ABŞ vitse-prezidenti Cey Di Vens İranın hədəflərinə endirilən zərbələrdən sonra demək olar ki, üç gün ictimaiyyət qarşısında görünmədiyi üçün Vaşinqtonda onunla prezident Donald Tramp arasında fikir ayrılığı ola biləcəyi barədə müzakirələr yaranıb. Məlumatı “The Telegraph” nəşri yayıb.
41 yaşlı keçmiş dəniz piyadası uzun illər ABŞ-nin xarici müdaxilələrinə qarşı çıxması ilə tanınıb. O, Ukraynaya silah yardımını və İraq müharibəsini dəfələrlə tənqid edib. 2023-cü ildə “The Wall Street Journal” qəzetində yazdığı məqalədə Trampın xarici siyasətinin ən böyük uğurunu “heç bir yeni müharibə başlatmaması” kimi təqdim etmişdi.
Lakin İranın hədəflərinə endirilən zərbələrdən sonra Respublikaçılar əməliyyatı tərifləyərkən, Vens sosial şəbəkələrdə və mediada təxminən 72 saat susqun qalıb. Bu da Vaşinqtonda onun prezidentlə mövqelərinin fərqli ola biləcəyi barədə fərziyyələrə səbəb olub.
Keçmiş konqres üzvü Marjori Teylor Qrin də televiziya çıxışında “Cey Di Vens haradadır?” sualını səsləndirib.
Vens daha sonra “Fox News” kanalına müsahibəsində əməliyyatı müdafiə edib və bunu “məhdud və konkret məqsədlərə yönəlmiş zərbə” kimi qiymətləndirib. Onun sözlərinə görə, Tramp ABŞ-nin uzunmüddətli və nəticəsi qeyri-müəyyən müharibəyə girməsinə imkan verməyəcək.
Bununla belə, Vens əvvəllər İranla müharibəyə qarşı açıq mövqe sərgiləyib. O, 2024-cü ildə bir podkastda ABŞ üçün İranla müharibənin “böyük resurs itkisi və çox baha başa gələcək bir addım” olacağını demişdi.
Məlumata görə, İranın vurulması qərarı müzakirə edilərkən Vens əvvəlcə əməliyyatın mənfi nəticələri barədə xəbərdarlıq edib. Lakin münaqişənin qaçılmaz olduğu qənaəti formalaşdıqdan sonra o, prezidentin planlarına ciddi müqavimət göstərməyib və qərarın icrasını dəstəkləyib.
Analitiklər hesab edir ki, İranla müharibə mövzusu Vensin gələcək siyasi planlarına da təsir edə bilər. O, 2028-ci il prezident seçkilərində mümkün namizədlərdən biri hesab olunur.
Sorğulara görə isə ABŞ ictimaiyyətinin təxminən 60 faizi İranla hərbi əməliyyatları dəstəkləmir.
Bəzi Respublikaçı dairələrdə artıq alternativ namizəd kimi dövlət katibi Marko Rubionun adı da çəkilir. ABŞ mediasının yazdığına görə, Tramp bir qrup donorla görüşündə Vens və Rubio arasında kimi dəstəkləyəcəklərini soruşub və iştirakçıların çoxu Rubioya üstünlük verib.
Vensin nümayəndəsi isə bu iddiaları rədd edib. Onun sözlərinə görə, vitse-prezident “aşağı profil sərgiləməyib”, televiziya çıxışları edib və hərbçilərin xidmətini qeyd etdiyi çıxışlar səsləndirib.
Analitiklərin fikrincə, müharibə davam edərsə, Vensin siyasi karyerasını qurduğu anti-müdaxiləçi mövqe ilə hazırda müdafiə etdiyi hərbi əməliyyatlar arasında balans tapması daha da çətinləşə bilər.