Martın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
“Toplum TV”nin məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslər və onların vəkilləri bir sıra vəsatətlər qaldırıblar.
“Toplum TV”nin əməkdaşı Fərid İsmayılov məhkəmə proseslərində iştirak etməməsi üçün vəsatət təqdim edib. O, cinayət işini və məhkəmə araşdırmasını ədalətli hesab etmədiyini bildirib.
“İndiyə kimi burada ən çox vəsatət qaldıran mən olmuşam. Heç biri təmin edilməyib. Mənimlə bağlı yeganə məqam “Toplum TV”də jurnalist işləməyimdir. Mən başa düşmürəm, "Toplum TV" silahlı qruplaşmadır, nədir? İki ildir bura gəlib-gedirəm, amma ittihamların nədən ibarət olduğunu hələ də başa düşmürəm”, – deyə o qeyd edib.
Fərid İsmayılov məhkəməyə gətirilmə şəraitinin ağır olduğunu da vurğulayıb. Onun sözlərinə görə, saxlanılan şəxslər məhkəməyə çox dar və antisanitar şəraitdə daşınırlar. Vəkili Zibeydə Sadıqova müvəkkilinin səhhətində problemlər olduğunu xatırladaraq vəsatəti müdafiə edib. Hakim isə məhkəmədə iştirak etməmək üçün əsas olmadığını bildirərək vəsatəti təmin etməyib.
Proses zamanı “Toplum TV”nin həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli də vəsatət qaldırıb. O, istintaqa ekspert rəyi vermiş Dövlət Vergi Xidmətinin əməkdaşı Nəsimi Süleymanovun rəyinin sübutlar siyahısından çıxarılmasını və həmin şəxsin əməlində cinayət tərkibinin olub-olmamasının araşdırılmasını istəyib. Məmmədli rəydə ziddiyyətli və həqiqətə uyğun olmayan məlumatların yer aldığını bildirib. Məhkəmə vəsatətin baxılmasını təxirə salıb.
III Respublika Platformasının spikeri və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanovun vəkili Fuad Ağayev çıxışında saxlanma və axtarışların məhkəmə qərarı olmadan aparıldığını deyib. O, hal şahidlərinin bütün prosessual hərəkətlərdə eyni şəxslər olmasına da diqqət çəkib və bunun cinayət işinin obyektivliyinə şübhə yaratdığını bildirib.
"Bu bəyəm terrorçuluq, qətl işidir ki, məhkəmə qərarı olmadan bu hərəkətləri keçirməyə zərurət olsun? Digər bir məsələ hal şahidləri ilə bağlıdır. Təsəvvür edin, 3 hal şahidi istintaq orqanının bütün prosessual hərəkətlərində - səhərdən axşama kimi onları müşayiət edib. Yəqin ki, ac da qalmayıblar, yeyib-içiblər. Bu məsələlər bütün bu cinayət işinin mexanizmini ifşa edir", - deyə vəkil vurğulayıb.
Fərid İsmayılov isə cinayət işinin açılmasının əsaslarını yenidən sual altına alıb. O, mümkün qanunsuz əməl əvvəlki illərdə baş veribsə, niyə işin məhz 2024-cü ilin martında başladıldığını soruşub.
"Mən belə başa düşürəm ki, istintaq orqanının birdən yadına düşüb ki, "Toplum TV" adlı media orqanı var və onları həbs etmək lazımdır. Hətta ortada qanunsuz əməl varsa və bu, əvvəlki illərdə baş veribsə, niyə buna görə həmin vaxt yox, məhz 2024-cü ilin martında cinayət işi açmaq yadlarına düşüb? Kim zəng edib, kim şikayət edib, ortada hansı fakt var?", - deyə o sual edib.
Proses zamanı vəkil Fuad Ağayevin tələbi ilə “Toplum TV”nin redaktoru Müşfiq Cabbarın saxlanma protokolu oxunub. Müşfiq Cabbar protokoldakı imzanın ona məxsus olmadığını bildirib.
Akif Qurbanov isə məhkəmə protokollarının saxtalaşdırıldığını deyib. Onun sözlərinə görə, çıxışlarda səsləndirilən bəzi siyasi ifadələr protokollarda əksini tapmır.
“İlham Əliyev və ailə hakimiyyəti, diktatura, Əliyev rejimi kimi fikirlər səslənəndə, hamısı avtomatik olaraq yazılmır”.
Hakim Azər Tağıyev isə həmin ifadələrin cinayət işinin mahiyyətinə aidiyyəti olmadığını əsas gətirərək protokola salınmadığını bildirib.
Növbəti məhkəmə prosesi martın 16-na təyin edilib.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, İDİ əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunub. Jurnalist Elmir Abbasov barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı əvvəl ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarəti qətimkan tədbiri seçildiyi qeyd olunur.
Təqsirləndirilən şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar, daha sonra ittihamların ağırlaşdırıldığı açıqlanıb. Onlar ittihamları qəbul etmir və həbslərinin siyasi motivli olduğunu bildirirlər.