Münhen Təhlükəsizlik Konfransı zamanı prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın müstəqil mətbuat və demokratiya ilə bağlı suallara cavabları media azadlığı və siyasi ünsiyyət üslubu ilə bağlı müzakirələrə səbəb olub.
Son illərdə Azərbaycanda jurnalist həbsləri, müstəqil medianın redaksiyalarının bağlanması və beynəlxalq media qurumlarının fəaliyyətinə qoyulan məhdudiyyətlərin fonunda Münhendəki dialoq daha geniş siyasi kontekstin bir hissəsi kimi dəyərləndirilir.
“Abzas media”ya danışan ekspertlərə görə, “ObyektivTV”nin rəhbəri Emin Hüseynovun suallarına ölkənin birinci şəxslərinin verdiyi cavablar və onların tərzi hazırda Azərbaycanda hakimiyyətlə müstəqil media arasındakı münasibətləri göstərir.
Nə baş verib?
Fevralın 13-də Almaniyaya konfransda iştirak etmək üçün gedən prezident İlham Əliyev ayaqüstü hökumətyönlü media nümayəndələrinin suallarını cavablandırıb. Hadisə yerində olan müstəqil media təmsilçilərinə isə sual vermək imkanı yaradılmayıb.
Ərazidə olan “ObyektivTV”nin rəhbəri Emin Hüseynov prezidentə “müstəqil medianın suallarını cavablandırın” çağırışı edib. Prezident İlham Əliyev buna cavab olaraq “Dünyada müstəqil media yoxdur” deyərək ərazidən uzaqlaşıb. Jurnalistin sözlərinə görə, prezidentin mühafizə xidməti onun qarşısını kəsərək ərazidən uzaqlaşdırmağa çalışıb.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də Emin Hüseynovun azad mətbuatla bağlı sualına “Mən sizi azad mətbuat hesab etmirəm, siz azad mətbuat deyilsiniz” deyə cavab verib.
Emin Hüseynov Azərbaycan birinci vitse-prezidenti Mehriban Əliyevaya da yaxınlaşaraq demokratiya ilə bağlı sual verib.
Mehriban Əliyeva ona “Qadın paltarı geyinib səfirlikdə gizlənən siz idiniz? Sizə can sağlığı arzu edirəm”- deyərək jurnalistin cavabını dinləmədən uzaqlaşıb.
“10 il keçməyinə baxmayaraq, hələ də onlar üçün hər şey bitməyib”
Fevralın 16-da Emin Hüseynov canlı yayım açaraq baş verənlər və keçmişi ilə bağlı ittihamlara münasibət bildirib.
“Mənə 200 min manatadək vergi borcu yazmışdılar. İsveçrə hökuməti mənə görə Azərbaycan dövlət büdcəsinə təxminən 157 min manata yaxın pul ödəyib. Avropa İnsan Haqları Məhkəməsində bu işlə bağlı mənim xeyrimə qərar çıxarılıb. İlham Əliyev məni vətəndaşlıqdan çıxarıb. Vətəndaşlıqla bağlı iddiamda həmin məbləği də qeyd etmişdim. İsveçrə hökumətinin Talibana, terrorçulara vətəndaşları oğurlayanda girov pulu ödəmək üçün yaradılan bir fondu var. İddiamda bunu da vurğulamışdım ki, İsveçrə hökuməti mənim vergi borcumu həmin humanitar fond vasitəsilə ödəyiblər. Qeyd etmişdim ki, həmin məbləğ İsveçrə xalqına geri verməyim üçün qaytarılmalıdır”.
Emin Hüseynovun sözlərinə görə, onun Azərbaycan vətəndaşlığından çıxarılmasını AİHM qanunsuz sayıb və ölkə rəhbərliyinə Hüseynova vətəndaşlığın qaytarılması və dəymiş maddi-mənəvi zərərin ödənilməsi barədə öhdəlik qoyulub. Lakin bu günədək bu öhdəliklər yerinə yetirilməyib.
2014-cü ildə Azərbaycanda QHT-lərlə bağlı qanunvericiliyə edilən dəyişikliklər xarici maliyyələşmə, qrant qeydiyyatı və hesabatlılıq tələblərini sərtləşdirdi. Bunun nəticəsində bir çox təşkilatın fəaliyyət imkanları məhdudlaşdı.
Bu dəyişikliklərdən sonra bir sıra hüquq müdafiəçiləri, jurnalistlər və QHT rəhbərləri maliyyə və vergi pozuntuları kimi ittihamlarla istintaqa cəlb olundu və həbs edildi.
2014-cü ildə Baş Prokurorluq Emin Hüseynovun rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun fəaliyyəti ilə bağlı cinayət işi açıb və onun ölkədən çıxışına qadağa qoyulub. Hüseynov həmin dövrdə işin siyasi motivli olduğunu bildirib. Azərbaycan rəsmiləri isə ittihamların maliyyə pozuntuları ilə bağlı olduğunu deyib. Mümkün həbsi və təhlükəsizlik risklərini əsas gətirən Hüseynov Bakıdakı İsveçrə səfirliyində gizlənib və 2015-ci ildə ölkəni tərk edərək mühacirətə gedib.
Hüseynov hesab edir ki, Mehriban Əliyevanın onun barəsində səsləndirdiyi fikirlərin arxasında məlumatsızlıq, yaxud da yalnış bilgiləndirmə durur.
“Birincisi, qadın paltarı geyinsəydim, bunu böyük fəxrlə deyərdim ki, “əcəb eləmişəm”. Amma mən qadın paltarı geyinməmişdim. Öz vizual görüntümü dəyişdim, səfirliyə kişi paltarında girdim. Sizin güc strukturlarını aldatdım, məsələ bitdi. Görünür ki, on il keçməyinə baxmayaraq, hələ də onlar üçün hər şey bitməyib”.
“Repressiv rejimin göstəricisi”
“Azadlıq” qəzetinin mühacirətdəki redaktoru, siyasi şərhçi Rahim Hacıyev nə İlham Əliyevin, nə də Mehriban Əliyevanın hökumətyönümlü olmayan jurnalistin sualına verdiyi cavablara təəccüblənib:
“Azərbaycan faktiki totalitarizmin bir addımlığındadır və təbii ki, hakimiyyətin ən yüksək pilləsində oturanların göstərişi olmadan bu mümkün deyildi. Bilavasitə, onların apardığı repressiya siyasəti nəticəsində Azərbaycanın şimali Koreya səviyyəsinə, Türkmənistan səviyyəsinə çatmasına uzaqbaşı bir addım qalıb. Bu vaxta qədər aparılan repressiya siyasətinin məqsədi də ölkədə totalitar rejim qurmaqdır. Prezident vəzifəsindəki şəxsin, onun birinci müavini vəzifəsindəki şəxsin cavablarında təəccübli heç nə yoxdur. Onlar nə beynəlxalq normalarla hesablaşıblar, nə ölkə qanunlarilə hesablaşıblar”.
Rahim Hacıyev bildirir ki, bütün hallarda jurnalistin sualını cavablandırmamaq qəbuledilməzidir:
“Siyasətçi postunu tutan adam jurnalistin sualına necə olmasından asılı olmayaraq cavab verməyə borcludur. Azərbaycan sivil qaydalarla idarə olunmur axı, feodal qaydalarla idarə olunan ölkədə nə müstəqil mətbuat?! Bu adamlar ağıllarına belə gətirmir ki, ölkədə müstəqil mətbuat ola bilər. Azad şəkildə jurnalistika fəaliyyəti ilə məşğul ola bilərlər, onlar sual verə bilərlər, onların sualına cavab verməlisən. Ona görə məhz bu düşüncə son dərəcə sərt repressiv rejimi yaradıb”.
"Cəmiyyətin beyninə yer etmək istənilən klişe"
Jurnalist Rauf Mirqədirov deyir ki, prezident illərlə cəmiyyətin beyninə yeritmək istədiyi fikri sadəcə bu dəfə dilə gətirib:
“Siz hakimiyyət təmsilçilərinin bu mövzudakı fikirlərini oxusanız, bilərsiniz ki, onlar doğrudan da dünyada azad mətbuatın olmaması təəssüratı yaratmağa çalışırlar. Azad mətbuat anlayışı yoxdur, müstəqil mətbuat anlayışı yoxdur, azad mətbuat yoxdur və s. Əslində İlham Əliyevin cavabı klişe xarakteri daşıyır. Əliyev əslində cəmiyyətin beyninə yer etmək istənilən klişeni təkrar etdi. Yəni, bu, uzun illərdir Azərbaycan cəmiyyətinin beyninə yeridilir: ümumiyyətlə azad mətbuat yoxdur, hakimiyyət tənqidçilərinin hamısı xaricdən, Azərbaycan xalqının düşmənləri tərəfindən maliyyələşdirilir və s.”.
Feminist fəal Nərmin Şahmarzadə isə məsələyə cinsi ayrı-seçkilik aspektindən yanaşır və deyir ki, Mehriban Əliyevanın Emin Hüseynovu yaddaşında hardansa “qadın paltarının altına sığınan şəxs kimi təqdim etməsi” mizogeniyadır (red.: mizogeniya - qadınlara qarşı nifrət, aşağı görmə və ya sistemli ayrı-seçkilik münasibətini ifadə edən anlayışdır).
“Mehriban Əliyevanın cavabı birbaşa mizogeniya ifadə edir. İctimai formada bu, elə gəlinləri Alyona Əliyevaya yönəlmiş mizogeniyaya cavab olaraq etdiyi təəssüratını yaratmaq və Emini öz kamerası ilə eyni dəyərlər üzərindən aşağılamağa xidmət edir”.
Nərmin Şahmarzadə bu cavabların spontan olduğunu düşünmür və hesab edir ki, hakimiyyətin cavab ritorikası əvvəlcədən planlanıb.
“Zaman-zaman istər yerli, istərsə də başqa millətdən olan siyasətçilərin jurnalistləri və onların işini alçaltdıqlarına şahid ola bilirik. Alçaltmaq burada istehza və qeyri-ciddi tonla yaradılır. Bu siyasətçilərin Ad Hominemidir (red.: ad hominem - mübahisədə qarşı tərəfin dediyini yox, özünü hədəf almaqla arqumenti “çürütməyə” çalışmaqdır). Onlar suala, mövzuya, ortada çılpaq qalmağa dair narahatlıqlarını çox halda hücum kimi dəyərləndirirlər. Hücum onların nüfuzunu sarsa bilər, bu səbəbdən də onlar nüfuzunu sarsmağa çalışanların özlərinin “kimliyinə” dair əks-hücum yaradırlar. Dolayı yolla desəm, bu, şüurlu və ya şüursuz özünü müdafiədir”.
180 ölkə arasında 167-ci yer
Emin Hüseynov fevralın 18-də yayımladığı videoda İsveçrədə izləndiyini də iddia edib. O, bu izlənmənin məhz jurnalist fəaliyyəti ilə bağlı Prezident İlham Əliyevin göstərişi əsasında baş verdiyini bildirib.
“Sərhədsiz Reportyorlar” Təşkilatının media azadlığı indeksində Azərbaycan 180 ölkə arasında 167-ci yerdə durur.
2023-cü ilin noyabrından etibarən müstəqil mediaya qarşı repressiya dalğası başlayıb və hazırda 25-dən çox jurnalist həbs edilib. Bir sıra müstəqil media qurumları ölkə daxilində fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. 2025-ci ilin mart–aprel aylarında “BBC”, “Reuters”, “Amerikanın Səsi” və “Bloomberg” kimi beynəlxalq media orqanlarının yerli fəaliyyəti məhdudlaşdırılıb.
Beynəlxalq təşkilatlar saxlanan jurnalistlərin azad edilməsinə və mediaya təzyiqlərin dayandırılmasına çağırışlar etsə də, Azərbaycan hökuməti ölkədə siyasi baxışlara görə təqib olmadığını və fundamental hüquqların təmin edildiyini bildirir.