Həbsdə olan jurnalist Fatimə Mövlamlının ailələrlə açıq görüş qadağasına etiraz olaraq aclıq aksiyasına başladığı deyilir

Həbsdə olan jurnalist Fatimə Mövlamlının ailələrlə açıq görüş qadağasına etiraz olaraq aclıq aksiyasına başladığı deyilir
8 Mart 2026
Mətni dəyiş

“Meydan TV işi” çərçivəsində həbs edilən jurnalist Fatimə Mövlamlının aclıq aksiyasına başladığı bildirilir.

Bu barədə jurnalistin anası sosial media hesabında məlumat yayıb. Onun sözlərinə görə, Fatimə Mövlamlı saxlanıldığı Bakı İstintaq Təcridxanasında ailə üzvləri ilə açıq görüşlərin qadağan olunmasına etiraz olaraq aclıq etmək qərarı verib.

Anasının paylaşımında bildirilir ki, jurnalist bu gündən etibarən qida qəbulunu dayandırıb və kameradan bütün qida məhsulları çıxarılıb.

“Fatimə ailələrlə açıq görüşə qadağa qoyulduğuna görə bu gündən aclıq aksiyasına başlayıb. Otaqdan bütün qida məhsulları çıxarılıb. Tələbi açıq görüş bərpa olunsun və hüquqları təmin edilsin. Övladımın həyati təhlükəsizliyindən birbaşa türmə rəisi Elnur İsmayılov və onun müavini Cavid Güləliyev məsuliyyət daşıyır”, – deyə paylaşımda qeyd olunur.

Jurnalist Fatimə Mövlamlı ötən il fevralın 28-də “Meydan TV işi” çərçivəsində saxlanılıb.

Bu iş üzrə həbs edilən digər jurnalist Nurlan Libre (Qəhrəmanlı) isə yanvarın 16-da keçirilən məhkəmə prosesində aclıq aksiyasına başladığını bildirmişdi. Onun aksiyanı hələ də davam etdirdiyi deyilir.

“Meydan TV işi” üzrə ümumilikdə 12 nəfərə qarşı cinayət işi açılıb. Əvvəlcə onlara Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürülüb.

2025-ci il avqustun 28-də ittihamlar ağırlaşdırılıb. Hazırda təqsirləndirilən şəxslər qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergidən yayınma, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulması da daxil olmaqla bir neçə ağır maddə üzrə mühakimə olunurlar.

Jurnalistlər irəli sürülən ittihamları qəbul etmir, həbslərinin siyasi sifariş olduğunu və peşə fəaliyyətləri ilə bağlı baş verdiyini bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun