İsrail Hava Hücumundan Müdafiə Qüvvələrinin keçmiş komandanı, ehtiyatda olan briqada generalı Zvika Haimoviçin Ermənistanda siyasi proseslərə qoşulması Azərbaycan-İsrail hərbi-texniki əməkdaşlığı kontekstində müzakirələrə səbəb olub.
Xəbər verdiyimiz kimi, Zvika Haimoviç “Güclü Ermənistan” partiyasının təhlükəsizlik qrupunun müşaviri təyin edilib. Partiyaya rusiyalı oliqarx və baş nazir postuna namizədliyini irəli sürmüş Samvel Karapetyan rəhbərlik edir.
Haimoviç erməni mətbuatına müsahibəsində bildirib ki, Ermənistan gələcək təhdidlərə qarşı effektiv mübarizə aparmaq üçün hava hücumundan müdafiə sistemini yenidən nəzərdən keçirməli, həmçinin mümkün risklərin qarşısını almağa yönəlmiş yeni milli təhlükəsizlik konsepsiyası hazırlamalıdır.
Müstəqil ekspertlər hesab edir ki, Haimoviçin bu tip bəyanatları və ümumilikdə onun Ermənistanda fəaliyyətə başlaması Azərbaycan–İsrail hərbi-texniki əməkdaşlığı üçün müəyyən risklər yarada bilər.
Bununla belə, Zvika Haimoviç “Abzas Media”ya açıqlamasında qeyd edib ki, o, sözügedən partiyanın təhlükəsizlik üzrə müşaviri deyil. Onun sözlərinə görə, o, yalnız seçki kampaniyası çərçivəsində Ermənistanın milli təhlükəsizlik strategiyasının formalaşdırılmasına dəstək vermək məqsədilə prosesə qoşulub.
Haimoviç vurğulayıb ki, bu iştirak yalnız qeyd olunan müddət və məqsədlə məhdudlaşır və bundan kənar hər hansı fəaliyyətə qoşulmaq niyyəti yoxdur.
“Haimoviçin hərbi sistemdə real rol alacağı ehtimalı azdır”
Ermənistanlı təhlilçi İşhan Verdyan hesab edir ki, müxalifətin israilli hərbi eksperti öz komandasına cəlb etməsi onun Ermənistanın müdafiə sisteminin real iştirakçısına çevrilməsi anlamına gəlmir.
Onun sözlərinə görə, bu fakt Haimoviçin ölkənin hava hücumundan müdafiə sisteminin spesifik detalları barədə məlumatlı olduğunu da göstərmir.
“Hələ ötən bazar günü Nikol Paşinyanın partiyasının üzvləri canlı efirdə Haimoviçi açıq şəkildə tənqid etdi, hətta lağa qoydu. Bu reaksiyanın öz səbəbləri var: Ermənistanda vətəndaş olmayan, lakin siyasi proseslərə təsir göstərmək istəyən şəxslərə qarşı ehtiyatlı münasibət mövcuddur. Bu səbəbdən həmin şəxsin məxfi məlumatlara çıxış əldə edəcəyi və ya hava hücumundan müdafiə sistemində real rol oynayacağı ehtimalı azdır”, – deyə Verdyan bildirib.
Bununla belə, o, İsrailin Azərbaycanla əvvəlki hərbi-texniki əməkdaşlığını nəzərə alaraq, yüksək rütbəli israilli hərbi mütəxəssisin Ermənistanla əməkdaşlığa cəlb olunmasının müəyyən qədər ziddiyyətli göründüyünü qəbul edir.
“Bu, İsrailin siyasi və kəşfiyyat dairələri üçün suallar yaradır: qərarların qəbulunda ardıcıllıq necə qorunur və niyə hazırkı addımlar əvvəlki təcrübələrlə ziddiyyət təşkil edir?” - deyə o əlavə edib.
“Məsələnin Azərbaycanla hər hansı bağlılığı yoxdur”
HHQ və HHMQ üzrə ekspert, ehtiyatda olan zabit Vüqar Seyidov isə məsələni fərqli qiymətləndirir. Onun fikrincə, Haimoviçlə bağlı vəziyyət daha çox Ermənistanda hakimiyyətə iddialı qüvvələrin siyasi jestinə bənzəyir.
“Bu, İsrailə İrana qarşı texniki nəzarət-kəşfiyyat tədbirləri həyata keçirmək üçün öz xidmətlərini təklif etmə jestinə oxşayır”, - deyə Seyidov bildirib.
Ekspert hesab edir ki, bu məsələnin Azərbaycanla hər hansı əlaqəsi yoxdur:
“Bizim Ermənistana hücum planlarımız yoxdur ki, Ermənistanın hava hücumundan müdafiə qüvvələrinin güclənməsi bizi narahat etsin. Əgər onlar xüsusi təyinatlılara, tank və ya piyada qoşunlarına İsrail generalı gətirsəydilər, bunu təhlükə kimi qiymətləndirmək olardı”.
Vüqar Seyidovun sözlərinə görə, əgər generalın səlahiyyətləri Ermənistan HHM sisteminin təşkilindən kənara çıxaraq Azərbaycan ərazilərinə yönəlmiş texniki kəşfiyyat fəaliyyətini də əhatə edərsə, o zaman İsraildən silah alınması məsələsinə yenidən baxıla bilər.
O, əlavə edib ki, ABŞ-nin 907-ci düzəlişinin icrasının dayandırılması Azərbaycanın silah tədarükü baxımından daha geniş imkanlar əldə etməsinə şərait yarada bilər.
“Müxalifət onu “toy generalı” kimi təyin edib”
Konfliktoloq Arif Yunus isə Zvika Haimoviçin təqaüddə olduğunu xatırladaraq onun praktiki hərbi fəaliyyətlə məşğul olmadığını, daha çox ekspert kimi çıxış etdiyini bildirir.
“Əlbəttə, onun çox şeydən xəbəri var. Amma hazırda o, hakimiyyətin yox, müxalifətin - Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasının müşaviridir. Rusiyaya yaxın bu müxalifət onu, ruslar demiş, “toy generalı” (bu ifadə bir tədbirə və ya prosesə əslində heç bir təsiri və rolu olmayan, lakin nüfuz, çəki və ya rəsmiyyət qazandırmaq üçün dəvət edilən şəxsə deyilir - red) kimi təyin edib. Yəni bu, real təsir imkanları olmayan simvolik fiqurdur. Paşinyan onu yaxın buraxmayacaq. Deməli, onun çıxışları daha çox təbliğat xarakteri daşıyacaq”, - deyə Yunus bildirib.
Arif Yunus hesab edir ki, Haimoviçin təyinatının Azərbaycan–İsrail hərbi əməkdaşlığına ciddi təsir göstərəcəyi barədə fikirlər əsassızdır.
“Əgər onu Ermənistan hakimiyyəti rəsmi şəkildə cəlb etsəydi və İsrail rəhbərliyi ilə birgə fəaliyyət imkanları olsaydı, bu zaman müəyyən risklərdən danışmaq olardı. İsraildə bir çox keçmiş zabitlər həm Rusiya, həm də Ukrayna üçün ekspert kimi çalışır. Amma onlar əsasən danışır və şərh verirlər. Əsas məsələ onların mövcud hakimiyyətlərlə real əlaqələrinin olub-olmamasıdır. Haimoviçin belə imkanları yoxdur və buna görə Azərbaycana hər hansı təhlükə yoxdur”, - deyə o qeyd edib.
“Bu hadisə əməkdaşlığa zərbə vurub”
Siyasi ekspert, Azərbaycan Xalq Parlamentinin dönəm sədri Ərəstun Oruclu isə daha sərt mövqe sərgiləyir. Onun fikrincə, Zvika Haimoviçin Ermənistana gəlişi İsrailin dövlət siyasəti çərçivəsində baş verib.
“İsrail açıq şəkildə görünməsə də, Azərbaycan üzərindən İrana qarşı ikinci - arxa cəbhə açmağa çalışırdı. Düşünürəm ki, məqsəd Azərbaycanı konfliktə cəlb etmək, bununla Türkiyəni, daha sonra isə NATO-nu prosesə daxil etmək idi. Lakin bu, baş vermədi və İlham Əliyev NATO ölkələrinin rəhbərlərinin, o cümlədən Türkiyənin reaksiyasına baxaraq Naxçıvanda İranın dron təxribatı zamanı sərgilədiyi kəskin mövqeyindən geri çəkilməyə məcbur oldu. Sərhədlər də açıldı və İrana münasibət də dəyişdi. Belə şəraitdə düşünürəm ki, İsrail faktiki olaraq Haimoviçi Ermənistana göndərməklə Azərbaycanı təhdid edir. Göstərmək istəyir ki, Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələri haqqında məlumatları Ermənistanla bölüşə bilər və yaxud Ermənistana hərbi dəstək verə bilər. Amma bunun heç bir effekti olmayacağını düşünürəm”, - deyə Oruclu bildirib.
Onun sözlərinə görə, Haimoviç Azərbaycanın İsrailə də bəlli olan hərbi sirlərini Ermənistanla öz təşəbbüsü ilə bölüşə bilməz.
“Bu, yalnız Azərbaycanın deyil, həm də həm də Azərbaycanın Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrini təchiz edən İsrailin hərbi sirridir. Haimoviç sirri bölüşərsə, bunu yalnız İsrail hökumətinin tapşırığı ilə edə bilər. Hər halda, risk mövcuddur və Azərbaycan bunu nəzərə almalı, İsrailin bu cür davranışını əsas götürərək onunla əməkdaşlığı məhdudlaşdırmalıdır”, - deyə o vurğulayıb.
Ərəstun Oruclu hesab edir ki, bu hadisə artıq Azərbaycan-İsrail hərbi-texniki əməkdaşlığına mənfi təsir göstərib:
“Əgər İsrail Azərbaycanla əməkdaşlıq etmiş bir generalı Ermənistan müxalifətinə göndərirsə, bu, ən azı siyasi təhdid kimi qiymətləndirilə bilər. Təhdid edən bir dövlətlə isə hərbi əməkdaşlığı davam etdirmək sual altına düşür. Bu hadisə artıq iki ölkə arasındakı əməkdaşlığa zərbə vurub”, - deyə o bildirib.
Müəllif: Cəsur Məmmədov