Hesabat: “Azərbaycan Avropa Məhkəməsinin qərarlarının icrası üzrə əməkdaşlığı dayandırıb, yüzlərlə iş gözləmədədir”

Hesabat: “Azərbaycan Avropa Məhkəməsinin qərarlarının icrası üzrə əməkdaşlığı dayandırıb, yüzlərlə iş gözləmədədir”
26 Mart 2026
Mətni dəyiş

Avropa Şurası Nazirlər Komitəsi 2025-ci il üzrə illik hesabatını martın 26-da dərc edib. Hesabatda üzv dövlətlərin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını icra vəziyyəti qiymətləndirilir. Sənədə əsasən, Azərbaycan Komitəyə sonuncu dəfə 2025-ci il martın 18-də məlumat təqdim edib.

Hesabatda qeyd olunur ki, 2024-cü ildə müşahidə edilən müsbət tendensiyadan sonra 2025-ci ilin sonuna qədər kompensasiyaların ödənilməsi təsdiqlənməmiş işlərin sayı 1002-dən 1066-ya yüksəlib. Xüsusilə ödəniş müddətindən altı aydan çox gecikən işlərin sayı da artaraq 691-ə çatıb. 2024-cü ildə bu rəqəm 634 olub.

Bununla belə, ümumilikdə üzv dövlətlərin əksəriyyətinin kompensasiyaları vaxtında ödədiyi vurğulanır.

Gecikmələrin əsas səbəbi kimi iki ölkə göstərilir: Ukrayna və Azərbaycan. Ukraynada bu problem müharibə ilə əlaqələndirildiyi halda, Azərbaycanla bağlı bildirilir ki, hakimiyyət 2025-ci ildə Komitə ilə əməkdaşlığı və məlumat təqdim etməyi dayandırıb.

2025-ci ildə Nazirlər Komitəsi AİHM-dən icraya nəzarət üçün Azərbaycana qarşı 75 iş qəbul edib. Bu göstərici 2024-cü ildə 62, 2023-cü ildə isə 84 olub.

Yeni müəyyən edilmiş pozuntular arasında şəxsi həyat hüququnun pozulması (şəxsin qanunsuz çəkilişi və polisin bunu yayması), ifadə azadlığına müdaxilə (Milli Televiziya və Radio Şurasının radio yayım lisenziyası verməkdən imtinası), həbs və həbs-qətimkan tədbirləri üçün yetərli əsasların olmaması, mülkiyyət hüquqlarının pozulması kimi hallar yer alır.

Hesabatda vurğulanır ki, sistem yalnız dövlətlərin fəal iştirakı ilə işləyə bilər. Lakin 2025-ci ildə bu, bütün ölkələr üçün keçərli olmayıb.

Azərbaycan 2025-ci ildə Komitəyə cəmi iki dəfə məlumat təqdim edib və sonuncu məlumat martın 18-nə aiddir. Bundan sonra ölkə AİHM qərarlarının icrası ilə bağlı Komitə ilə əməkdaşlığı dayandırıb.

Bu vəziyyət nəzarət mexanizminə ciddi yük yaratdığı kimi qiymətləndirilir.

Statistikaya görə: Komitədə icrası gözlənilən işlərin 10 faizi (397 iş) Azərbaycana aiddir. 2025-ci ilin sonuna 169 iş üzrə kompensasiya ödənişinə dair məlumat gözlənilirdi, bunlardan 112-si altı aydan çox gecikmiş işlərdir.

Komitə qərarlarında Azərbaycanın öhdəliklərinə - Avropa Konvensiyasının 46-cı maddəsinə uyğun olaraq AİHM qərarlarını tam, effektiv və vaxtında icra etmək borcuna - bir daha diqqət çəkilib.

Nazirlər Komitəsi Azərbaycan hakimiyyətini yüksək səviyyədə dialoqu bərpa etməyə çağırıb və uzun müddət davam edən susqunluqdan, eləcə də işlərin icrasında irəliləyişin olmamasından təəssüf ifadə edib.

2025-ci ildə Venesiya Komissiyası insan hüquqları ilə bağlı çoxsaylı rəy və hesabatlar qəbul edib. Bu sənədlər milli qanunvericiliklərin AİHM presedent hüququna uyğunlaşdırılmasına töhfə verib.

Nazirlər Komitəsi müxtəlif ölkələr üzrə işlərdə, o cümlədən Azərbaycanla bağlı “Nemət Əliyev” işi qrupunda, bu rəyləri nəzərə almağa davam edib.

Bundan əlavə, Komitə Avropa Şurasının irqçilik və dözümsüzlüyə qarşı komissiyasının, Ədalətin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ), İşgəncələrin Qarşısının Alınması Komitəsinin (CPT) tövsiyə və hesabatlarına da istinad edib.

Azərbaycan prezidenti İlham Əliyev 2024-cü ilin aprelində AİHM qərarlarını tanımaya biləcəyini bəyan edib. O, bunu Azərbaycanın məhkəmənin hakimlərinin seçilməsində iştirak etməməsi ilə əsaslandırıb.

Azərbaycan artıq iki ildir ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığı dayandırıb. Buna səbəb qurumun Azərbaycanın nümayəndə heyətinin mandatını təsdiqləməməsidir.

Prezident 2025-ci ilin yanvarında “Euronews”a müsahibəsində bildirib ki, Azərbaycan AŞPA və Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıb və yalnız Avropa Komissiyası ilə əməkdaşlıq edir.

Rəsmi Bakı ölkədə insan hüquqları ilə bağlı beynəlxalq tənqidləri qəbul etmir və onları qərəzli sayır. Hüquq müdafiəçiləri isə Azərbaycanda təxminən 340 siyasi məhbusun olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun