2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbuslar - siyasi məhbuslar – Hafiz Babalı, Fazil Qasımov, Samir Aşurov və Mehman Əliyev Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə açıq məktub ünvanlayaraq Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə edib və Avropa Parlamentinin qəbul etdiyi qətnamələrin icrası üçün konkret addımlar atılmasına çağırış edib.
“Siyasi Məhbusların Müdafiə Komitəsi”nin Təşəbbüs Qrupu adından imzalanan müraciətdə Avropa Komissiyasının Azərbaycanda siyasi məhbus probleminin həlli istiqamətində təsir imkanlarını səfərbər etməsinin vacibliyi vurğulanır. Məktubun müəllifləri bildirirlər ki, ölkədə siyasi repressiyalar dərinləşir və beynəlxalq öhdəliklərə əməl olunmur.
Məktubu olduğu kimi təqdim edirik.
“Hörmətli prezident Ursula von der Leyen!
Siyasi Məhbusların Müdafiə Komitəsinin Təşəbbüs Qrupu adından sizə bu müraciəti ünvanlayaraq Azərbaycanda insan hüquqlarının real vəziyyəti ilə bağlı sizi məlumatlandırmaq və bu mövzuda Avropa Parlamentinin qəbul etdiyi qətnamələrin icrasına çağırış etmək istəyirik.
Əvvəla, Azərbaycanda insan hüquqlarının vəziyyətini diqqət mərkəzində saxladığına görə Avropa Parlamentinin üzvlərinə dərin təşəkkürümüzü bildiririk. Avropa Parlamentinin sözügedən qətnamələri mühüm siyasi sənədlər olsa da, onların icra mexanizmini nəzərdən keçirmədən bu aktların Azərbaycanda insan hüquqlarının vəziyyətində müsbət dəyişikliyə gətirib çıxarması qeyri-mümkündür.
Qeyd edək ki, Avropa İttifaqına (Aİ) üzv ölkələrin hökumətləri ilə strateji tərəfdaşlıq münasibətləri qurmağa can atan Azərbaycan hökuməti uzun müddətdir alimləri, jurnalistləri, QHT nümayəndələrini və aktivistləri siyasi motivlərlə həbs edir, onlar barəsində ədalətsiz qərarların çıxarılması üçün məhkəmələrin fəaliyyətinə qanunsuz müdaxilələr edir, siyasi azadlıqları boğur, jurnalistləri peşə fəaliyyətinə görə cəzalandırır, akademik azadlıqlara hörmət etmir, tənqidi fikirlərə dözümsüzlük nümayiş etdirir. Siyasi repressiyalar Azərbaycanda vətəndaş cəmiyyətinin zəifləməsinə, demokratik institutların sıradan çıxmasına, müxalif siyasi partiyaların bağlanmasına və onların rəhbər şəxslərinin həbs edilməsinə, bir sıra müstəqil media qurumlarının və QHT-lərin bağlanmasına gətirib çıxarıb. Daha dəhşətlisi, siyasi təqiblər Azərbaycan vətəndaşlarının əksəriyyətində totalitar rejimlərdə mövcud olan psixologiyanın yaranmasına səbəb olub.
Azərbaycan hökuməti insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “İnsan hüquqlarının əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına riayət etməsə də, Aİ-yə üzv ölkələrlə strateji tərəfdaşlıq münasibətləri qurmağa can atır, Avropa Komissiyası ilə enerji sahəsində sıx əməkdaşlıq edir. Biz Avropa İttifaqına üzv ölkələrlə Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən, eləcə də Avropa Komissiyası ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıqdan məmnunluq duysaq da, Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı Avropa Parlamentinin qətnamələrinin kağız üzərində qalmasından və Avropa Komissiyasının Azərbaycanda siyasi məhbus probleminin həlli üçün öz imkanlarını səfərbər etməməsindən məyusluq hissi keçiririk.
İnsan hüquq və azadlıqlarına, demokratik prinsiplərə və qanunun aliliyinə hörmət Avropa mədəniyyətinin başlıca xüsusiyyətləridir. Bu mədəniyyətin daşıyıcılarının Azərbaycanda siyasi motivlərlə həbs edilməsinə Avropa Komissiyası səssiz qalmamalıdır. Beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarına görə, Azərbaycanda sayı 400-ə çatan siyasi məhbuslar və onların ailələri Avropa Komissiyasının prezidenti kimi sizin Azərbaycan hökumətinə siyasi repressiyaların dayandırılması və siyasi məhbusları azad etməsi üçün təsir imkanlarınızın olduğuna inanır və bu imkanlardan lazımınca istifadə etməyinizi xahiş edirik.
Fazil Qasımov
Hafiz Babalı
Samir Aşurov
Mehman Əliyev
14.02.2026”