Həftənin diqqət çəkən mövzularından biri Azərbaycan və Ermənistan arasında mövcud sərhədlərin vəziyyəti, bu istiqamətdə erməni tərəfinin bir sıra iddiaları və bununla bağlı rəsmi cavablar oldu.
Sərhəd xəttində nə baş verir?
Məsələ ictimaiyyətin diqqətini Ermənistanın keçmiş insan haqları müdafiəçisi və “Birlik Qanadları” siyasi təşəbbüsünün lideri Arman Tatoyanın martın 4-də təcili mətbuat konfransı keçirməsindən sonra cəlb etməyə başlayıb. Belə ki, həmin mətbuat konfransında Tatoyan Ermənistanın Geğarkunik bölgəsində yeni bir Azərbaycan mövqeyinin ortaya çıxdığını bəyan edib. Bir qədər sonra “Birlik Qanadları” siyasi təşəbbüsünün üzvü Narek Paronyan “yeni Azərbaycan mövqeyi” ilə bağlı iddiaların izahat tələbi ilə Ermənistan Müdafiə Nazirliyindən məlumatları nəzərdən keçirməyi və vəziyyəti aydınlaşdırmağı xahiş etdiyini bildirib.
Martın 4-də hökumətlə sual-cavab sessiyası zamanı Ermənistanın müdafiə naziri Suren Papikyan Arman Tatoyanın təqdim etdiyi məlumatları “yalan” adlandırmışdı. Bir neçə gün öncə isə Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Respublikasının suveren ərazisində yeni hərbi mövqe yaratması iddiası ilə bağlı yayılan məlumatları təkzib edib. Nazirliyin sözçüsü Aram Torosyanın sözlərinə görə, müzakirə olunan Azərbaycan mövqeyi Ermənistanın dövlət sərhədini keçmir. “Azərbaycan Silahlı Qüvvələrinin mövqeyi Ermənistan Respublikasının dövlət sərhədini keçmir və Azərbaycan Respublikasının ərazisində yerləşir”, - deyə Torosyan bildirib.
“Yalan məlumatların yayılması “Google Earth” proqram təminatından götürülmüş peyk görüntüləri ilə də müşayiət olunur. Lakin bu görüntülərin reallıqla əlaqəsi qeyri-dəqiqliklər ehtiva edir və onlarda göstərilən sərhəd xəttinin heç bir hüquqi əsası yoxdur. “Google Earth” özü istifadəçilərini bu barədə məlumatlandırır”, - deyə Torosyan qeyd edib.
Nazirlik vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələri sərhəd xəttini müəyyən edərkən 1975-ci ildən qalma 1:100.000 miqyaslı rəsmi Sovet dövrü topoqrafik xəritələrinə əsaslanır. Rəsmilərin sözlərinə görə, bu xəritələr hüquqi qüvvəyə malikdir və onu Zaqafqaziya bölgəsi üzrə dövlət geodeziya nəzarətinin regional müfəttişliyinin rəisi təsdiqləyib.
Aydın sərhəd xətti: kim kimə “soxulub?”
Bu həftənin cümə axşamı hökumətin Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat brifinqində Baş nazir Nikol Paşinyan Ermənistan Müdafiə Nazirliyinin ətraflı izahat verdiyini və Azərbaycanın Ermənistan ərazisindəki hərbi mövqeyini yaxşılaşdırdığı iddialarını təkzib etdiyini xatırladıb.
“Aydın bir xəritə, aydın bir xətt var ki, bu da de-yure əhəmiyyət kəsb edir və bu iddiaların reallığa uyğun gəlmədiyini göstərir. Ölkələr öz suveren ərazilərində bəzi tədbirlər görə bilərlər. Problem nədir? Bütün problem ondadır ki, aydın sərhəd xətti var və siz Ermənistanın harada olduğunu və Ermənistanın dövlət orqanlarının səlahiyyətlərinin harada olduğunu, Ermənistanın harada olmadığını və Ermənistanın dövlət orqanlarının səlahiyyətlərindən kənarda olduğunu bilirsiniz. Əlbəttə ki, paralel olaraq ərazilərlə bağlı müəyyən məsələlərin olduğunu və bunların sərhəd delimitasiyası prosesində həll ediləcəyini dedik”, - deyə Ermənistanın baş naziri qeyd edib.
Ermənistanın bir sıra mətbu orqanları Azərbaycan silahlı qüvvələrinin Ermənistanın de-yure suveren ərazisinin ən azı 241,4 kvadrat kilometrinə nəzarət etdiyini iddia edirlər. Qeyd edilən məlumatlara görə, Azərbaycan tərəfi sərhəd boyunca təxminən 20 hissədə Ermənistanın suveren ərazisinə “soxulub”. Xüsusilə, Azərbaycan 2021-2022-ci illərdə “Ermənistana qarşı genişmiqyaslı hücumlar zamanı böyük əraziləri ələ keçirib”.
Ötən ilin sentyabrında Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirmişdi ki, Ermənistan qoşunları Azərbaycan ərazisində olduğu kimi, Azərbaycan qoşunları da Ermənistan ərazisində yerləşdirilib. O, nümunə olaraq şimal-şərqi Tavuş bölgəsini göstərərək Ermənistanın təxminən 110 kvadrat kilometrlik de-yure Azərbaycan ərazisinə nəzarət etdiyini irəli bəyan etmişdi.
Bundan əvvəl, 2024-cü ilin may ayında Qazax rayonu istiqamətində aparılan delimitasiya nəticəsində 4 kənd (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı) rəsmən Azərbaycanın nəzarətinə qaytarılıb. Azərbaycan Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatına görə, bununla da 6,5 kvadrat kilometr ərazinin Azərbaycana qaytarılması təmin olunub və delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda Azərbaycan-Ermənistan sərhəd xətti müəyyən edilib.
Bununla yanaşı, problemlər qalmaqda davam edir. Tərəflərin nəzarətində olan bir sıra ərazilərin mübadiləsi mümkündürmü? Sərhəd pozuntuları hansı səbəblərdən baş verir və bunlar necə həllini tapacaq? Bu və digər məsələlərlə bağlı bir sıra suallara cavab almaq üçün “Abzas Media” Ermənistan və Azərbaycan Müdafiə Nazirliklərinə onlayn sorğu göndərib. Məqalə dərc olunana qədər hər iki qurumdan göndərilən suallara cavab alınmayıb.
Ekspertlər nə deyir?
Beynəlxalq Hüquq üzrə professor Fərhad Mehdiyev “Abzas Media”ya açıqlamasında bildirib ki, Azərbaycan əsgərinin haradasa yeni post qurması dövlət sərhədinin oradan keçmədiyi mənasına gəlmir.
“Məlumat azlığı baxımından bir çox suallara cavab vermək çətindir. Dövlət sərhədi çox genişdir. Sərhədin müəyyən nöqtələrində postlar qurula bilər. Bu iddia nə vaxt doğru ola bilər? Deyək ki, nisbətən düz sərhəd xətti var, ordan bir dənə ayrılma gedib Ermənistanın içərisinə girir. Bəlkə belə halda demək olar ki, bu sərhəd zastavasının orada olması normal deyil. Amma nə qədər ki, delimitasiya və demarkasiya olmayıb, belə mübahisələr həmişə qalxacaq. Bu, o deməkdir ki, delimitasiya və demarkasiya komissiyaları öz işlərini sürətləndirməlidir, müəyyən xətti çəkməlidir, sərhəd xətti müəyyən olunmalıdır, ondan sonra mübahisələr həmin sərhəd xəttinin keçdiyi coğrafi vəziyyətə görə müəyyənləşdirilməlidir. O vaxta kimi Ermənistanla bizim aramızda belə mübahisələr həmişə olacaq”.
Yerevan şəhərində yerləşən müstəqil "beyin mərkəzi" olan Regional Araşdırmalar Mərkəzinin (Regional Studies Center) direktoru Riçard Giraqosyan “Abzas Media”ya açıqlamasında bildirib ki, son bir il ərzində Ermənistan və Azərbaycan arasındakı diplomatik münasibətlərdə misli görünməmiş müsbət dəyişikliklər baş verib və ikitərəfli sərhəddəki vəziyyət müharibədən sonrakı danışıqların mühüm elementidir. Ekspert hesab edir ki, sərhəd demarkasiyasında həllini tapmayan əsas məsələ, 2021-2022-ci illərdəki sərhəd toqquşmaları zamanı ələ keçirilmiş, Ermənistanın suveren ərazisi sayılan təxminən 200 kvadrat kilometrlik sahədə Azərbaycan hərbi bölmələrinin hələ də mövcud olmasıdır:
“Bunlar Azərbaycan üçün sövdələşmə predmetləridir və sərhədlərin delimitasiyası ilə bağlı sonda tam razılaşmanın tərkib hissəsi olmalıdır”.
Bəzi ekspertlərin fikrincə, Azərbaycan və Ermənistan ərazilərində olan bir sıra eksklavlarla bağlı problem qarşılıqlı ərazi mübadiləsi yolu ilə həll edilə bilər. Fərhad Mehdiyevin sözlərinə görə, bu, hökumətlərin mövqelərindən və danışıqlarından asılıdır:
“Amma ərazi mübadiləsinin rəsmi olması üçün referenduma ehtiyac var. Çünki burada söhbət bir dövlətin öz ərazisini başqa dövlətə verməsindən gedir”.
Riçard Giraqosyanın fikrincə, şimal sərhədi boyunca ərazilərin qarşılıqlı qaytarılması ilə bağlı mövcud presedent nəzərə alınarsa, belə bir ssenari mümkün ola bilər.
“Lakin bu, yekun sərhəd demarkasiyası ilə bağlı ikitərəfli danışıqların gedişatından və nəticəsindən asılı olacaq”, - deyə o bildirib. Onun sözlərinə görə, diplomatik danışıqlardakı irəliləyişin böyük hissəsi Avropa və ya Rusiyanın iştirakı olmadan, birbaşa liderlər arasındakı üz-üzə görüşlərlə məhdudlaşdığı üçün Ermənistan tərəfinin hazırkı hədəfi sərhəd pozuntularına görə məsuliyyəti tərəflərin öz üzərində saxlamasıdır.
“Bununla belə, hazırkı AB monitorinq missiyası gələcəkdə baş verə biləcək hər hansı sərhəd pozuntularının üçüncü tərəfin effektiv monitorinqi üçün münasib vasitə ola bilər”, - deyə o bildirib.
Davamlı sülh mümkündürmü?
Qeyd edilən sərhəd problemlərinin fonunda tərəflərin qalıcı sülh əldə etmələri nə dərəcədə real görünür? Fərhad Mehdiyevin fikrincə, tərəflərin davamlı sülhə nail olmaları mümkündür.
“Bunun üçün kifayət qədər səbəblər var, kommunikasiya xətləri qismən bərpa olunub, Azərbaycandan Ermənistana neft daşınır və s. Düşünürəm ki, sülhə nail olacaqlar”, - deyən ekspertin fikrincə, hazırda İrandakı vəziyyət prosesə bir az mane olur:
“Çünki TRIPP dəhlizi məsələsi var. O da Trampın vəzifədə qalması ilə bağlıdır. Amerikada Epişteyn məsələləri ortaya çıxıb. Düzdür, İran məsələsinə görə, Epişteyn faylları bir az gündəmdən düşüb, amma mən düşünürəm ki, TRIPP dəhlizinin çəkilməsi Trampın mövqeyindən asılı olacaq. Baxaq görək, müharibədən sonra Trampın mövqeyi hansı formada olacaq, mövqeyində bir dəyişiklik olacaqmı?!”
Giraqosyan da tərəflərin qalıcı sülhə nail olacaqlarına inanır.
“Lakin sərhəd demarkasiyası məsələsi yekun “qalıcı sülh” üçün nəzərdən keçirilən bir neçə məsələdən yalnız biridir. Və bu mərhələdə Ermənistan və Azərbaycan arasında münasibətlərin “normallaşması” “qalıcı sülh”dən daha real hədəfdir”, - deyə o bildirdi.
Fərhad Mehdiyev Azərbaycanla Ermənistan arasında mövcud siyasi hakimiyyətlər dövründə hərbi toqquşmanın olacağını düşünmür.
“Heç bir toqquşma olmayacaq. Paşinyan dəyişsə, revanşist qüvvələr hakimiyyətə gəlsələr, onlar bir bəhanə ilə üçüncü dövlətin dəstəyini almaqla müharibəyə girmək istəyə bilərlər. Üçüncü dövlətin dəstəyini almadan girməzlər. Ermənistan hazırda süni intellekt sahəsinə investisiya edir, düşünürəm ki, orada müharibə şəraitinin olduğu düşünülsəydi, bu sahəyə milyardlarla dollar sərmayə qoyulmazdı. Demək ki, müharibə təhlükəsi görünmür ki, belə edirlər”.
Riçard Giraqosyanın fikrincə, Ermənistan və Azərbaycan arasındakı bu görünməmiş gərginliyin azalması, 2025-ci ilin iyulunda Əbu-Dabidə Ermənistan və Azərbaycan liderləri arasında keçirilən və yeni ikitərəfli sülh müqaviləsinin layihəsi üzərində ilkin razılığın əldə olunduğu görüşlərin birbaşa nəticəsidir.
“Hər iki tərəf həmçinin Ermənistanın cənubundan keçən avtomobil və dəmir yolu tranzitinin bərpası planlarını ehtiva edən ambisiyalı kommunikasiya sazişinin şərtləri üzrə kompromisə nail olublar. Məhz bu razılaşmalar Tramp Administrasiyasının Ermənistan və Azərbaycan liderlərini Ağ Evdə “sülh sammiti” üçün bir araya gətirməsinə yol açdı. 2025-ci ilin avqustunda keçirilən həmin mərasim ikitərəfli sülh müqaviləsinin paraflanması (ilkin imzalanması) və ABŞ-nin dəstəklədiyi, təvazökarlıqdan uzaq bir adla "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlandırılan yeni kommunikasiya sazişinin imzalanması ilə nəticələndi. O vaxtdan bəri sərhəddəki vəziyyət ümumən sabitdir və Azərbaycanın Ermənistanla ticarət və tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırmasından sonra, sərhəd demarkasiyası ilə bağlı danışıqların daha az mübahisəli və daha ümidverici keçəcəyi gözlənilir”, - deyə o bildirib. Giraqosyanın fikrincə, bu fonda Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması perspektivləri artıq daha münasib olan yeni bir mərhələyə qədəm qoyub.
“Bu, Türkiyənin siyasi iradə və siyasi dəstək ilə qarşılanır. Azərbaycanın hələ də Türkiyəni “girov” saxlamasına baxmayaraq, hətta rəsmi Bakı sərhədlərin qismən açılmasına müvəqqəti dəstək nümayiş etdirib”, - deyə o bildirib.
Azərbaycan və Ermənistan: Gələcək üçün proqnozlar
Uzunmüddətli “stabillik” və təhlükəsizlik üçün “kommunikasiya” (bağlılıq) zəruridir. Bu fikirdə olan Riçard Giraqosyanın fikrincə, hər şeyə rəğmən Cənubi Qafqazdakı müharibədən sonrakı geosiyasi mənzərənin təhlükələrdən daha çox ümid vəd etməsi ilə regional əməkdaşlıq üçün nadir bir fürsət yaranıb.
“Daha dəqiq desək, regional əməkdaşlıq üçün bu fürsət regional ticarət və nəqliyyatın bərpası perspektivindən qaynaqlanır”, - deyə o bildirib.
Ekspertin sözlərinə görə, Ermənistan və Azərbaycan arasındakı danışıqlar mühüm bir ilkin razılaşma ilə nəticələnib ki, bu da Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan arasında Cənubi Ermənistandan keçən bütün avtomobil və dəmir yolu əlaqələri üzərində Ermənistanın suverenliyini təsdiq və yenidən bəyan edir.
“Regional ticarət və nəqliyyatın bərpasına dair uğurlu razılaşma birinci mərhələ kimi Azərbaycan və Naxçıvan arasındakı əlaqələrlə məhdudlaşır; bunun ardınca isə sovet dövründən qalma dəmir yolu xəttinin bərpası və Cənubi Ermənistandan keçən magistral yolun tikintisi planlaşdırılır. Regional ticarət və nəqliyyatın daha geniş olan ikinci mərhələsi Türkiyə və Ermənistan arasındakı qapalı sərhədin yenidən açılmasını, Qars və Gümrü arasındakı sovet dövründən qalma dəmir yolu xəttinin bərpasını, habelə Ermənistan qatarlarının Cənubi Ermənistandan şimal-şərq istiqamətində Bakı vasitəsilə Cənubi Rusiyaya keçməsinə imkan verəcək Azərbaycan dəmir yolu şəbəkəsinin gələcək genişləndirilməsini əhatə edən daha əhatəli (və əhəmiyyətli dərəcədə daha bahalı) strategiyanı ehtiva edir”, - deyə o qeyd edib.
Riçard Giraqosyanın fikrincə, regional ticarət və nəqliyyatın bərpası məsələsi müharibədən sonrakı sabitlik üçün “hər iki tərəfin qazandığı” (win-win) ssenarisinin yeganə aydın nümunəsi kimi böyük əhəmiyyət kəsb edir və regionun bütün ölkələri üçün vacib olan iqtisadi və ticarət imkanları yaradır.
“Həmçinin, hər hansı yeni hərbi əməliyyatların qarşısını almaq üçün iqtisadi qarşılıqlı asılılıq yaratmaq yolu ilə çəkindirmə gücünü bərpa etmək çox vacibdir. Bu yolla, iqtisadi stimullar və ticarət imkanları regionda uzun müddətdir mövcud olmayan yeni və görünməmiş dərəcədə əhəmiyyətli səviyyəyə qaldırılıb”, - deyə o bildirib.
Müəllif: Cəsur Məmmədov