Azərbaycanda rəsmi qeydiyyata alınmış işsizlərin sayı yüz minlərlə ölçülsə də, işsizlikdən sığorta alanların sayı bununla müqayisədə olduqca azdır. Mövcud mexanizmin əhatə dairəsi və vəsaitlərin bölgüsünü isə ekspertlər mübahisəli qiymətləndirir.
Rəsmi məlumatlara görə, 2026-cı il fevralın 1-nə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında 245,6 min nəfər işsiz kimi qeydiyyata alınıb. Lakin onlardan cəmi 2 min 493 nəfərə işsizlikdən sığorta təyin edilib. Bu göstərici sistemin real əhatə imkanları ilə bağlı suallar yaradır.
Azərbaycanda işsizlikdən sığorta haqqı almaq üçün vətəndaşlar qanunvericilikdə nəzərdə tutulan bir sıra şərtlərə cavab verməlidirlər. Həmin meyarların məhdud olması isə bir çox işsiz şəxsi sistemdən kənarda saxlayır.
İqtisadçı Toğrul Vəliyev məsələnin əsas səbəbini qanunvericilikdə görür. Onun sözlərinə görə, işsizlik statistikası və sığorta mexanizmi mövcud hüquqi çərçivəyə uyğun hesablanır, lakin problem məhz həmin çərçivənin özündədir:
“Məsələn, kəndlisənsə və pay torpağın varsa, rəsmi olaraq işsiz hesab olunmursan. Bu isə düzgün yanaşma deyil, amma hazırda hesablama qaydası belədir”.
Ekspert bildirir ki, işsizlikdən sığorta yalnız müəyyən hallarda verilir və əsas şərt işin şəxsin iradəsindən asılı olmayan səbəbdən - ixtisar və ya müəssisənin bağlanması nəticəsində - itirilməsidir:
“Əgər şəxs öz istəyi ilə işdən çıxıbsa, müavinət ala bilmir. Statistikaya baxanda görünür ki, işdən çıxanların böyük hissəsi öz istəyi ilə çıxmış kimi qeyd olunur. Azərbaycanda ixtisar halları isə nadir olur. Buna görə də müavinət alanların sayı azdır. Üstəlik, ildən-ilə şərtlər sərtləşir, müddətlər azalır. Əvvəllər işsiz kimi qeydiyyatda olan şəxs müavinət ala bilirdi, indi isə vəziyyət fərqlidir”.
Qeydiyyat mərhələsində prosedur və sənədləşmə tələbləri də çətinlik yaradır. Bundan əlavə, işaxtaran statusu alan şəxs təklif olunan işdən imtina edərsə, hətta həmin işin ixtisasına uyğun olmadığını əsas gətirsə belə, statusunu və sığorta hüququnu itirə bilər.
İşsizlikdən Sığorta Fondunun gəlirləri, əsasən, işləyənlərin və işəgötürənlərin ödədiyi sığorta haqları hesabına formalaşır. Vəliyev vəsaitlərin bölgüsünü də tənqid edir:
“Müvafiq fondun vəsaitlərinin müəyyən hissəsi, məsələn, gələn il üçün 266 milyon, 118 milyonluq hissəsi müvafiq qurumların saxlanmasına xərclənəcək. Yəni, bu, DOST agentliyinin, observatoriyanın və s. saxlanmasına xərclənəcək. Bu, fikrimcə tamamilə doğru deyil.
Çünki fondun ümumi gəlirləri çox böyük deyil, təxminən 260 milyon manat civarındadır. Vəsaitin təxminən 40 faizinin dövlət qurumlarının saxlanmasına xərclənməsi doğru deyil. Həmin qurumlar yalnız bu istiqamətdə fəaliyyət göstərmir, müxtəlif sahələrlə məşğuldurlar”.
Onun sözlərinə görə, birbaşa işsizlərə ayrılan vəsait isə olduqca məhduddur:
“Birbaşa ödənişlərə ayrılan vəsait çox azdır, təxminən 5–7 faiz civarındadır. Daha çox aktiv məşğulluq tədbirlərinə, yəni, əmək yarmarkalarının təşkili, ictimai iş yerlərinin açılmasına, peşə kurslarının təşkilinə və digər proqramlara vəsait ayrılır. Əslində bu istiqamətlər də daha da inkişaf etdirilməli, daha çox vəsait tələb etməli və genişləndirilməlidir”.
İqtisadçı hesab edir ki, hökumət işsizliyi əsas problem kimi görmür və buna görə də sahəyə diqqət yetərli deyil. Onun fikrincə, aktiv məşğulluq tədbirləri tam effektiv deyil və davamlı nəticə vermir:
“Hazırda hökumət daha çox tikinti sektoruna yatırım edir. Tikinti sahəsi çoxlu iş yeri yaratsa da, bu işlər əsasən müvəqqətidir. Davamlı və sabit iş yerlərinin açılması üçün real sektora yatırımlar edilməlidir”.
Son dəyişikliklərə əsasən, Fondun sərbəst vəsaitlərinin banklara investisiya edilməsi mümkündür. Bu yanaşma beynəlxalq praktikada tətbiq olunsa da, iqtisadçı buna tənqidi yanaşır:
“Vəsaitlərin investisiyası məsələsi son illərdə trendə çevrilib. Hökumət müxtəlif fondların sərbəst qalan vəsaitlərini investisiyaya yönəldərək oradan mənfəət əldə etməyi hədəfləyir. Bu, dünya praktikasında normal sayılır. Lakin həmin fondlar mənfəət əldə etməsə də, gəlir və xərc arasında fərq yarandığı üçün sərbəst qalıq vəsait formalaşır və bu vəsaitlərin gəlir gətirməsi məqsədilə investisiya edilir.
Düşünürəm ki, bu, mənasızdır. Çünki Azərbaycanda sosial problemlər kifayət qədər çoxdur və vəsaitlərin daha böyük hissəsinin birbaşa sosial problemlərin həllinə yönəldilməsi daha məqsədəuyğun olardı”.
Rəsmi statistikaya görə, Azərbaycanda işsizlik səviyyəsi 5 faiz civarındadır. Lakin iqtisadçı real mənzərənin fərqli olduğunu deyir:
“Reallıq onu göstərir ki, insanların böyük hissəsi daimi iş axtaran deyillər. İşsiz son bir ay ərzində aktiv şəkildə iş axtaran şəxslərə deyilir. Mövsümi və ya qeyri-sabit işlərlə məşğul olan şəxslər isə tam işsiz sayılmır, baxmayaraq ki, onların gəlirləri çox aşağı ola bilər. Reallıqda işsizlik səviyyəsi rəsmi 5 faizdən daha yüksəkdir. Təxminlərə görə, faktiki işsizlərin payı 10–15 faiz civarında ola bilər”.
Rəsmi statistik göstəricilərlə faktiki vəziyyət arasında fərq, eləcə də işsizlikdən sığorta mexanizminin məhdud əhatəsi mövzunu aktuallığını qoruyan sosial-iqtisadi məsələlərdən birinə çevirir.