Müsavat Partiyası və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun 24 gündür aclıq aksiyası keçirdiyi bir vaxtda ailə ilə əlaqəsinə məhdudiyyət qoyulduğu bildirilir. Bu barədə siyasətçinin qızı Nigar Həzi sosial şəbəkədə paylaşım edib.
O, telefon danışığının vaxtından əvvəl kəsildiyini qeyd edib:
“Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, bu, nə deməkdir? İndi ata ilə danışırdıq. Heç 4 dəqiqə deyildi ki, telefon zəngini kəsdilər. Halbuki qanunla 15 dəqiqə danışmaq hüququ var”.
Nigar Həzi atasına qarşı qanunsuzluqların davam etdiyini bildirib. O, həmçinin təcridxana rəhbərliyini tənqid edib:
“Tofiq Yaqubluya qarşı mümkün olan bütün qanunsuzluqları edirlər. Təcridxana rəisi Elnur İsmayılov PA-dan gələn bütün əmrlərin icrası ilə məşğuldur və bunu da gizlətmir”.
Nigar Həzi bildirib ki, martın 17-də vəkil Fəxrəddin Mehdiyev Tofiq Yaqublu ilə görüşüb və onun vəziyyətinin ağırlaşdığını qeyd edib:
“Vəkil bildirdi ki, Tofiq Yaqublu xeyli taqətdən düşüb. Görüşə gələrkən bir neçə dəfə başı gicəllənib və az qalıb ki, yıxılsın”.
Onun sözlərinə görə, son günlərdə tibbi nəzarət də zəifləyib:
“Bu gün həkim müayinəsi olmayıb. Dünənki müayinənin göstəricilərinə görə təzyiqi 80/120, saturasiya isə normal olub”.
Siyasətçinin vəziyyəti ilə bağlı əlavə narahatlıq doğuran məqamlar da qeyd olunub:
“Tofiq Yaqublu vəkilə bildirib ki, baş gicəllənmələri xeyli artıb. Fəxrəddin bəy dedi ki, aclıqdan Tofiq Yaqublunun üzünün tükü belə tökülüb”.
Nigar Həzi atasına tibbi yardımın göstərilmədiyini vurğulayıb:
“Tofiq Yaqublunun yanına nə həkimini buraxırlar, nə də ki, onu Müalicə Müəssisəsinə köçürürlər.
O, həkim Adil Qeybullanın müəssisəyə buraxılması ilə bağlı müraciətlərə cavab verilmədiyini də qeyd edib. Nigar Həzi bununla bağlı Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə rəsmi müraciət göndərdiyini bildirib.
O, Ombudsman Aparatının mövqeyini də tənqid edib:
“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının nümayəndələri bir dəfə Tofiq Yaqubluya baş çəkiblər və bununla da işlərini bitirmiş sayırlar. Ombudsman Aparatının bu məsələylə bağlı bir reaksiyasını görmürük hələ də”.
Nigar Həzi atasının vəziyyətinə görə məsuliyyət daşıyanları açıq şəkildə göstərib:
“Tofiq Yaqublunun səhhəti hər keçən saat daha da pisləşir. Ailə olaraq bu vəziyyətdən çox narahatıq. Tofiq Yaqublunun yanına nə həkimini buraxırlar, nə də onu Müalicə Müəssisəsinə köçürürlər. Tofiq Yaqublunun həyatı üçün bütün məsuliyyəti İlham Əliyev və onun hakimiyyəti daşıyır. Tofiq Yaqublunun azadlığını qaytarın. Bu işgəncə də bitsin artıq. Siz saxta cinayət işləri düzüb-qoşmaqdan yoruldunuz, biz də həbsxanalarda olmaqdan”.
Tofiq Yaqublu fevralın 25-də cərimə kamerasına salınmasına etiraz olaraq aclıq aksiyasına başlayıb.
O, 2023-cü ilin dekabrında həbs olunub. 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu dələduzluq və saxta sənəd hazırlama ittihamları ilə 9 il müddətinə azadlıqdan məhrum edib. İttihamları qəbul etməyən Yaqublu qərara etiraz olaraq 40 gün aclıq aksiyası edib.
Hazırda Ali Məhkəmə şikayət üzrə yekun qərar verməyib, proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Tofiq Yaqublu uzun illərdir hakimiyyətin tənqidçilərindən biri kimi tanınır və müxtəlif illərdə bir neçə dəfə saxlanılıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıdıqlarını bəyan ediblər.
Foto: Əziz Kərimov