur.
Yazıda qeyd edilir ki, hakimiyyətin təsir imkanları yalnız məhkəmə prosesləri ilə məhdudlaşmır və “sərhədlərdənkənar oğurluq/qaçırılma” kimi görünən hallarla da müşayiət olunur. Bildirilir ki, 2025-ci ilin martında Rusiyanın Yekaterinburq şəhərində yaşayan, 2014-cü ildən Azərbaycana girişinə qadağa qoyulduğu deyilən talış tarixçisi, Rusiya vətəndaşı Zahirəddin İbrahimov itkin düşüb və daha sonra Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin nəzarətində “yenidən ortaya çıxıb”. Qogiyanın yazdığına görə, İbrahimov “vətənə xəyanət”, “dövlətə qarşı açıq çağırışlar” və nifrətə təhrik ittihamları ilə üzləşir; hökumətyönlü media isə onun guya Ermənistanla yaxın əlaqələri olduğunu iddia edib. Onun həmin vaxtdan istintaq təcridxanasında saxlanıldığı vurğulanır.
Eyni ayda, yazıda qeyd edildiyinə görə, etnik azlıq fəalı, Rusiya vətəndaşı Kamal İsayev tibbi yardım üçün Türkiyəyə getdiyi zaman saxlanılıb və zorla Azərbaycana gətirilib. Qogiya bildirir ki, İsayev bundan əvvəl azlıqların hüquqlarını müdafiə edib və etnik icmalara təsir edən hökumət siyasətlərini tənqid edib. O, “dövlətə qarşı açıq çağırışlar” və təhrik ittihamları ilə həbs qətimkan tədbiri altında saxlanılır.
Məqalədə vurğulanır ki, bu cür işlər xaricdə yaşayan Azərbaycan tənqidçilərinə qarşı transsərhəd repressiya nümunələrinin genişləndiyini göstərir və diaspora icmalarının təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradır.
“Human Rights Watch”un Avropa və Orta Asiya bölməsinin direktor müavini yazır ki, Azərbaycan hakimiyyəti mühacirətdə olan jurnalistlərə, bloqerlərə və aktivistlərə qarşı siyasi motivli ittihamları dərhal geri götürməli, qiyabi hökmləri ləğv etməli, tənqidçiləri xaricdə hədəfə almaq üçün ekstradisiya və təhlükəsizlik mexanizmlərindən sui-istifadəni dayandırmalıdır. O, xarici hökumətləri də “adi cinayət tərkibini” təsdiqləyən etibarlı sübutlar olmayan siyasi motivli sorğular üzrə hərəkət etməməyə və sakinləri, eləcə də qaçqınları təhdid, təzyiq və qeyri-qanuni köçürülmələrdən qorumaq üçün addımlar atmağa çağırır.