Fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə “Meclis.info işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesdə təqsirləndirilən İmran Əliyev, polis nəzarətində saxlanılan Elgiz Qəhrəman və Tamella Musayeva iştirak ediblər.
İclasda şahid qismində Mədinə Abdullayeva dindirilib. O bildirib ki, təqsirləndirilənlərdən yalnız İmran Əliyev və Elgiz Qəhrəmanı tanıyır.
Şahidin sözlərinə görə, İmran Əliyevlə müraciət etdiyi beynəlxalq proqram vasitəsilə tanış olub və “Meclis.info” platformasında təcrübəçi kimi bir neçə ay çalışıb:
“Orada yarımştat çalışırdım. Biz deputatların Milli Məclisdə, mediada çıxışlarını toplayırdıq. Bunu bizə İmran bəy tapşırmışdı”.
Hakim şahiddən bu işə görə məvacib alıb-almadığını soruşduqda, Abdullayeva ödənişi İmran Əliyevdən deyil, beynəlxalq təşkilatdan aldığını deyib:
“Məni bu proqrama USAİD seçib, maaşı həmin təşkilat ödəyirdi. İmran sadəcə onlardan alıb mənə verirdi. 300 avro idi, səhv xatırlamıramsa”.
Dövlət ittihamçısı isə gördüyü işlə bağlı hər hansı müqavilə imzalanıb-imzalanmadığını soruşub. Şahid müqaviləni İmran Əliyevlə bağladığını söyləyib. Bu zaman İmran Əliyev etiraz edib və həmin şəxslə heç bir müqavilə imzalamadığını bildirib.
İmran Əliyev də şahidə suallar ünvanlayaraq, onu işə götürüb-götürmədiyini və əməkhaqqı barədə danışıb-danışmadıqlarını soruşub:
“Mən sizinlə nə vaxtsa ödənişlə bağlı danışmışam? Əməkhaqqı, məbləğ müzakirə etmişik? Mənimlə hər hansı müqavilə bağlamısınız bununla bağlı?”
Şahid suallara “Yox, mən sizin işçiniz deyildim” cavabı verib.
İmran Əliyevin vəkili Rəsul Cəfərovun müvəkkilinin nə vaxtsa xarici ölkələrdən pul gətirməsini eşidib-eşitmədiyi, yaxud görüb-görmədiyi barədə sualına şahid mənfi cavab verib. Mədinə Abdullayeva Elgiz Qəhrəmanı isə vətəndaş cəmiyyətindən tanıdığını qeyd edib.
Daha sonra İmran Əliyev ifadələrdə adı çəkilən beynəlxalq təşkilatların nümayəndələrinin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb:
“O pul haradan gəlib mənə çatıb? Ağacdan yığıb verməmişəm ki. Beynəlxalq təşkilatlar gəlib desinlər ki, o pul haradan gəlib. Üç aydan bir məhkəmə edirsiniz, onda da belə. Sifarişiniz verilməyib hələ? Sifarişi yerinə yetirin. Siz öz işinizə hörmətsizlik edirsiniz”.
Hakim heyəti vəsatəti təmin etməyib. Bundan sonra İmran Əliyev məhkəməyə etiraz olaraq hakimlərə arxasını çevirib. Hakim Roman Ələkbərli onun yenidən şüşə kabinə keçirilməsi barədə göstəriş verib.
Bu zaman İmran Əliyev siyasi məhbusların ABŞ-nin vitse-prezidenti Cey Di Vensə ünvanlanan bəyanatına qoşulduğunu bildirib:
“Vens İlham Əliyevlə alver etməsin. Önəmli olan insan haqlarıdır. Bu ölkədə nə hakim işləyir, nə ədliyyə. Heç biri işləmir. Hamısı şoudur”.
Növbəti məhkəmə iclası martın 3-nə təyin edilib.
İmran Əliyev 2024-cü il aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham verildiyi, daha sonra ittihamların genişləndirildiyi bildirilir. Elgiz Qəhrəman və Tamella Musayeva isə həmin iş üzrə 2025-ci ilin fevralında cinayət məsuliyyətinə cəlb olunub və barələrində polis nəzarəti qətimkan tədbiri seçilib.
Hazırda hər üç şəxs barəsində 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan səkkiz ağır maddə ilə ittiham irəli sürülüb. Yerli və beynəlxalq hüquq müdafiəçiləri “Meclis.info işi”ni siyasi motivli sayır və təqsirləndirilən şəxslərin azadlığa buraxılmasını tələb edirlər.
Foto: sosial media, Elgiz Gahraman