Martın 3-də Nərimanov Rayon Məhkəməsində “Baksol yolu” adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiya xəttinə düşərək həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı açılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Proses hakim Gültəkin Əsədovanın sədrliyi ilə davam edib.
“APA”nın məlumatına görə, iclasda hadisə yerinə yaxın ərazidə fəaliyyəti olan sahibkarlar şahid qismində dindirilib.
Şahid Səyyar Nuriyev bildirib ki, çökmə onun obyektinin qarşısında baş verib. Onun sözlərinə görə, hadisə iş vaxtından sonra baş verdiyi üçün nə özü, nə də işçiləri bunu görüb.
Nuriyev deyib ki, ərazidə çökmələr ötən ilin yanvar ayının sonu, fevralın əvvəlindən başlayıb:
“Şəxsən mən 3 dəfə "Azərsu"yun qaynar xəttinə zəng edib şikayət etmişəm. Hətta onlar yolun qarşısında təmir aparanda yaxınlaşıb problemi demişəm. Deyiblər ki, ərazidə təmir işləri apara-apara gəlirlər, yavaş-yavaş düzələcək”.
Şahid sosial şəbəkələrdə yayılan “məhəccərləri sahibkarlar götürüb” iddiasını təkzib edib. O bildirib ki, quraşdırılan dəmir konstruksiyalar az olub, ərazini tam əhatə etməyib və yerə möhkəm bərkidilməyib.
“Quraşdırılan dəmirlər az idi və ərazini tam əhatə etsin deyə ətrafına lent dolamışdılar. Həmin dəmirlər yerə tam bərkidilməmişdi. Onlar məhəccərlərin yerini mütəmadi özləri dəyişirdilər, aparırdılar”.
İş üzrə təqsirləndirilən şəxs Azər Cümşüdov isə şahidin dediklərini qəbul etməyib. O bildirib ki, məhəccərlər kifayət qədər olub və onların yerinin dəyişdirilməsinə ehtiyac olmayıb.
“Biz dəmirləri götürməmişik. Bizim digər ərazilərə kifayət edəcək qədər dəmirimiz vardı. Ora diktin tökülməsi təhlükə yaradırdı. Əgər çuxur olsa, bəlkə zərərçəkən görüb ora yaxınlaşmazdı. Hadisə baş verdikdən sonrakı gün bizim işçilər gördü ki, dəmirləri sahibkarlar yığıb öz obyektlərinə qoyublar”, – deyə o bildirib.
Cümşüdov əlavə edib ki, hazırda həmin əraziyə təmir materialları yığılıb.
Şahid Nuriyev isə bu iddiaları “yalan” adlandıraraq, məhəccərlərin kim tərəfindən götürüldüyünü müəyyən etmək üçün müşahidə kameralarına baxılmasının kifayət edəcəyini deyib.
Digər sahibkar Asif Həbibov da şahid qismində ifadə verib. O bildirib ki, hadisə baş verən ərazi onun obyektinə də yaxındır və problem uzun müddət aradan qaldırılmayıb:
“Təqribən iki aydan çox o ərazi o vəziyyətdə qalıb. Mən də məcbur oldum, öz dəmirlərimlə ərazini mühafizəyə aldım. Bundan 1-2 həftə sonra onlar gəlib ərazini məhəccərlə bağladılar. Bu prosesdən 3-4 gün sonra öz dəmirlərimi ərazidən götürdüm. Çünki mən onları kirayə verməklə pul qazanırdım”.
Növbəti məhkəmə iclası martın 17-nə təyin edilib.
Hadisə ötən il iyunun 26-da Binəqədi rayonu ərazisində, “Baksol yolu” adlanan hissədə baş verib. Yolun çökməsi nəticəsində Cümşüd Cümşüdlü kanalizasiya xəttinə düşüb. İki gün davam edən axtarışlardan sonra onun meyiti Hövsan qəsəbəsində yerləşən kanalizasiya kollektorunda aşkarlanıb.
Prokurorluq məlumatına görə, hadisənin baş verdiyi kanal Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır. Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ilə cinayət işi başlanıb. Azər Cümşüdov təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
“Abzas Media”nın araşdırmasına görə isə kanal Bakı Su Kanal İdarəsinin balansında olsa da, yolların və səkilərin təmiri üzrə əsas səlahiyyətli qurum Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. Agentlik hadisədən sonra yaydığı açıqlamada çökmənin piyadalar üçün nəzərdə tutulan və qurumun xidməti sahəsinə daxil olmayan ərazidə baş verdiyini bildirib.
Araşdırmada həmçinin qeyd olunub ki, Binəqədi rayonunda yol təmiri üçün son illərdə 5 sərəncamla ümumilikdə 22 milyon 450 min manat ayrılıb. Dövlət satınalmalarının rəsmi portalında bu vəsaitlərin xərclənməsi ilə bağlı tenderlər aşkarlanmayıb, vəsaitlərin tender keçirilmədən xərcləndiyi və ümumi audit hesabatlarının olmadığı bildirilib.
AAYDA-nın hər hansı vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması barədə isə məlumat yoxdur.
Foto: Sosial Media