Prokuror Azər Qasımlıya 13 il həbs istəyib: “Hər şey bir nəfərin ifadəsi əsasında qurulub”

Prokuror Azər Qasımlıya 13 il həbs istəyib: “Hər şey bir nəfərin ifadəsi əsasında qurulub” Foto: Amerikanın Səsi
11 Fevral 2026
Mətni dəyiş

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlıya qarşı irəli sürülən “hədə-qorxu ilə tələb etmə” ittihamı üzrə məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı Qasımlının 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Fevralın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Daha sonra prokuror çıxış edərək bildirib ki, Azər Qasımlıya Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə — külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə verilmiş ittiham məhkəmədə sübut olunub.

İş üzrə zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifov prokurorun çıxışı ilə razılaşdığını deyib. Müdafiə tərəfi isə çıxış üçün vaxt istəyib.

Prokurorun çıxışından əvvəl ötən iclasların birində bu işdə zərərçəkmiş kimi tanınan, Azər Qasımlının hədə-qorxu ilə pul tələb etdiyi iddia olunan Qurbanəli Yusifovun keçmiş həyat yoldaşı Fərəhbanu Yusifovanın şahid kimi dindirilməsi məsələsinə baxılıb. O, iki dəfə məhkəməyə gəlmədiyi üçün barəsində məcburi gətirilmə qərarı çıxarılmışdı.

Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı “Abzas Media”ya bildirib ki, hakim Telman Hüseynov Fərəhbanu Yusifovanın yaşadığı yeri müəyyənləşdirməyin mümkün olmadığını və bu səbəbdən məcburi gətirilmə barədə qərarın ləğv edildiyini açıqlayıb.

“Yasamal polisindən elektron məhkəmə sisteminə sözügedən şəxsi tapa bilmədikləri barədə ərizə yerləşdirilib. Halbuki məhkəmə iki ünvana - həm Mingəçevir şəhərinə, həm də Yasamal polisinə qadının tapıb gətirilməsi ilə bağlı müraciət göndərmişdi. Ötən prosesdə Qurbanəli Yusifov da bildirmişdi ki, sözügedən şəxslə qonşudur və o, Sahil küçəsində yaşayır. Elə bu dəfə hakim özü də bunu xatırlatdı. Əlavə etdi ki, qadının gəlib ifadə vermək istəmədiyini düşünürlər”, - Samirə Qasımlı bildirib.

Bundan sonra Azər Qasımlı və onun vəkili Rövşanə Rəhimova məhkəmənin bu yanaşmasına etiraz ediblər.

“Azərbaycan polisi istənilən şəxsi istənilən yerdən tapıb gətirə bilər. Deməli, o qadının gəlib burada ifadə verməsini istəmirlər", - deyə Azər Qasımlı bildirib.

“Bu, o deməkdir ki, Azərbaycanda istənilən şəxs şahid kimi ifadə verməkdən imtina edə bilər. Deməli, bizim məhkəmələrdə bu, bu qədər asan imiş”, - Rövşanə Rəhimova məhkəməyə etirazında deyib.

Daha sonra vəkil Rövşanə Rəhimova zərərçəkmiş kimi tanınan Qurbanəli Yusifovla Fərəhbanu Yusifovanın boşanması barədə sorğu göndərilməsini istəyib. Hakim isə buna ehtiyac görmədiyini, həmin sənədin elektron məhkəmə sistemindən əldə oluna biləcəyini deyib. Ardınca sənədlər sistemdən çıxarılıb.

Məhkəmədən əldə edilən sənədlərə əsasən, Qurbanəli Yusifov 2022-ci il yanvarın 7-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə Fərəhbanu Yusifovadan boşanıb.

“Qurbanəli Yusifov deyirdi ki, Azər Qasımlı məni borc məsələsinə görə təhdid edirdi və narahat edirdi, buna görə də ailəsi dağılıb. Halbuki, Azər Qasımlıya qarşı irəli sürülən iddiada qeyd edilib ki, o, Qurbanəli Yusifovu 2022 və 2023-cü illərdə təhdid edib. Əgər bu adam 2022-ci ilin yanvarında boşanıbsa, bu, bir daha onu göstərir ki, bu ailə Azər Qasımlıya görə dağılmayıb”, - Samirə Qasımlı bildirib.

Samirə Qasımlı əlavə edib ki, nə ibtidai istintaq materiallarında, nə də məhkəmə istintaqında Azər Qasımlının Qurbanəli Yusifovu təhdid etməsinə dair hər hansı fakt və sübut təqdim olunub.

“Əksinə müdafiə tərəfi kifayət qədər sübutlar-faktlar ortaya qoymuşdu. Orada Qurbanəli Yusifovun səs yazıları, mesajlar və digər sənədlər var idi. Onların hamısı göstərir ki, Azər Qasımlının ona qarşı heç bir təhdidi olmayıb. Nə atasını öldürməklə, nə uşağını oğurlamaqla təhdid edib. Hətta bu adamın özünün səs yazısında da bu, öz əksini tapmayıb. Biz gözləyirdik ki, iş yekunlaşanda Azər Qasımlıya qarşı heç olmasa hansısa saxta bir sübut, qondarma bir fakt ortaya qoyular. Amma heç buna da ehtiyac duymayıblar. Hər şey bir nəfərin ifadəsi əsasında qurulub. İddiaçının şahidlərinin isə - atası, anası, xalası oğlu, dostu – hər biri ifadələrində Qurbanəli Yusifovun onlara zəng edib Azər Qasımlının onu təhdid etdiyini dediyini bildiriblər. Amma heç biri nə ibtidai istintaqda, nə məhkəmə prosesində Azər Qasımlının Qurbanəli Yusifovu təhdid etdiyini gördüklərini demədilər”, - Samirə Qasımlı əlavə edib.

Samirə Qasımlının sözlərinə görə, Azər Qasımlı prokurorun 13 il həbs tələbinə gülüşlə reaksiya verib.

Növbəti məhkəmə prosesi fevralın 25-nə təyin edilib.

Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Qasımlı ittihamı siyasi sifariş kimi qiymətləndirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun