Rüfət Səfərov: “Siyasi sifarişdir, nə deyiləcəksə, onu elan edəcəksiniz, bitirin bu tamaşanı”

Rüfət Səfərov: “Siyasi sifarişdir, nə deyiləcəksə, onu elan edəcəksiniz, bitirin bu tamaşanı” Foto: Amerikanın Səsi
17 Mart 2026
Mətni dəyiş

Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb, hüquq müdafiəçisi isə çıxışında məhkəməni “tamaşa” adlandırıb

Martın 16-da hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərova qarşı açılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

“Azadlıq Radiosu”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə ev və torpaq alqı-satqısı ilə məşğul olduqlarını deyən iki nəfər şahid qismində dindirilib.

İttihama əsasən, Rüfət Səfərov Natiq İmanquliyev adlı şəxsdən torpaq satmaq vədi ilə 60 min manat alıb, lakin nə torpağı təqdim edib, nə də pulu geri qaytarıb. İddia olunur ki, 2024-cü il dekabrın 3-də İmanquliyev Səfərovgilin yaşadığı binanın qarajına gələrək pulunu tələb edib, tərəflər arasında mübahisə yaranıb və nəticədə Səfərov ona xəsarət yetirib.

Təqsirləndirilən şəxs isə bu ittihamları qəbul etmir. O bildirib ki, saxlanıldığı günədək İmanquliyevlə heç vaxt görüşməyib və ondan pul almayıb. Səfərovun sözlərinə görə, həmin gün qarajda avtomobildən düşərkən qarşı tərəf qəfil ona hücum edib.

Məhkəmədə dindirilən şahidlər ifadələrində bildiriblər ki, İmanquliyevin daha əvvəl torpaq sahəsi aldığını bilirlər və həmin alqı-satqı prosesində vasitəçi kimi iştirak ediblər. Lakin onun ikinci dəfə torpaq almaq istəyi, bu məqsədlə kimə və nə qədər pul verməsi barədə məlumatlarının olmadığını deyiblər.

Eyni zamanda, şahidlərin istintaqdakı ifadələri ilə məhkəmədə verdikləri ifadələr arasında ziddiyyətlər yaranıb. Onlar bu fərqi istintaq zamanı ifadələrini oxumadan imzaladıqları ilə izah ediblər.

Rüfət Səfərov məhkəmədə çıxışı zamanı ittihamları sərt tənqid edib və prosesin siyasi sifariş əsasında aparıldığını bildirib:

“Üzümü görməyən adamları gəlib burada yalan danışmağa məcbur etməyə ehtiyac yoxdur. Bu ölkədəki sistem - polis, prokurorluq, məhkəmə insanların mənəviyyatını məhv etməklə məşğuldur. Prosesi uzadıb insanlara əlavə əziyyət vermək nəyə lazımdır? Onsuz da məni bu məhkəmə maraqlandırmır. Bilirəm ki, siyasi sifarişdir, nə deyiləcəksə, gəlib onu elan edəcəksiniz. Bitirin getsin bu tamaşanı. Məni bu məhkəmə yox, günlərdir aclıq edən Tofiq Yaqublunun vəziyyəti narahat edir. Onu təsadüfən dəhlizdə gördüm, ayaq üstə zorla dayanırdı. Bir insana bu qədər zülm etmək olmaz”.

Növbəti məhkəmə iclası aprelin 6-na təyin edilib.

Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin xuliqanlıq, dələduzluq və qəsdən sağlamlığa zərər vurma maddələri ilə təqsirləndirilir. Hüquq müdafiəçisi həbsinin səbəbini ABŞ-də insan hüquqları sahəsində aldığı mükafatla əlaqələndirir.

Hüquq müdafiə təşkilatlarının son hesabatlarında Azərbaycanda 340 siyasi məhbusun olduğu qeyd edilir. Rəsmi qurumlar isə ölkədə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun