Ukraynanın sabiq energetika naziri 112 milyon dollardan çox çirkli pulun yuyulması ittihamı ilə saxlanılıb

Ukraynanın sabiq energetika naziri 112 milyon dollardan çox çirkli pulun yuyulması ittihamı ilə saxlanılıb
16 Fevral 2026
Mətni dəyiş

Ukraynanın sabiq energetika naziri Qerman Qaluşenkoya qarşı pul vəsaitlərinin leqallaşdırılması (pul yuma) və cinayətkar qruplaşmada iştirak maddələri ilə ittiham irəli sürülüb. Bu barədə Ukraynanın İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu və Milli Antikorrupsiya Bürosu məlumat yayıb.

İttihama görə, cinayət təşkilatının üzvləri 2021-ci ildə Anqilya adasında (Böyük Britaniyanın özünüidarə olunan dənizaşırı ərazisi) təxminən 100 milyon dollar “investisiya” cəlb etməli olan fond qeydiyyatdan keçiriblər. “İnvestorlar” arasında Qaluşenkonun ailəsinin də adı çəkilir. Qurumlar bildirir ki, sabiq nazirin fonddakı iştirakı şirkətlər zənciri vasitəsilə gizlədilib, benefisiarlar kimi isə onun keçmiş həyat yoldaşı və dörd övladı göstərilib.

İstintaqın versiyasına əsasən, daha sonra həmin fondun üç İsveçrə bankında açılmış hesablarına “şübhəli şəxsin maraqları naminə” vəsaitlər köçürülüb və ümumilikdə 7,4 milyon dollardan çox pul yatırılıb. Bundan əlavə, İsveçrədə Qaluşenkonun ailəsinə 1,3 milyon İsveçrə frankı və 2,4 milyon avro həm nağd verilib, həm də birbaşa köçürmələrlə çatdırıldığı iddia olunur.

Bildirilir ki, vəsaitin bir hissəsi İsveçrədə nüfuzlu təhsil müəssisələrində oxu haqqının ödənilməsinə sərf edilib və keçmiş həyat yoldaşının hesablarında yerləşdirilib. Qalan məbləğin isə depozitə qoyulduğu, ailənin buradan əlavə gəlir əldə etdiyi vurğulanır.

Ukraynanın İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun iddiasına görə, Qaluşenkonun vəzifədə olduğu dövrdə (2021–2025) cinayət təşkilatı onun “Roket” kimi tanınan etibarlı şəxsi vasitəsilə enerji sektorundakı qanunsuz fəaliyyətdən nağd şəkildə 112 milyon dollardan çox vəsait əldə edib.

Qaluşenko 2021-ci ilin aprelində energetika naziri təyin olunmuş, 2025-ci ilin iyulunda isə ədliyyə naziri postuna keçmişdi. O, Energetika Nazirliyindən ayrıldıqdan sonra quruma Svetlana Qrinçuk rəhbərlik edib. 2025-ci ilin noyabrında Ukrayna Ali Radası “Energoatom” ətrafındakı korrupsiya qalmaqalı fonunda hər iki naziri vəzifədən azad etmişdi. Məlumata görə, “Midas” antikorrupsiya əməliyyatı çərçivəsində Qaluşenkonun da iştirakı ilə bağlı epizodlar üzrə axtarış aparılıb.

Fevralın 15-də Qaluşenko Ukrayna sərhədini keçməyə cəhd edərkən saxlanılıb, onun qatardan endirildiyi bildirilirib. Milli Antikorrupsiya Bürosu həmin saxlanmanın da “Midas” işi çərçivəsində həyata keçirildiyini açıqlamışdı.

Məlumata görə, bu istintaq çərçivəsində Ukraynanın sabiq baş nazir müavini Oleksey Çernışov iki ay müddətinə həbs olunub, sabiq müdafiə naziri Rüstəm Umerov dindirilib, Prezident Ofisinin sabiq rəhbəri Andrey Yermakın evində isə axtarış aparılıb. Qısa müddət sonra Yermakın istefa verdiyi bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun