İranın “düşmən neft xətlərinə” təhdidi İsraili təmin edən Azərbaycan-Türkiyə boru kəməri ilə bağlı narahatlıq yaradıb

İranın “düşmən neft xətlərinə” təhdidi İsraili təmin edən Azərbaycan-Türkiyə boru kəməri ilə bağlı narahatlıq yaradıb
5 Mart 2026
Mətni dəyiş

İran rəsmisinin “düşmənlərin neft tədarük xətlərinin hədəf alınacağı” barədə açıqlaması regionda gərginliyi daha da artırıb. Mənbələrin bildirdiyinə görə, bu bəyanat Azərbaycanın neftini Aralıq dənizi vasitəsilə İsrailə çatdıran Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəmərinə mümkün hücum ehtimalı ilə bağlı narahatlıqları gücləndirib.

Bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.

Məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanına müşavir olan Ebrahim Cabbari bildirib ki, Tehran “düşmənlərin neft təchizatı xətlərini hədəfə alacaq” və regiondan neft ixracının davam etməsinə imkan verməyəcək. İran mediası bu açıqlamanın ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra səsləndiyini yazıb.

Yüksək rütbəli ərəb mənbələri nəşrə bildiriblər ki, bu bəyanatın BP şirkətinə məxsus olan BTC boru kəmərinin hədəfə alınacağı ehtimalını artırır.

“İranın “düşmən neft xətlərinə zərbə” hədəsi yalnız BTC kəmərini nəzərdə tuta bilər. Çünki İsrailin xam neft təchizatının əsas mənbələrindən biri məhz bu kəmərdir”, – mənbə bildirib.

Məlumata görə, İsrailin neft təchizatının təxminən 30 faizi BTC kəməri vasitəsilə təmin olunur.

Bu kəmər Azərbaycan neftini Gürcüstan və Türkiyə üzərindən Aralıq dənizinə çıxarır. Türkiyənin Ceyhan limanından isə neft tankerlərlə İsrailə göndərilir. Mənbələr qeyd edir ki, İran üçün bu enerji dəhlizinə zərbə endirmək coğrafi baxımdan mümkün hesab olunur.

Hörmüz boğazı ilə bağlı hədələr

İran bundan əvvəl də regiondakı enerji marşrutlarını hədəf ala biləcəyinə dair xəbərdarlıq etmişdi.

Ebrahim Cabbari bildirib ki, ABŞ və İsrailin hücumlarına cavab olaraq Hörmüz boğazından keçən gəmilərə atəş açılacaq.

Onun sözlərinə görə, boğazdan keçməyə çalışan istənilən gəmi İranın İnqilab Keşikçiləri və donanması tərəfindən məhv edilə bilər.

Hörmüz boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyır. Ən dar hissəsində cəmi 34 kilometr olan bu su yolu vasitəsilə dünya üzrə gündəlik neft və qaz tədarükünün təxminən 20 faizi daşınır.

İsrailin Azərbaycan üzərindən fəaliyyət göstərməsi iddiası

Nəşrin yazdığına görə, bəzi yüksək rütbəli iranlı mənbələr İsrailin son illərdə “İrana qarşı fəaliyyətini Azərbaycan üzərindən həyata keçirdiyini” iddia edir.

2024-cü ilin noyabrında “Stop Fuelling Genocide” kampaniyası Türkiyənin Ceyhan limanından İsrailin Aşkelon şəhəri yaxınlığındakı kəmərə neft daşındığını göstərən sübutlar yayımlamışdı.

Ceyhan limanı BTC kəmərinin son nöqtəsidir və burada yerləşən Heydər Əliyev Terminalından neft tankerlərlə müxtəlif istiqamətlərə, o cümlədən İsrailə göndərilir.

Araşdırmaçılar Ceyhan və Aşkelon arasında tankerlərin hərəkətini izlədiklərini və Türkiyə 2024-cü ilin mayında İsrailə embarqo elan etdikdən sonra belə bəzi daşımaların davam etdiyini iddia ediblər.

2025-ci ilin oktyabrında “Palestinian Youth Movement” və “No Harbour for Genocide” təşkilatlarının araşdırması da Ceyhan limanına tankerlərin xam neft yükləmək üçün gəlməyə davam etdiyini göstərdiyini bildirib.

Regionda enerji böhranı dərinləşir

Bu məlumatlar İranın pilotsuz uçuş aparatı ilə hücumundan sonra Səudiyyə Ərəbistanının Ras Tanura şəhərindəki Aramco neft emalı zavodunda məhdud yanğın baş verməsi fonunda yayımlanıb.

Həmin hadisədən sonra Avropada qaz qiymətlərinin təxminən 50 faiz artdığı, Səudiyyə Ərəbistanının ən böyük neft emalı zavodunu bağladığı və Qətərin mayeləşdirilmiş təbii qaz (LNG) istehsalını dayandırdığı bildirilir.

ABŞ və İsrailin İrana qarşı zərbələri davam edir. ABŞ prezidenti Donald Tramp isə daha böyük hərbi əməliyyatların hələ qarşıda olduğunu bildirib.

İran tərəfi cavab olaraq regiondakı İsrail və ABŞ obyektlərinə zərbələr endirdiyini açıqlayıb. SEPAH-ın məlumatına görə, hücumlarda 700 dron və yüzlərlə raket istifadə olunaraq 500-dən çox ABŞ və İsrail obyektinin hədəf alındığı iddia edilir.

Artan gərginlik səbəbindən sığorta şirkətləri Fars körfəzi üzərindən hərəkət edən gəmilər üçün müharibə riskini əhatə edən sığortaları dayandırmağa başlayıb.

Türkiyə İran raketini vurdu, Naxçıvana dron hücumu araşdırılır

Türkiyənin Müdafiə Nazirliyi martın 4-də bildirib ki, NATO-nun hava hücumundan müdafiə sistemləri Şərqi Aralıq dənizinin şərq hissəsində ölkənin hava məkanında İranın ballistik raketini vurub. Nazirliyin məlumatına görə, raket Türkiyə hava məkanına İraq və Suriya üzərindən daxil olub.

Hadisədən sonra Türkiyənin Xarici İşlər Nazirliyi rəsmi Ankaranın etirazını bildirmək üçün İran diplomatlarını çağırıb.

İranın hərbi rəhbərliyi isə Türkiyə istiqamətində ballistik raket buraxıldığını təkzib edib. “Al Jazeera”nin sitat gətirdiyi bəyanatda qeyd olunub ki, İran “qonşu və dost ölkə olan Türkiyənin suverenliyinə hörmət edir və bu ölkənin ərazisinə doğru hər hansı raket buraxılışını qəti şəkildə inkar edir”. İran tərəfi vurulan raketin hansı istiqamətə yönəldiyini dəqiqləşdirməyib.

Bu hadisədən bir gün sonra – martın 5-də İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatları ilə hücum həyata keçirildiyi bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanata görə, dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Bəyanatda İran ərazisindən həyata keçirilən bu hücumların qətiyyətlə pisləndiyi bildirilib. XİN Tehranı qısa müddət ərzində hadisəyə aydınlıq gətirməyə və izahat verməyə çağırıb. Həmçinin İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilunun XİN-ə çağırıldığı qeyd olunub.

Azərbaycan Müdafiə Nazirliyi də hadisə ilə bağlı ayrıca bəyanat yayıb. Qurum bildirib ki, hücum zamanı istifadə edilən pilotsuz uçuş aparatlarının texniki parametrləri və hadisənin digər təfərrüatları hazırda araşdırılır.

Nazirlik vurğulayıb ki, hər hansı hərbi zərurət olmadığı halda İran silahlı qüvvələrinin Azərbaycanın ərazisində mülki infrastruktura qarşı hücumlar həyata keçirməsi qəti şəkildə pislənilir.

“Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq”, – bəyanatda deyilir.

İran tərəfi Naxçıvana dron hücumu edilməsini təkzib edib. İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi Azərbaycanın “AnewZ” kanalına müsahibəsində deyib ki, insident barədə ilk dəfə eşidir.

“Biz qonşu ölkələrimizə hücum etmirik. Bu insident barədə sizdən eşidirəm. Bu məlumatı, onun mənbəyini araşdırıb sonra sizə cavab verə bilərəm”, - o deyib. 

 

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun