“Transparency International”: “Azərbaycanda korrupsiya sistemlidir və hakimiyyətin bütün səviyyələrində özünü göstərir”

“Transparency International”: “Azərbaycanda korrupsiya sistemlidir və hakimiyyətin bütün səviyyələrində özünü göstərir”
11 Fevral 2026
Mətni dəyiş

“Transparency International”ın açıqladığı 2025-ci il Korrupsiyanı Qavrama İndeksinə görə, Azərbaycan ötən illə müqayisədə mövqeyini yaxşılaşdırsa da, hələ də korrupsiyanın sistemli xarakter daşıdığı ölkələr sırasında qalır.

Hər il dünyada dövlət sektorunda korrupsiyanın səviyyəsini ölçən “Transparency International”ın Korrupsiyanı Qavrama İndeksi bu il də həm demokratik, həm də avtoritar rejimlərdə korrupsiya ilə mübarizədə ciddi geriləmələrin olduğunu göstərir. Hesabatda Azərbaycan ayrıca qeyd olunur.

Azərbaycan: cüzi irəliləyiş, amma dərin problemlər qalır

2025-ci il Korrupsiyanı Qavrama İndeksində Azərbaycan 100 mümkün baldan 30 bal toplayaraq 180 ölkə arasında 130-cu yerdə qərarlaşıb. Bu göstərici ötən illə müqayisədə nisbi irəliləyiş kimi qiymətləndirilir.

Müqayisə üçün qeyd edək ki, 2024-cü il indeksində Azərbaycan cəmi 22 bal toplamış və 154-cü pillədə yer almışdı. Beləliklə, bir il ərzində həm bal, həm də reytinq baxımından müəyyən yüksəliş qeydə alınıb.

Region ölkələri ilə müqayisədə isə Azərbaycanın mövqeyi yenə də zəif qalır. Gürcüstan 50 balla 56-cı, Ermənistan 46 balla 65-ci yerdə qərarlaşıb. Rusiya 22 balla 157-ci, İran isə 23 balla 153-cü pillədədir.

Hesabatda vurğulanır ki, avtoritar idarəçilik sistemlərinə malik ölkələrdə, o cümlədən Azərbaycanda korrupsiya sistemlidir və hakimiyyətin bütün səviyyələrində özünü göstərir.

Qlobal mənzərə: korrupsiya dərinləşir

“Transparency International”ın 31-ci dəfə dərc etdiyi indeks 180-dən çox ölkə və ərazini 0-dan 100-ə qədər şkala üzrə qiymətləndirir. 0 bal - yüksək korrupsiya, 100 bal isə demək olar ki, “təmiz” idarəçilik deməkdir.

2025-ci ilin nəticələrinə görə, 80-dən yuxarı bal toplayan ölkələrin sayı son 10 ildə 12-dən cəmi 5-ə düşüb. Bu isə bir vaxtlar “yaxşı idarəçiliyin göstəricisi” sayılan həddin sürətlə itirildiyini göstərir.

Danimarka 89 balla ardıcıl səkkizinci dəfə lider olub. Onu Finlandiya (88) və Sinqapur (84) izləyir. Buna baxmayaraq, təşkilat dünyada korrupsiyaya qarşı “cəsarətli liderliyin çatışmadığını” bildirir.

Qərbdə də geriləmə var

Hesabatda ABŞ, Kanada, Böyük Britaniya və İsveç kimi uzun illər yüksək nəticə göstərmiş ölkələrdə də geriləmə qeydə alınıb. ABŞ tarixində ən aşağı göstəricilərindən birini - 64 bal toplayıb. Təşkilat bu vəziyyəti siyasi mühitin pisləşməsi, etik qalmaqallar və məhkəmə sisteminə etimadın azalması ilə izah edir.

Jurnalistlər və vətəndaş cəmiyyəti üçün risklər artır

Hesabatda bildirilir ki, bir sıra ölkələrdə müstəqil jurnalistlərin, vətəndaş cəmiyyəti təşkilatlarının və araşdırmaçıların (whistleblower) korrupsiya faktlarını üzə çıxarması getdikcə çətinləşir. Bu tendensiya xüsusilə avtoritar və repressiv rejimlərdə daha qabarıqdır.

Hakimiyyət nə deyir, tənqidçilər nə düşünür?

Azərbaycanda rəsmi qurumlar ölkədə korrupsiyaya qarşı sistemli mübarizə aparıldığını bildirir. Son illər bir neçə icra başçısı və yüksək vəzifəli məmur korrupsiya və mənimsəmə ittihamları ilə həbs edilib.

Lakin tənqidçilər hesab edirlər ki, bu addımlar sistemli islahatlara çevrilmir, müstəqil məhkəmə və azad media olmadan korrupsiyaya qarşı real nəticə əldə etmək mümkün deyil.

“Transparency International” vurğulayır ki, qlobal miqyasda cəsarətli siyasi iradənin olmaması antikorrupsiya səylərini zəiflədir və bir çox ölkədə islahatlar üçün beynəlxalq təzyiqi azaldır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun