Qarabağdakı separatçı qurumun keçmiş “dövlət naziri”, milyarder Ruben Vardanyan barəsində çıxarılmış 20 illik həbs hökmündən apellyasiya şikayəti vermək niyyətində olmadığını açıqlayıb. O, apellyasiya prosesini “tamaşa” adlandıraraq, bu prosesdə iştirak etməyəcəyini bildirib.
Vardanyan fevralın 17-də Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi maddələri ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Onun ailəsi fevralın 19-da yaydığı bəyanatda bildirib ki, hökmə apellyasiya verilməməsi qərarla razılaşmaq və ya müdafiə hüququndan imtina etmək anlamına gəlmir.
“Bu qərar əvvəldən ədalət meyarlarına cavab verməyən prosesi legitimləşdirməkdən şüurlu imtinadır”, - deyə bəyanatda vurğulanıb.
Ailənin sözlərinə görə, hökmün tam mətni və lazımi tərcüməsi onlara təqdim olunmayıb və bu, prosessual hüquqların ciddi şəkildə pozulması kimi qiymətləndirilir.
“Apellyasiyadan imtina mübarizənin sonu deyil. Bu, farsda iştirakdan imtinadır”, – deyə bəyanatda qeyd olunub. Ailə ədalət axtarışını beynəlxalq hüquqi mexanizmlər və digər beynəlxalq institutlar vasitəsilə davam etdirəcəklərini açıqlayıb.
“Ədalətli məhkəmə hüququnu fundamental şəkildə inkar edən sistem daxilində öz hüquqlarını müdafiə etmək mümkün deyil”, - deyə Vardanyanın ailəsi əlavə edib.
Ruben Vardanyan 2023-cü il sentyabrın 27-də saxlanılıb. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, o, Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən tutulub.
Məhkəmə iclasları zamanı o, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün bir neçə dəfə vəsatət qaldırsa da, məhkəmə bu müraciətləri təmin etməyib.
Fevralın 19-da Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Qarabağdakı separatçı qurumun keçmiş vəzifəli şəxslərinin, o cümlədən Ruben Vardanyanın məhkum olunması Azərbaycanın “münaqişənin unikal hərbi-siyasi həll modeli”ni irəli aparmasının və “post-münaqişə sülh gündəliyinin” başlanmasının nəticəsidir.
Vardanyan digər 15 erməni əsilli saxlanılandan ayrı məhkəmə olunub. Həmin 15 nəfər arasında Qarabağdakı separatçı qurumun keçmiş “prezident”ləri də var idi. Onlar ümumilikdə 2 548 cinayətdə -soyqırımı, işgəncə, terrorçuluğun maliyyələşdirilməsi və cinayətkar birlik yaratma kimi əməllərdə ittiham olunublar.
Fevralın 5-də Bakı Hərbi Məhkəməsi həmin şəxslərdən beşinə ömürlük həbs cəzası verib. İki keçmiş “prezident” yaşları nəzərə alınaraq 20 il müddətinə azadlıqdan məhrum edilib. Digər yeddi nəfər isə 15 ildən 19 ilədək həbs cəzasına məhkum olunub.
Foto: Dövlət Sərhəd Xidməti