SOCAR-ın Gürcüstandakı Kulevi terminalı son anda Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısına salınmayıb

SOCAR-ın Gürcüstandakı Kulevi terminalı son anda Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısına salınmayıb
10 Mart 2026
Mətni dəyiş

Azərbaycanın dövlət neft şirkəti SOCAR-a məxsus Gürcüstandakı Kulevi Neft Terminalı Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 20-ci sanksiya paketinə daxil edilməkdən son anda yayınıb. Bundan əvvəl terminalın siyahıya salınacağı barədə məlumatlar yayılmışdı.

Bu barədə ilk xəbəri Rusiyanın dövlət agentliyi “TASS” yayıb. Daha sonra məlumatı Gürcüstanda hakimiyyətə yaxın media kanalları da təsdiqləyib.

Xəbər Avropada artan narahatlıq fonunda yayılıb. Belə ki, İranla bağlı müharibə səbəbindən bazar ertəsi dünya bazarında neftin qiyməti qısa müddətə bir barel üçün 100 dollardan yuxarı qalxıb.

Avropa İttifaqının Kulevi terminalını sanksiya siyahısına daxil etməməsinin səbəbləri ilə bağlı müxtəlif versiyalar səsləndirilir.

Gürcüstan hökuməti terminalda qanunsuz fəaliyyətlə bağlı iddiaların sübut olunmadığını bildirib. “TASS” isə Gürcüstan tərəfinin Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O’Sallivanın Gürcüstanın xarici işlər naziri Maka Boçorişviliyə ünvanladığı rəsmi məktub aldığını yazıb.

Məktubda qeyd olunur ki, əvvəlcə Rusiyanın neftinin dəniz yolu ilə daşınması və “kölgə donanmasının” limana daxil olması səbəbilə Kulevi limanının sanksiyalar paketinə daxil edilməsi planlaşdırılıb.

Lakin O’Sallivanın sözlərinə görə, Gürcüstan hakimiyyəti və limanın operatoru bir sıra öhdəliklər götürdükdən sonra “mövqe yenidən nəzərdən keçirilib”. Bu öhdəliklərə Aİ-nin sanksiya tətbiq etdiyi gəmilərin Gürcüstan limanlarına daxil olmasının və onlara xidmət göstərilməsinin qarşısının alınması da daxildir.

“OC Media”nın məlumatına görə, SOCAR və Gürcüstan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı şərh verməyib.

Gürcüstanın “TV Pirveli” kanalı isə xəbər verir ki, SOCAR da Aİ sanksiyalarına riayət etməklə bağlı öhdəlik götürüb. Bu öhdəliklərə Rusiyanın xam neftinə tətbiq olunan qiymət limiti və Rusiyadan əldə edilən neftdən istehsal olunan məhsulların Aİ-yə idxalına qoyulan qadağa da daxildir.

Kulevi terminalının sanksiya siyahısına daxil edilə biləcəyi barədə məlumatlar ilk dəfə fevralın əvvəlində ortaya çıxmışdı. Aİ-nin yeni sanksiya paketi Rusiyanın neft gəlirlərini daha da azaltmağı hədəfləyir.

Gürcüstan hökuməti həmin vaxt bu addımı kəskin tənqid etmiş və terminalın fəaliyyətinə dair bütün məlumatların Avropa Komissiyasına təqdim edildiyini bildirmişdi.

Gürcüstan Milli Bankının sabiq prezidenti və iqtisadçı Roman Qotsiridze isə Kulevi limanı ilə bağlı uzun müddətdir suallar qaldırdığını deyib. O, terminalın yaxınlığında tikilən neft emalı zavodunun real istehsal imkanlarını şübhə altına alaraq layihəni “saxtakarlıq” adlandırıb.

Məlumatlara görə, zavod hələ fəaliyyətə başlamasa da, noyabr–yanvar ayları arasında Rusiyanın xam neftindən əldə edilən 116 milyon dollar dəyərində neft məhsulu “istehsal edib” və satıb. Qotsiridze bildirib ki, işləməyən zavodun belə məhsul istehsal etməsi mümkün deyil və bu sxem Kulevi terminalı olmadan həyata keçirilə bilməzdi.

Kulevi yaxınlığında tikilən neft emalı zavodu Rusiyanın maraqları ilə əlaqəli olduğu iddiaları səbəbindən də mübahisələrə səbəb olub.

Zavodun sahibi “Black Sea Petroleum” şirkətinin təsisçisi, iş adamı və dizayner Maka Asatianidir. Layihəni Gürcüstanın dövlətə məxsus İnkişaf Fondu və “Cartu Bank” maliyyələşdirib. Bankı “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvili yaradıb. Zavod layihəsinin təqdimatı 2024-cü ilin oktyabrında keçirilib və tədbirdə Gürcüstanın baş naziri İrakli Kobaxidze də iştirak edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun