Son iki gündə İsrail və ABŞ hərbi qüvvələrinin İranı hədəf alması, eyni zamanda İran hərbi hava qüvvələrinin İsraili və ABŞ hərbi qüvvələrinin regiondakı dövlətlərdə yerləşən hərbi bazalarını atəş altında saxlaması regionda ciddi gərginlik ocağının yaranmasına gətirib çıxarıb.
Bu gərginlik birbaşa və dolayısı ilə ən azı 15 ölkənin milli təhlükəsizlik maraqlarına toxunur ki, Azərbaycan da onların siyahısındadır. Bu ölkələr İranla quru və ya su sərhədi ilə qonşudurlar, onların münaqişəyə reaksiyası və addımları maraq kəsb edir. “Abzas Media” ekspertlərlə birgə problemin mahiyyətinə və perspektivlərinə aydınlıq gətirməyə çalışıb.
Niyə və nə üçün: statistik nəticələr
ABŞ prezidenti Donald Tramp bildirib ki, əməliyyatın məqsədi “İranın nüvə silahı əldə etməməsini təmin etmək”dir. Şənbə günü səhər “Truth Social”da yerləşdirilən səkkiz dəqiqəlik videoda o, “Biz onların raketlərini məhv edəcəyik və raket sənayesini yerlə bir edəcəyik. O, yenidən tamamilə məhv ediləcək” deyib. Tramp həmçinin İran silahlı qüvvələrini “tam toxunulmazlıq” müqabilində silahlarını yerə qoymağa çağırıb, əks təqdirdə onların “mütləq ölümlə üzləşəcəyini” bildirib. İran xalqını ruhani hakimiyyəti devirməyə hazırlaşmağa çağıran Tramp açıq bəyan edib: “Biz işimizi bitirdikdə hökumətinizi ələ keçirin. Bunu götürmək sizin işiniz olacaq. Bu, yəqin ki, nəsillər boyu yeganə şansınız olacaq”.
ABŞ-nin bu nəhəng hərbi əməliyyatı Trampın İranın nüvə proqramı ilə bağlı yeni bir təkliflə razılaşmadığı təqdirdə hərbi əməliyyat əmri verəcəyi ilə bağlı həftələrlə təhdidlərindən sonra baş verir. İran dəfələrlə nüvə fəaliyyətinin tamamilə dinc xarakter daşıdığını bildirib. ABŞ Hərbi Mərkəzi Komandanlığı bildirib ki, onlar “İran rejiminin təhlükəsizlik aparatını dağıtmaq, qaçılmaz təhlükə yaradan yerlərə üstünlük vermək” istəyirlər. İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl İsrail və ABŞ-nin “İrandakı terrorçu rejimin yaratdığı mövcudluq təhlükəsini aradan qaldırmaq üçün əməliyyata" başladığını bildirmişdi. Bunun ardınca İsrail Müdafiə Qüvvələri təxminən 200 qırıcı təyyarənin İranın qərbində və mərkəzində “raket kompleksinə və müdafiə sistemlərinə qarşı genişmiqyaslı hücumda” iştirak etdiyini bildirib. Təyyarələrin eyni vaxtda təxminən 500 hədəfə yüzlərlə sursat atdığı əlavə edilib.
Bu gün səhərə olan son statistik nəticələr belədir: İran Qızıl Aypara Cəmiyyətinin spikerinin yerli mediaya istinadən verdiyi məlumata görə, şənbə səhərindən bəri ölkənin geniş ərazilərində partlayışlar qeydə alınıb və İranın 31 əyalətindən 24-ü vurulub. Hədəf alındığı bildirilən yerlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektləri, hava hücumundan müdafiə imkanları, raket və pilotsuz təyyarələrin buraxılış məntəqələri və hərbi aerodromlar var. Qırmızı Ayparanın məlumatına görə, ölkə daxilində 200-dən çox insan həlak olub, 700-dən çox insan yaralanıb. Yerli prokurorun açıqlamasına görə, İranın cənubundakı qızlar məktəbində baş verən partlayışda ən azı 160 nəfər ölüb.
“BBC”nin ABŞ-dəkı tərəfdaşı olan “CBS News”un istinad etdiyi kəşfiyyat və hərbi mənbəyə görə, zərbələrdə təxminən 40 İran rəsmisi həlak olub. Şənbə axşamı Netanyahu televiziya ilə yayımlanan çıxışında “biz Tehranın mərkəzində zalım Xameneinin qərargahını məhv etdik” deyib. Tramp daha sonra “Truth Social”da yazıb: “Tarixin ən pis insanlarından biri olan Xamenei öldü”. Xameneinin ölümü İranın Ali Milli Təhlükəsizlik Şurasının verdiyi açıqlama ilə də təsdiqlənib və bu açıqlamanı bazar günü səhər yerli vaxtla bir neçə dövlət yayım kanalı oxuyub. Prezident Məsud Pezeşkianın paytaxtdakı ofisinin də ilk zərbə dalğasında hədəf alındığı bildirilir. İran dövlət televiziyası prezidentin “təhlükəsizlikdə” olduğunu bildirib və o, daha sonra açıqlama yayıb.
İran şənbə günü səhər başlayan ABŞ-İsrail hava hücumunda ali liderinin öldürülməsindən sonra ABŞ müttəfiqlərinə və Körfəzdəki hərbi bazalarına genişmiqyaslı hücumlar etmək üçün ballistik raketlərdən və dronlardan istifadə edib. İsrailin yerli mediası İranın bu ölkəyə təxminən 150 ballistik raket, eləcə də onlarla hücum dronu atdığını bildirib. İsrail Müdafiə Qüvvələri İranın cavab zərbələri nəticəsində iki israillinin öldüyünü, 456 nəfərin isə yaralandığını bildirib. Pentaqon və CENTCOM regional bazalara edilən hücumlar zamanı ABŞ hərbçiləri arasında hər hansı itkinin olmadığını bəyan edib.
Dünya necə reaksiya verir?
Azərbaycan XİN bəyan edib ki, regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur. “Qəti şəkildə bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırırıq. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayırıq”, - deyə bəyanatda deyilir.
Rusiya XİN yayımladığı bəyanatda ABŞ və İsrailin hücumunu pisləyərək onu “suveren və müstəqil BMT üzv dövlətinə qarşı əvvəlcədən planlaşdırılmış və səbəbsiz silahlı təcavüz aktı” adlandırıb. Rusiya ABŞ və İsraili “Yaxın Şərqi nəzarətsiz eskalasiya uçurumuna salmaqda” günahlandırıb və hücumların Yaxın Şərqdə “humanitar, iqtisadi və ehtimal ki, radioloji fəlakətə” səbəb ola biləcəyini bildirib.
Çinin XİN sözçüsü bildirib ki, “İranın suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir”.
“Çin hərbi əməliyyatların dərhal dayandırılmasını, gərgin vəziyyətin daha da gərginləşməməsini, dialoq və danışıqların bərpa olunmasını və Yaxın Şərqdə sülh və sabitliyin qorunması üçün səylər göstərilməsini tələb edir”, - bəyanatda bildirilib.
Hindistan XİN verdiyi açıqlamada ölkəsinin “İran və Körfəz bölgəsində baş verən son hadisələrdən dərin narahatlıq keçirdiyini” bildirib:
“Bütün tərəfləri təmkinli olmağa, eskalasiyadan çəkinməyə və mülki şəxslərin təhlükəsizliyinə üstünlük verməyə çağırırıq. Gərginliyin azaldılması və əsas məsələlərin həlli üçün dialoq və diplomatiya aparılmalıdır. Bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir”.
Səudiyyə Ərəbistanı isə XİN bəyanatında İranın regiondakı qisas hücumlarını pisləyib.
“Səudiyyə Ərəbistanı Krallığı İranın açıq-aşkar təcavüzünü və BƏƏ, Bəhreyn, Qətər, Küveyt və İordaniyanın suverenliyinin kobud şəkildə pozulmasını ən sərt şəkildə pisləyir və pisləyir”, - bəyanatda deyilir.
Avropa Birliyinin baş icraçı direktoru Ursula fon der Leyen bildirib ki, AB “nüvə və ballistik proqramların danışıqlar yolu ilə həllinə yönəlmiş diplomatik səyləri ardıcıl olaraq təşviq edir”. O, bütün tərəfləri maksimum təmkin göstərməyə, mülki şəxsləri qorumağa və beynəlxalq hüquqa tam hörmət etməyə çağırıb.
BMT-nin İnsan Hüquqları üzrə Komissarı Volker Türk həm İrana qarşı zərbələri, həm də İranın cavab zərbələrini tənqid edib. O, “həmişə olduğu kimi, istənilən silahlı münaqişədə son bədəli mülki şəxslər ödəyir” deyib.
“Mən təmkinli olmağa, bütün tərəfləri gərginliyi azaltmağa və cəmi bir neçə saat əvvəl fəal şəkildə həll yolu axtardıqları “danışıqlar masasına” qayıtmağa çağırıram”.
BMT-nin Baş katibi Antonio Quterreş də münaqişənin bütün tərəflərinə qarşı hərbi əməliyyatları pisləyib.
Ekspert mövqeləri: İranda nə baş verir?
Niderlandlı geosiyasi məsələlər üzrə şərhçi İsa Yusibovun fikrincə, İranda baş verən hadisələr əslində bir-iki həftəlik situasiya deyil və əsasən bölgədə HƏMAS-ın oktyabrın 7-də törətdiyi terror aktı sonrası geosiyasi xəritənin dəyişməsinin məntiqi sonluğudur.

“2023-cü ilin oktyabrında İsrailin Qəzza zolağında və Yaxın Şərqin müxtəlif ölkələrində başladığı hərbi əməliyyatlar, ardınca Suriyada Əsəd rejiminin devrilməsi əslində elə o vaxtdan İranın geosiyasi xəritədən silinməsi ssenarisinin parçası idi. Elə o vaxtdan Holland mətbuatında dərc olunan müsahibələrimdə də vəziyyətin İrana hücumla nəticələnəciyini dəfələrlə qeyd etmişəm. Bu baxımdan bu gün baş verənlər mənə təəccüblü görünmür”, - deyə o bildirir.
Ekspert hesab edir ki, dünəndən başlayan hücum da mahiyyət etibarilə ötənilki strateji addımın davamı kimi qiymətləndirilə bilər:
“Ötən il ABŞ və İsrail 12 günlük müharibə zamanı İrandakı hakimiyyətin daha çox nüvə infrastrukturunu məhv etməyə yönəlmişdilərsə, budəfəki hücum artıq ABŞ və İsraildə İranın siyasi fundamentinin məhvi və rəsmi olaraq teokratik rejimin daha fərqli və İsrailin bölgədəki mövcudluğuna təhlükə törətməyəcək bir üsuli-idarə ilə dəyişdirilməsinə yönəlib. Məsələnin mahiyyəti bundan ibarətdir”.
Ermənistanlı təhlilçi İşhan Verdyan isə hesab edir ki, istənilən müharibə pul və iqtisadiyyatla bağlıdır və Donald Trampın bu prosesdə iştirakı onu deməyə əsas verir ki, böyük pullar təhlükədədir.

“Gəlin, əslində nə baş verdiyinə nəzər salaq. Bugünkü İrana hücumun ən aşkar və görünən təsiri Hörmüz boğazında tankerlərin dayanmasıdır. Vəziyyətin ciddiliyini anlamalıyıq: boğazdan neft tədarükü faktiki olaraq dayandırılıb, lakin dünya neft həcminin təxminən 20-25 faizi bu dəhlizdən keçir. Bu fonda ABŞ və ya İsrailin belə bir inkişafı qabaqcadan görmədiyini təsəvvür etmək çətindir. Üstəlik, inanıram ki, məhz bu ssenari əvvəldən bəlli idi. İran eskalasiya halında Hörmüz boğazının gəmiçilik üçün yararsız hala düşəcəyini açıq şəkildə bildirmişdi. Buna baxmayaraq, addım atıldı - gəmiçilik dayandırılıb və neft tranziti pozulub”.
Ekspertin fikrincə, nəticə etibarilə bu vəziyyət bir müddət davam edərsə, neft qiymətləri qaçılmaz olaraq artacaq.
“Bu yaxınlarda neft bazarındakı mövqeyini gücləndirən ABŞ, şübhəsiz ki, bundan faydalanacaq. Hər şey yeni başladığı üçün bu bonusların miqyasını hələlik proqnozlaşdırmaq çətindir. Amma onların mövcud olacağı şübhəsizdir. Çünki mənim iddia etdiyim kimi, müharibə ilk növbədə iqtisadiyyatdır”, - deyə İşhan Verdyan bildirir.
Tehran hansı problemlərlə üz-üzədir?
Ekspertlərin fikrincə, İranda son onilliklər ərzində mövcud olan vəziyyət icitmai narazılığı yüksək səviyəyə qaldırıb və son durum əslində bir-birinə təsir edən müxtəlif problemlərin cəmləşməsinin nəticəsidir.
“Birincisi, əlbəttə, İrandakı acınacaqlı iqtisadi vəziyyətlə bağlıdır. İran iqtisadiyyatı hazırda ciddi bir böhranın içindədir. Bu, sadəcə uzunmüddətli sanksiyaların nəticəsi deyil, eyni zamanda onilliklərlə davam edən korrupsiyasının və idarəetmənin uğursuzluğunun kulminasiya nöqtəsidir. Məsələn, hazırda inflyasiya 68 faiz həddini keçib, bəzi zəruri qida məhsullarında isə bu rəqəm 200 faizə çatır. Milli valyuta olan rialın alıcılıq qabiliyyətini itirməsi orta təbəqəni yoxsul həddinə çatdırıb, əhalinin əmanətlərini isə sıfırlayıb. İnfrastrukturun (su və elektrik təminatı) çökməsi iqtisadi narazılığı sosial partlayış həddinə çatdıran əsas katalizatorlardan biridir. Təsadüfi deyil ki, dekabrda baş verən etiraz dalğasında bu dəfə rejimə müəyyən mənada loyal mövqe sərgiləyən “bazar camaatı” da iştirak edirdi. Bu da özlüyündə böhranın dərinliyinin göstəricisidir“, - deyə İsa Yusibov bildirir.
İkinci məsələ siyasi müstəvidə müşahidə edilən dəyişikliklərdir. İsa Yusibovun fikrincə, hazırda İrandakı iqtidar öz tarixinin ən ağır legitimlik böhranı ilə üz-üzədir:
“Ötən ilin sonunda cərəyan edən etirazlar onu göstərdi ki, xalqın tələbi artıq islahat deyil, rejimin tamamilə süqutudur. Hakimiyyətin bu etirazlara cavabı isə görünməmiş qəddarlıqla müşayiət olundu və bu reaksiya hələ də davam edir. Beynəlxalq müşahidəçilər yanvar ayındakı qırğınlarda minlərlə insanın öldürüldüyünü və 30 mindən çox insanın həbs edildiyini bildirirlər. Dövlətin instinktiv olaraq “vahid komanda” prinsipi ilə hərəkət etməsinə baxmayaraq, elit təbəqə daxilindəki çatların böyüməsi və ordunun xalqa atəş açmaq barədə tərəddüdləri siyasi sistemin daxildən sarsıldığını göstərir”.
Digər bir problem isə İran İslam Respublikasının təməl sütunu olan ideologiyanın ciddi şəkildə aşınmasıdır. Buna diqqət çəkən İsa Yusibov düşünür ki, rejim artıq gənc nəsli “İslam İnqilabı” idealları ilə “tərbiyə” edə bilmir, əksinə, bu ideologiyanı artıq cəmiyyətin böyük hissəsi azadlıq mənbəyi deyil, avtoritar düşüncə kimi qəbul edir.
“Hakimiyyətin xarici hücumlar zamanı “bayraq ətrafında birləşmə” taktikasından istifadə etmək cəhdləri bu baxımdan uğursuz olur; çünki iqtisadi vəziyyəti pisləşən xalq dövlətin regional siyasətini ölkəni fəlakətə sürükləyən əsas səbəb kimi görür. Cəmiyyətdəki bu dünyəviləşmə və sekulyar meyllər rejimin teokratik əsaslarını tamamilə iflic edib. Bu baxımdan İrandakı cari vəziyyətdə qeyd etdiyim səbəblər bir-birinə ciddi təsir edir, gücləndirir və nəticədə hakimiyyətin dayaqlarını əhəmiyyətli dərəcədə sarsıdır. Belə vəziyyətdə də avtoritar rejimlər ən çox güvəndikləri təcrübəyə əl atırlar: silah və zor gücünə etirazların dağıdılması. Müəyyən dövrlərdə bu reaksiya hakimiyyətin qorunub saxlanmasında rol oynasa da, İrandakı hazırkı konyuktura artıq bu reaksiyanın işləmədiyini göstərir”, - deyə o vurğulayır.
İsa Yusibov hesab edir ki, bütün xalqların azad, demokratik, plüralist cəmiyyətlərdə yaşamaq haqqı var və bu, eyni zamanda İran üçün də keçərlidir.
“Hər bir xalqın özünün müqəddəratını azad, sərbəst və heç bir daxili və xarici təzyiq olmadan təyin etmək hüququ şəxsən mənim üçün əhəmiyyətli məsələdir”, - deyə o qeyd edir.
İşhan Verdyan isə bu hərbi kampaniyanın məqsədinin və ya faktiki nəticəsinin İrandakı humanitar vəziyyətdə dəyişiklik və ya onun siyasi sisteminin transformasiyası olacağına inanmır.
“Əvvəla, ona görə ki, xatırladığım qədəri ilə üçüncü ölkələrin azadlıq və ya insan hüquqlarının qorunması adı altında nominal olaraq elan etdiyi heç bir müharibə döyüşlərin baş verdiyi ölkənin cəmiyyətində həqiqətən müsbət və davamlı dəyişikliklərə səbəb olmayıb. Bir şey elan edilir, əsl məqsədlər isə çox vaxt gizli qalır. Buna görə də İranda ciddi daxili dəyişikliklər gözləməməliyik. Başqa bir səbəb də var: təcrübənin göstərdiyi kimi, İranda dəyişiklik yalnız daxili təzyiq altında baş verə bilər, heç vaxt kənardan deyil. Müxtəlif məqamları nəzərə alaraq deyə bilərəm ki, İranda radikal daxili siyasi dəyişikliklərin baş verməsi ehtimalı azdır”, - deyə o qeyd edib.
Müharibə necə başa çatacaq?
İsa Yusibov hesab edir ki, müharibə bu tempdə davam edərsə və daha da intensiv hal alarsa, İrandaki teokratik rejimin çökməsi ilə nəticələnəcək:
“Bu müharibə əslində İrandakı sistemin özü üçün ən böyük testdir. İndiyə kimi iqtidar daxili etirazlardan müəyyən mənada sağ çıxa bilib və İrandaki siyasi institutlar, eləcə də İran İslam Ordusunun siyasi nüfuz rıçaqları özlərini qoruyub saxlamaq mexanizmini hər hansı Ali Liderin şəxsiyyətinə bağlamadan inkişaf etdirə bilib. Ancaq ABŞ kimi ciddi bir faktorun hərbi müdaxiləsi, Xameneyinin və eləcə də elitadan bir neçə şəxsin öldürülməsi İrandakı siyasi mühit üçün bir ilkdir. Yenə də qeyd edim ki, ABŞ və İsrailin İranda iqtidar dəyişikliyi planı həm bu faktordan, həm də daxili etirazların nə dərəcədə effektiv olacağından asılıdır”.
İşhan Verdyanın fikrincə, müharibənin necə bitəcəyi hələlik bəlli deyil, lakin onun nəticəsinin neft və əlaqəli bazarlarda təsirin yenidən bölüşdürülməsi olacağı tamamilə aydındır:
“Bu təsir müxtəlif yollarla özünü göstərə bilər. Məsələn, Rusiya şirkətləri Qərbin sanksiyaları altına düşdükdə və Rusiya nefti artıq əvvəlki həcmdə alınmadıqda, bu, neft bazarının yenidən formatlanması rolunu oynadı. Nəticədə Rusiya əsas gəlir mənbələrindən birini - büdcə əsas aktivinin əhəmiyyətli bir hissəsini itirdi. Beləliklə, hazırda Fars körfəzində və ümumiyyətlə neft biznesi ətrafında hansı konfiqurasiyanın yaranacağını dəqiq demək mümkün deyil. Amma əminəm ki, Hörmüz boğazında ən azı minimal səviyyədə proqnozlaşdırıla bilən sabitlik qayıtdıqdan sonra mənzərə aydınlaşmağa başlayacaq. Yalnız bundan sonra bu hərbi kampaniyanın nəticələri və real məqsədləri haqqında daha konkret danışa bilərik”.
Cənubi Qafqaz dövlətlərinin və Türkiyənin rolu nədən ibarət olmalıdır?
İşhan Verdyan hesab edir ki, müharibə Ermənistana və ya bütövlükdə Cənubi Qafqaza təsir etməyəcək, çünki bu region nə İran ətrafındakı proseslərdə, nə də bu gərginləşmə ilə müşayiət olunan ittihamlar və şikayətlər siyahısında yer alır:
“Bundan əlavə, məhz İrandakı vəziyyətin ciddiliyinə görə Cənubi Qafqaz yeganə nisbətən təhlükəsiz istmus - Avropa və Asiya arasında rabitə mərkəzi olaraq qalır. Buna görə də hərbi əməliyyatların Cənubi Qafqaz ölkələrinə hər hansı bir şəkildə təsir etmə ehtimalı olduqca aşağıdır”.
İsa Yusibovun fikrincə, həm regional faktor olaraq, həm də NATO üzvü kimi Ankara ciddi vasitəçi rolunu oynaya bilər və elə buna da çalışır.
“Türkiyə həm Tramp administrasiyası, həm də İran rəhbərliyi ilə müəyyən mənada normal münasibəti olan nadir aktyorlardandır. Türkiyənin geosiyasi hesablamaları da aydındır: müharibə uzun və intensiv formada davam edərsə, bu, Türkiyəyə İrandan ciddi miqrant axınına səbəb olacaq. Eyni zamanda, Türkiyə humanitar böhrandan əlavə sərhəddə ciddi militant qruplaşmaların, ələlxüsus da Kürd qruplaşmalarının və ya başqa silahlı qüvvələrin təsirinin arta biləcəyindən narahatdır. Ona görə də Ankara hazırda vəziyyətin sakitləşməsində maraqlıdır. Türkiyənin maraqları baxımından burada qeyri-adi nəsə görmürəm”, - deyə o bildirir.
Azərbaycana gəlincə isə hər nə qədər oxşar vəziyyət olsa da, rəsmi Bakı daha həssas bir vəziyyətdədir. İsa Yusibov hesab edir ki, həm İranla qonşuluq münasibətləri, həm də İsrailin bölgədə ən ciddi tərəfdaşlarından biri kimi Azərbaycanın da rolu balanslı vasitəçilikdən ibarətdir.
“Bu strateji neytrallığın əlaməti kimi Azərbaycan dəfələrlə bəyan edib ki, öz ərazisinin istifadəsinə icazə verməyəcək. İsrail Azərbaycanla sərhəd deyil. Heç kimə sirr deyil ki, İran Azərbaycanda ciddi formatda 5-ci kolon təsir ordusuna malikdir və Azərbaycanın bu münaqişədə açıq şəkildə tərəf tutması bu qrupun daha da aktivləşməsinə gətirib çıxara bilər. Əgər İranda situasiya daha xaotik vəziyyətə keçid alarsa, orada yaşayan etnik azərbaycanlıların da Azərbaycana mümkün gəlişi hakimiyyətin riskli hesab etdiyi məsələdir. Eyni zamanda, İranda baş verə biləcək demokratik dəyişikliklərin Azərbaycana da təsiri hazırkı iqtidarın özünə təhlükə olaraq gördüyünü düşünürəm.”, - deyə o vurğulayır.
Məsələnin bir də iqtisadi tərəfi var. İsa Yusibov hesab edir ki, Azərbaycan bölgədə Qərbin İrana ehtiyac olmadan iqtisadi əməkdaşlığının və mövcudluğunun önəmli faktoru kimi özünü qələmə verməyi bacarıb:
“İranda teokratik avtoritar rejimin çökməsi və orada Qərbyönümlü qüvvələrin hakimiyyətə gəlməsi Azərbaycanın bölgədəki nüfuzunu İrana nisbətən azaldacaq və rəsmi Bakı bunu istəmir. Sadə bir misal: indiyə kimi embarqo altında olan İran neftinin gələcəkdə Qərb bazarına çıxması ehtimalı Azərbaycan üçün müsbət bir məsələ sayıla bilərmi? Məncə yox. Digər tərəfdən bu müstəvidə Bakı və Tehranın ikitərəfli iqtisadi əlaqələri də ciddi rol oynayır. İran hazırkı vəziyyətdə də elə Azərbaycanın Yaxın Şərqə açılan pəncərəsi sayıla bilər. Rəsmi Bakı bu aspekti də nəticəsi məlum olmayan dəyişiklikliyə qurban vermək istəmir. Tehran üçün də Azərbaycanla iqtisadi əlaqələr ciddi önəm kəsb edir”.
ABŞ və AB: Mövqelərdə ziddiyyətlər varmı?
ABŞ ilə Avropa Birliyinin mövqelərində İran mövzusunda ziddiyyətlərin mövcudluğu ehtimalı ilə bağlı suala cavabında İsa Yusibov bildirir ki, hər iki tərəf İranın nüvə programı ilə bağlı eyni mövqeni bölüşürlər:
“İran nüvə silahına sahib ola bilməz. Amma bunu təmin etməyin yolunu ABŞ hazırda hərbi müdaxilədə, AB isə İranla konstruktiv danışıqlarda görür. Bundan əlavə, AB siyasi eşalonunda ABŞ və İsrailin İrana qarşı bu hücumunun beynəlxalq hüquq prinsipləri ilə örtüşmədiyi qənaəti də mövcuddur. Avropa Birliyinin rəhbərliyi, eləcə də Almaniya, Fransa kimi qüdrətli ölkələr vəziyyətin hərbi yolla həllinin daha çox problem yaradacağını rəsmi şəkildə bəyan ediblər”.
Ekspertin fikrincə, digər məsələ İran İslam ordusunun rolu ilə bağlıdır:
“İndiyə kimi AB bu qruplaşmanı terror təşkilatı kimi tanımaqdan çəkinirdi. AB daxilindəki ziddiyətlər səbəbilə İran İslam ordusu ilə bağlı ortaq məxrəc dekabr-yanvar etirazlarına qədər yox idi. Bu ildən etibarən isə AB artıq İran İslam Ordusunu rəsmi terror təşkilatı kimi tanıyır və bu baxımdan ABŞ ilə eyni mövqeni bölüşür”.
İsa Yusibov ehtimal edir ki, AB rəhbərliyi həm de-eskalasiya üçün diplomatik səyləri artıracaq, həm də müharibənin Avropaya doğru yeni bir miqrant dalğasının qarşısını almaq üçün Türkiyə ilə münasibətlərdə sadə dildə desək daha üzüyola mövqe tutacaq.
“AB üçün həm də məsələnin iqtisadi tərəfi var: əgər İranın Yəməndə dəstəklədiyi Huti qruplaşması Qırmızı dənizdə Qərb gəmilərinə hücum edərsə AB ölkələri üçün bu iqtisadi çətinliklər yarada bilər və Brüssel əvvəlki hadisələrdən nəticə çıxararaq və daha çevik davranaraq bunun da qarşısını indidən almaq istəyəcək”, - deyə İsa Yusibov vurğulayır.
Müəllif: Cəsur Məmmədov