“Jurnalistlər üçün Ədalət Fondu”nun (“Justice for Journalists Foundation”) 2025-ci il üzrə hesabatına görə, Azərbaycanda jurnalistlər və media qurumlarına qarşı təzyiqlər davam edir. Araşdırmada ölkədə media işçilərinə qarşı 211 hücum və təhdid faktının qeydə alındığı, hücumların böyük hissəsini dövlət qurumlarının nümayəndələrinin həyata keçirdiyi vurğulanır.
Fond və onun yerli tərəfdaşlarının hazırladığı hesabat 2025-ci ildə Avropa Şurasına üzv bir neçə ölkədə, həmçinin Rusiya və Belarusda media mühitində baş verən dəyişiklikləri təhlil edir. Sənəddə qeyd olunur ki, Ermənistan, Moldova və Ukraynada plüralist və müstəqil media mühiti qorunub saxlanılsa da, Azərbaycan, Gürcüstan, Belarus və Rusiyada media azadlığı göstəriciləri daha da pisləşib.
Hesabat müəlliflərinin fikrincə, bu ölkələrdə jurnalistlərə və media qurumlarına qarşı hücumların əsas təşkilatçıları dövlət qurumlarıdır. Təzyiqlər əsasən məhkəmə və iqtisadi vasitələrdən istifadə edilməklə həyata keçirilir. Müstəqil jurnalistlərin sayının azalması fonunda hökumətlər təqibləri xaricdə yaşayan media nümayəndələrinə də yönəldir, həbsdə olan jurnalistlər isə ağır saxlanma şəraiti ilə üzləşirlər.
Azərbaycanda 211 hücum qeydə alınıb
Hesabatda Azərbaycanda 2025-ci il ərzində ənənəvi və onlayn media redaksiyalarına, həmçinin jurnalistlər və bloqerlərə qarşı 211 hücum və təhdid faktının müəyyən edildiyi bildirilir. Araşdırma açıq mənbələrin təhlili və jurnalistlərin, bloqerlərin, həmçinin onların hüquqi müdafiəsi ilə məşğul olan vəkillərin açıqlamaları əsasında hazırlanıb.
Əsas nəticələrə görə, jurnalistlərin həyatına, azadlığına və sağlamlığına yönəlmiş fiziki hücumlar 67 faiz artıb və əsasən artıq həbsdə olan jurnalistlərə qarşı yönəlib. Qeyd edilir ki, hüquqi və iqtisadi təzyiq formaları 71 faiz artaraq media işçilərinə qarşı əsas təzyiq vasitəsi olaraq qalır. Təzyiqlərin xaricdə yaşayan azərbaycanlı jurnalist və bloqerlərə də şamil olunduğu vurğulanır. Həmçinin bildirilir ki, ən azı 14 mühacir jurnalist qiyabi şəkildə 6 ildən 16 ilədək həbs cəzasına məhkum edilib.
“Qeyd olunan hücumların böyük hissəsini dövlət qurumlarının nümayəndələri həyata keçirib. Hazırda Azərbaycanda azı 39 media işçisi həbsdədir”, - hesabatda qeyd edilib.
İnsan hüquqları və media mühiti
Hesabatda qeyd olunur ki, 2025-ci ildə Azərbaycanda insan hüquqları və fundamental azadlıqlar sahəsində vəziyyət daha da pisləşib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının qiymətləndirmələrinə görə, ölkədə siyasi məhbusların sayı təxminən 400 nəfərə çatıb. Onların arasında siyasi fəallar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər və bloqerlər var.
Sənəddə bildirilir ki, müxalif siyasi partiyaların, müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının və müstəqil medianın fəaliyyəti demək olar ki, tamamilə məhdudlaşdırılıb.
Beynəlxalq indekslər
“Freedom House” təşkilatının “Freedom in the World 2025” hesabatında Azərbaycan yenə də “azad olmayan ölkə” kimi qiymətləndirilib. Hesabatda siyasi hüquqların və əsas azadlıqların ciddi şəkildə məhdudlaşdırıldığı, media azadlığının isə güclü təzyiq altında olduğu qeyd edilir.
Təşkilatın “Freedom on the Net 2025” hesabatında da Azərbaycan “azad olmayan” ölkə kimi təsnif edilir və ölkənin göstəricisi 34 bal olaraq qalır. Müqayisə üçün, Gürcüstan 70, Ermənistan isə 72 bal ilə “azad ölkələr” kateqoriyasına daxildir.
“Reporters Without Borders” təşkilatının məlumatına görə isə Azərbaycan Mətbuat Azadlığı İndeksi üzrə 2024-cü ildə 180 ölkə arasında 164-cü yerdə olduğu halda, 2025-ci ildə 167-ci yerə geriləyib. Təşkilat ölkədə media azadlığının “çox ciddi problemlərlə üzləşdiyini” bildirir.
Jurnalistlərin həbsi və media qurumlarının bağlanması
Hesabatda qeyd olunur ki, hazırda həbsdə olan azı 39 media işçisi siyasi motivli və uydurma ittihamlarla saxlanılır. Onların əksəriyyəti hökumətin siyasətini tənqid etdiklərinə və ya məhdudlaşdırıcı media qanunlarına tabe olmaqdan imtina etdiklərinə görə həbs olunub.
2025-ci ildə yalnız “Kanal13” onlayn kanalının rəhbəri Əziz Orucov azadlığa buraxılıb. O, əvvəlcə “qaçaqmalçılıq” ittihamı ilə həbs edilsə də, sonradan “qanunsuz tikinti” maddəsi ilə iki il həbs cəzasına məhkum edilib və cəzasını tam çəkdikdən sonra noyabr ayında azadlığa çıxıb.
“2025-ci il Azərbaycanda müstəqil media və ifadə azadlığının faktiki olaraq tam məhv edildiyi il oldu. 2023-cü ilin noyabrında başlayan təqiblər davam etdi. 2023–2024-cü illərdə müstəqil media qurumları bağlandı, 2025-ci ildə isə həbslər artıq fərdlərə yönəldi. Müstəqil jurnalistlər və hətta sosial şəbəkələrdə fikir bildirən vətəndaşlar saxlanıldı. Aktivistlərə, jurnalistlərə və siyasi məhbusların yaxınlarına qarşı səfər qadağaları və maliyyə məhdudiyyətləri tətbiq edildi.
“Abzas Media” jurnalistləri 7 il 6 aydan 9 ilədək həbs cəzası aldılar. Bir çox jurnalist qələmini yerə qoymağa məcbur oldu, çünki alternativi təqib idi. Həbsdən yayınanlar ölkəni tərk edib mühacirətə getdi və onlar da transmilli təqib təhlükəsi altındadır. Bu, ölkədə tam nəzarət ideyasının reallığa çevrildiyini göstərir.
Lakin ən diqqətçəkən məqam budur ki, müstəqil medianın səsi susdurulmayıb. Həbsdə olan jurnalistlər həbsxanaları redaksiyaya çeviriblər. Təqiblər, həbslər və qorxu azad səsi boğa bilməyib”, - deyə “Abzas Media”nın icraçı direktoru və baş redaktoru Günel Səfərova bildirir.
Fiziki hücumlar və zorakılıq halları
Hesabatda qeyd olunur ki, 2025-ci ildə jurnalistlərə qarşı ən azı 20 fiziki zorakılıq faktı qeydə alınıb. Bu göstərici 2024-cü ildəki 12 hadisə ilə müqayisədə əhəmiyyətli artım deməkdir. Zorakılıq hallarının böyük hissəsi artıq həbsdə olan jurnalistlərə qarşı penitensiar müəssisələrdə baş verib.
Məsələn, yanvarın 25-də istintaq təcridxanasında qadın əməkdaşlar “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızını fiziki zorakılığa məruz qoyub və təhqir edib. Yanvarın 29-da bloqer Rəşad Ramazanov saxlanma şəraitinə etiraz etdiyinə görə fiziki zorakılıq görüb. Onun ailəsinin sözlərinə görə, Ramazanova psixoloji təzyiq də göstərilir. Fevralın 4-də “Abzas Media” jurnalisti Nərgiz Absalamova saxlanılan başqa bir jurnalisti salamladığı üçün mühafizəçilər onu yerə sürükləyib və qolu zədələnib. Avqustun 12-də isə “Abzas Media” jurnalisti Məhəmməd Kekalov vəkilləri ilə telefonla danışmağa cəhd etdikdən sonra həbsxana əməkdaşları ona qarşı zorakılıq edib.
Hesabatda qeyd olunur ki, bəzi hallarda polis jurnalistləri saxlayarkən də zor tətbiq edib. Mayın 7-də “Yoldaş Media” YouTube kanalının rəhbəri Əhməd Məmmədli saxlanılarkən polis onu döyüb və telefonunun parolunu deməyə məcbur edib. O, imtina etdikdən sonra elektrik şok cihazı ilə işgəncəyə məruz qaldığını bildirib. Həmin gün “Amerikanın Səsi”nin əməkdaşı Ülviyyə Əlinin (Quliyeva) mənzilinə polis daxil olub və onu baş nahiyəsindən vurub. Daha sonra onun polis şöbəsində fiziki və psixoloji təzyiqə, həmçinin cinsi zorakılıq hədələrinə məruz qaldığı bildirilib.
Həbsdə olan jurnalistlərin sağlamlıq problemləri
Hesabatda həmçinin qeyd olunur ki, 2025-ci ildə həbsdə olan bəzi jurnalistlərin sağlamlıq vəziyyəti ciddi şəkildə pisləşib. “Toplum TV”nin həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin bədənində müxtəlif şişlərin yarandığı və ona lazımi tibbi yardım göstərilmədiyi bildirilir. “Toplum TV” əməkdaşı Fərid İsmayılov həbsdən əvvəl keçirdiyi əməliyyatlardan sonra ciddi tənəffüs problemləri yaşayır və tibbi yardıma çıxışı məhdudlaşdırılıb. “Xeberman.com” saytının təsisçisi Polad Aslanov ağciyər xəstəliklərindən əziyyət çəkir və tibbi yardım göstərilmədiyinə etiraz olaraq aclıq aksiyasına başlayıb. “Meclis.info” saytının rəhbəri İmran Əliyev isə şiddətli bel və oynaq ağrılarından, həmçinin bədənində yaranan şişlərdən şikayət etdiyini bildirib.
Media qurumlarının fəaliyyətinin dayandırılması
Hesabatda qeyd olunur ki, “Elektron məhkəmə” sistemində yerləşdirilən məlumatlara görə, 2025-ci ildə Media İnkişafı Agentliyinin iddiaları əsasında 30-dan çox onlayn media qurumunun fəaliyyəti dayandırılıb. Agentlik onların Media Reyestrində qeydiyyatdan keçmədiyini və buna görə qanunsuz fəaliyyət göstərdiyini bildirib.
2025-ci ilin fevralında müstəqil “Turan” İnformasiya Agentliyi də jurnalistlərin həbsi fonunda fəaliyyətini dayandırdığını açıqlayıb. 1990-cı ildən fəaliyyət göstərən agentlik uzun müddət Azərbaycanla bağlı beynəlxalq auditoriya üçün əsas məlumat mənbələrindən biri hesab olunurdu.
Eyni dövrdə bir sıra xarici media qurumları da ölkədə fəaliyyətini dayandırmağa məcbur olub. “BBC News” Azərbaycanın Xarici İşlər Nazirliyinin şifahi tələbindən sonra Bakıdakı bürosunu bağladığını açıqlayıb. Daha sonra Azərbaycan hakimiyyəti “Amerikanın Səsi” və “Bloomberg” media qurumlarının akkreditasiyasını ləğv edib və onlar da Bakıdakı ofislərini bağlayıblar.
Jurnalistlərin həbsi və mühacirətdə olan bloqerlərə qarşı işlər
2025-ci ilin ilk aylarında bir sıra jurnalistlər “qaçaqmalçılıq”, “vergidən yayınma” və “qanunsuz sahibkarlıq” kimi ittihamlarla həbs olunub. Bu işlərin bir hissəsinin 2022-ci ildə qəbul edilmiş və medianın xarici maliyyə almasını qadağan edən qanunla əlaqələndirildiyi bildirilir.
Yanvarın 17-də “Toplum TV işi” çərçivəsində jurnalist Fərid İsmayılov saxlanılıb. Nəşrin baş redaktoru, journalist Şahnaz Baylərqızı da həbs edilib, lakin daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. “Arqument.az” portalının rəhbəri, jurnalist Şəmşad Ağa (Ağayev) “Meydan TV işi” üzrə həbs olunub. “Portağal Media”nın təsisçisi Nurlan Libre (Qəhrəmanlı) saxlanılıb və daha sonra jurnalist Fatimə Mövlamlı həbs edilib.
Eyni zamanda bir sıra jurnalistlər uzunmüddətli həbs cəzalarına məhkum olunublar. “SalamNews” agentliyinin rəhbəri Mətləb Bağırov 12 il azadlıqdan məhrum edilib. Jurnalist Arzu Sayadoğlu Məmmədov və “7gün” qəzetinin baş redaktoru Cavid Şirəliyev hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib.
2025-ci ilin iyununda “Abzas Media işi” üzrə də hökm çıxarılıb. Məhkəmənin qərarı ilə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Fərid Mehralızadə və Hafiz Babəli 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhəmməd Kekalov 7 il 6 ay həbs cəzası alıb. Nərgiz Absalamova və Elnarə Qasımova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Mühacirətdə olan jurnalistlərə qarşı qərarlar
Hesabatda bildirilir ki, 2025-ci ildə mühacirətdə yaşayan azərbaycanlı jurnalist və bloqerlərə qarşı da cinayət işləri açılıb və onlar qiyabi şəkildə həbs cəzalarına məhkum olunublar.
Baş Prokurorluğun açdığı işlər çərçivəsində Tural Sadıqlı, Orduxan Teymurxan (Bəbirov), İmadəddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Rafael Piriyev, Qabil Məmmədov, Orxan Ağayev, Qurban Məmmədov, Azərbaycan Xalq Parliamenti Rəyasət Heyətinin üzvü Abid Qafarov, həmçinin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, jurnalistlər Sevinc Osmanqızı və Natiq Adilov müxtəlif maddələrlə ittiham olunublar.
***
Yerli və beynəlxalq hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda Azərbaycan həbsxanalarında 340 nəfər siyasi məhbus sayılacaq insan saxlanılır.
Hökumət isə bir qayda olaraq ölkədə siyasi məhbusun olmadığını, həbs edilən şəxslərin konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunduğunu bildirir və bu ittihamların siyasi motivli olduğu barədə iddiaları rədd edir.