İsrail Ordusu Livanda “Hizbullah” hədəflərinə qarşı hava zərbələri endirdiyini açıqlayıb. Eyni zamanda İran rəhbərliyi Vaşinqtonla danışıqlar aparmaq niyyətində olmadığını bəyan edib.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, əməliyyat “Hizbullah”ın həyata keçirdiyi hücumlara cavab olaraq başlanıb. Şimal Hərbi Dairəsinin komandanı, general-mayor Rafi Milo bildirib ki, ilk zərbə dalğası Livanın cənubuna və paytaxt Beyruta yönəlib. Onun sözlərinə görə, hədəflər yüksək rütbəli silahlılar, qərargahlar və “terror infrastrukturu” olub.
Beyruta endirilən ilk zərbələrdən sonra İsrail Livanın şərq və cənubundakı təxminən 50 kəndin sakinlərini mümkün yeni hücumlar ərəfəsində təxliyəyə çağırıb.
Ardınca ikinci zərbə dalğası həyata keçirilib. İsrail Ordusu Livanın müxtəlif bölgələrində “Hizbullah”a məxsus silah anbarlarının və infrastrukturun vurulduğunu açıqlayıb. “Associated Press” Livan Səhiyyə Nazirliyinə istinadən yazır ki, zərbələr nəticəsində azı 31 nəfər həlak olub, 149 nəfər yaralanıb.
İsrail tərəfi həmçinin gecə saatlarında Tehrana genişmiqyaslı zərbələr endirildiyini bildirib.
Edilən hava hücumlarında İranın Şərqi Azərbaycan vilayətində 27 nəfərin, Fars vilayətində 35 nəfərin həyatını itirdiyi açıqlanıb.
İran isə martın 2-si səhər saatlarında İsrail ərazisinə hücumlarını davam etdirib. “AFP” agentliyinin məlumatına görə, Dohada (Qətər), Dubayda (BƏƏ) və Bəhreyndə partlayış səsləri eşidilib. Dohadakı partlayış barədə “Reuters” də xəbər yayıb.
Bu arada Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Aramco” Ras-Tanura şəhərində yerləşən neft emalı zavodunun fəaliyyətini pilotsuz uçuş aparatı hücumundan sonra dayandırıb. “Reuters” və “Bloomberg”in məlumatına görə, müəssisə rəsmisi zavodun ehtiyat tədbiri olaraq bağlandığını bildirib. Dron zərbəsi nəticəsində obyektdə kiçik yanğın baş verdiyi ehtimal olunur. Sosial şəbəkələrdə zavod ərazisindən tüstü qalxdığını əks etdirən görüntülər yayılıb.
Regionda diplomatik gərginlik də davam edir. İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani bəyan edib ki, Tehran “Birləşmiş Ştatlarla danışıqlar aparmayacaq”. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp “The Atlantic” jurnalına müsahibəsində bildirmişdi ki, İranın yeni hakimiyyəti danışıqlara maraq göstərir və o, dialoqa hazırdır.
“Onlar danışmaq istəyirlər və mən razılaşdım. Daha əvvəl praktik və asan addımlar ata bilərdilər”, - Tramp deyib.
İsrailin “Ynet” nəşri amerikalı rəsmiyə istinadən yazıb ki, Vaşinqton vasitəçi üzərindən Tehrana atəşkəs təklif etsə də, İran bunu qəti şəkildə rədd edib.
İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatı fevralın 28-də başlayıb. Tehran cavab olaraq yalnız İsrailə deyil, regiondakı digər ölkələrə də zərbələr endirməyə başlayıb və İsrail obyektlərini, eləcə də ABŞ hərbi bazalarını “qanuni hərbi hədəf” hesab etdiyini açıqlayıb.
Əməliyyat nəticəsində İranın ali rəhbəri ayətullah Əli Xamenei, onun müşaviri Əli Şəmxani və İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Pakpur daxil olmaqla bir neçə yüksək vəzifəli şəxs həlak olub.
Regionda hərbi və siyasi gərginlik sürətlə dərinləşməkdə davam edir.