ABŞ və İsrail İranla müharibənin “ikinci fazasının” başladığını elan edib

ABŞ və İsrail İranla müharibənin “ikinci fazasının” başladığını elan edib
6 Mart 2026
Mətni dəyiş

ABŞ və İsrail İranla müharibənin “ikinci fazasının” başladığını elan ediblər. Martın 6-na keçən gecə iki ölkə İran ərazisinə yeni zərbələr endirib.

Məlumatı “The Times of Israel” yayıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Bred Kuper bildirib ki, ABŞ hərbçiləri hücum zamanı bir sıra hədəflərə, o cümlədən ballistik raketlərin buraxılış şaxtalarına qarşı bunker tipli bombalardan istifadə ediblər. Bu bombalar B-2 strateji bombardmançı təyyarələrindən atılıb. Bundan əlavə, İranın hərbi zavodları da zərbələrə məruz qalıb.

General Kuperin sözlərinə görə, müharibə başlayandan bəri İranın ballistik raketlərlə zərbə endirmək imkanları 90 faiz, pilotsuz uçuş aparatları ilə hücum potensialı isə 83 faiz azaldılıb. O əlavə edib ki, ABŞ hərbçiləri azı 30 İran hərbi gəmisini də sıradan çıxarıb.

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general Eyal Zamir isə bildirib ki, İsrail Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində İranın hava hücumundan müdafiə sistemlərinin 80 faizi və ballistik raket buraxılış qurğularının 60 faizi məhv edilib.

Hər iki ölkənin hərbi rəhbərliyi açıqlamalarında İranla müharibənin “ikinci fazasının” başladığını bəyan edib və İslam Respublikasının ərazisinə zərbələrin daha da gücləndiriləcəyini bildirib.

“Gözlənilməz hücum mərhələsini başa vurduqdan, hava üstünlüyünü təmin etdikdən və İranın ballistik raketlərlə zərbə imkanlarını zəiflətdikdən sonra kampaniyanın növbəti mərhələsinə keçirik. Bu mərhələdə rejimin əsas dayaqlarına və onun hərbi potensialına zərbələri gücləndirəcəyik”, - deyə Zamir bildirib.

“Reuters” agentliyinin mənbələrinin sözlərinə görə, hərbi əməliyyatların yeni mərhələsi əsasən raket buraxılışları üçün istifadə olunan yeraltı infrastrukturun məhv edilməsinə yönələcək.

ABŞ müdafiə naziri Pit Heqset də bildirib ki, Amerika ordusunun İranı uzun müddət bombalamaq üçün kifayət qədər sursatı var.

“İran ümid edir ki, bizim gücümüz çatmayacaq. Bu isə ciddi yanlış hesablamadır”, - deyə o, Florida ştatında yerləşən ABŞ Mərkəzi Komandanlığının qərargahında jurnalistlərə bildirib.

ABŞ və İsrail fevralın 28-dən etibarən İran ərazisinə zərbələr endirməyə başlayıb. Tehran isə cavab olaraq İsrailə və ABŞ-nin Fars körfəzindəki müttəfiqlərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirir. İran həmçinin dünya neft daşımalarının əsas marşrutlarından biri olan Hörmüz boğazını bağlaya biləcəyi ilə hədələyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun