Nənəsi Bəhruz Səmədovla əlaqə saxlamağa imkan verilmədiyini deyir

Nənəsi Bəhruz Səmədovla əlaqə saxlamağa imkan verilmədiyini deyir
10 Fevral 2026
Mətni dəyiş

Həbsdə olan Çexiyanın Karlova Universitetinin doktorantı və sülh fəalı Bəhruz Səmədovun nənəsi Zibeydə Osmanova nəvəsi ilə əlaqə saxlaya bilmədiyini bildirir.

Osmanovanın sözlərinə görə, nəvəsinin saxlanıldığı qapalı rejimli Umbakı Penitensiar Kompleksindən ona Səmədovun iki həftəlik karantinə alındığı deyilib. Karantin müddətində Səmədovun telefon əlaqəsi saxlaması və görüşməsi mümkün olmayacaq.
Məlumata əsasən, Bəhruz Səmədov fevralın 5-dən aclıq aksiyası keçirir. O, Umbakı həbsxanasından Bakı şəhərindəki cəzaçəkmə müəssisələrindən birinə köçürülməsini tələb edir.

Səmədovun yeganə ailə üzvü olduğu bildirilən 82 yaşlı nənəsi daha əvvəl açıqlamasında Umbakının Bakından təxminən 70 kilometr aralıda yerləşdiyini, bu məsafənin yaşı və səhhəti baxımından onun üçün çətinlik yaratdığını demişdi.

Bəhruz Səmədov ötən il oktyabrın 21-də saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsində “daxili qaydaları pozmaq” ittihamı ilə cərimə kamerasına (“kars”) salınıb. Onun vəkili qərarın qanunsuz olduğunu bəyan edib.

Noyabrın 17-də keçirilən iclasda şikayətə baxılmadığı, işin Bakı İnzibati Məhkəməsinə göndərildiyi qeyd olunub. Həmin iclas zamanı cəzaçəkmə müəssisəsinin rəhbərliyi Səmədovun Umbakı qəsəbəsindəki Penitensiar Kompleksin qapalı hissəsinə köçürülməsi ilə bağlı təqdimat verib.

Bəhruz Səmədov 2025-ci il dekabrın 1-də Umbakı qapalı tipli həbsxananın ağır rejimli hissəsinə bir il müddətinə köçürülüb.

Bəhruz Səmədovu 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıb və ona dövlətə xəyanət ittihamı irəli sürülüb. 2025-ci il iyunun 23-də məhkəmə Səmədovu 15 il azadlıqdan məhrum edib. Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Səmədov ittihamları qəbul etmir. Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları onun həbsini siyasi motivli hesab etdiklərini bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun