Birləşmiş Millətlər Təşkilatında (BMT) quldarlığı insanlığa qarşı “ən ağır cinayət” kimi tanıyan və reparasiya çağırışı edən qətnamə qəbul edilib. Sənədə ABŞ və İsrail qarşı çıxıb.
“Middle East Eye” nəşrinin yazdığına görə, qətnaməni Afrika ölkələri adından Qana təqdim edib. Səsvermə nəticəsində sənəd 123 ölkənin lehinə qəbul edilib, 52 ölkə bitərəf qalıb. ABŞ, İsrail və Argentina isə əleyhinə səs verib.
Böyük Britaniya, Avropa İttifaqına üzv dövlətlər və Yaponiya səsvermədə bitərəf mövqe nümayiş etdiriblər.
ABŞ-nin BMT-dəki səfir müavini Den Neqrea səsvermə öncəsi bildirib ki, ölkəsi qul ticarətinin yanlış olduğunu qəbul etsə də, “tarixi dövrdə beynəlxalq hüquqa görə qanunsuz sayılmayan əməllərə görə hüquqi reparasiya hüququnu tanımır”.
O, həmçinin qətnaməni insanlığa qarşı cinayətləri “hierarxiyaya salmaq” cəhdi kimi qiymətləndirərək bunun digər qurbanların əzabını kiçiltmək riski daşıdığını deyib.
Qətnamə mətnində Afrikadan aparılan kölə ticarəti və irqi əsaslı köləlik “insanlığa qarşı ən ağır cinayət” kimi təsvir olunur. Sənəddə reparasiya tələblərinin tarixi ədalətsizliklərin aradan qaldırılması üçün konkret addım olduğu vurğulanır.
Tarixi məlumatlara görə, Atlantik qul ticarəti çərçivəsində təxminən 400 il ərzində Afrikadan 12 milyondan çox insan zorla aparılıb. Onlardan azı 2,4 milyonu yol zamanı həyatını itirib, milyonlarla insan isə istismar və zorakılıq nəticəsində sonradan ölüb.
Rəsmi olaraq köləlik bütün dünyada ləğv edilsə də (sonuncu olaraq Mavritaniya 1981-ci ildə bu addımı atıb), hüquq müdafiəçiləri Afrika ölkələrinin hələ də bu tarixi prosesin iqtisadi və sosial nəticələrini yaşadığını bildirir.
Qananın xarici işlər naziri Samuel Okudzeto Ablakva səsvermədən sonra bunu “tarixi və mühüm addım” kimi qiymətləndirib.
“Biz sadəcə bir mətn qəbul etmədik, bir həqiqəti təsdiqlədik. Sükut əvəzinə xatırlamağı, silinmə əvəzinə ləyaqəti, bölünmə əvəzinə ümumi insanlığı seçdik”, - deyə o bildirib.
ABŞ prezidenti Donald Tramp isə son dövrlərdə köləliyin təsiri ilə bağlı səsləndirdiyi fikirlərə görə tənqid olunur. O, avqust ayında Smithsonian İnstitutunu Amerikanın tarixində quldarlığın “nə qədər pis olduğunu” həddindən artıq vurğulamaqda ittiham etmişdi.
Trampın bu açıqlamaları Ağ Evin muzey ekspozisiyalarında “ton, tarixi təqdimat və Amerika ideallarına uyğunluq” baxımından dəyişikliklər tələb etməsindən sonra səsləndirilib.
Foto: AFP