“Sərhədsiz Reportyorlar” təşkilatı (RSF) 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə yaydığı bəyanatda Azərbaycanda həbsdə olan 9 qadın jurnalistin vəziyyətindən narahatlığını ifadə edib və onların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıb.
Bəyanatda qeyd olunur ki, onların arasında Berlində yerləşən Azərbaycan mediası “Meydan TV”nin üç müxbiri də var və onlar həbsdə olduqları müddətdə fiziki və psixoloji zorakılıq, eləcə də gender əsaslı və cinsi xarakterli təhdidlərə məruz qaldıqlarını bildiriblər. Təşkilatın fikrincə, bu hallar tək-tək epizodlar deyil, araşdırma aparan və məlumat yayan jurnalistləri alçaltmaq, qorxutmaq və susdurmaq məqsədi daşıyan repressiya strategiyasının bir hissəsidir.
RSF bildirir ki, hər il 8 martda dünya qadınların hüquqlarını qeyd etdiyi vaxtda Azərbaycan həbsxanalarında qadın məhbuslara simvolik olaraq gül verilir. Lakin təşkilatın fikrincə, həbsdə olan qadın jurnalistlərin cinsi təhdidlər və seksist təhqirlər barədə məlumat verdiyi bir şəraitdə bu jest “mənasız görünür”.
Bəyanatda fevralın 18-də Bakı İstintaq Təcridxanasında baş verdiyi iddia olunan hadisə də xatırladılır. Bildirilir ki, təxminən on nəfər nəzarətçi, o cümlədən kişi əməkdaşlar kameraya daxil olaraq yoxlama apardıqlarını deyiblər. Onlar tualetin qapısını zorla açaraq içəridə olan jurnalist Aysel Ümüdovanı çölə çıxarıblar.
Jurnalistlərin yazdığı məktubda qeyd olunur ki, baş verən qarşıdurma zamanı Xəyalə Ağayeva sağ əlindən və sol biləyindən görünən xəsarətlər alıb. Həmçinin həbsxananın direktor müavini Cavid Güləliyevin yumruğunu Aytac Tapdığın (Əhmədova )üzünə yaxınlaşdıraraq onu vurmaqla hədələdiyi bildirilir. Jurnalistlərin sözlərinə görə, o, qadınlara öz spermasını nəzərdə tutaraq “Mənim toxumum hər yerdədir” deyib və onlar bu ifadəni zorlama təhdidi kimi qiymətləndiriblər.
Bəyanata görə, iki gün sonra keçirilən məhkəmə iclasında hakim jurnalistlərin vəkillərindən birinin hadisəni əks etdirən müşahidə kameralarının görüntülərinin təqdim edilməsi ilə bağlı vəsatətini rədd edib.
“Həbsxana ictimaiyyəti məlumatlandıranları susdurmaq üçün cinsi qorxutma və üstünlük nümayişinin məkanına çevriləndə bu, silaha çevrilir. Bu zorakılığın gender ölçüsü təsadüfi deyil. Bu, jurnalistləri alçaltmaq və digər qadınları da araşdırma aparmaqdan çəkindirmək məqsədi daşıyan şüurlu strategiyadır”, - RSF-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə şöbə rəhbəri Janna Kavelye bildirib.
O əlavə edib ki, RSF Azərbaycanda həbsdə olan 9 qadın jurnalistin dərhal və qeyd-şərtsiz azad edilməsini, iddia olunan zorakılıq halları ilə bağlı müstəqil və şəffaf araşdırma aparılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edir.
Təşkilat bildirir ki, son aylarda qadın jurnalistlərə qarşı zorakılıq iddiaları bir neçə dəfə səsləndirilib. Məsələn, dekabr ayında yayılan məktubunda Aysel Ümüdova bir il əvvəl saxlanılarkən və istintaq təcridxanasına aparılarkən cinsi qısnama xarakterli davranış və pis rəftarla üzləşdiyini yazıb. Onun sözlərinə görə, polis əməkdaşlarından biri avtomobildə “arzuolunmaz fiziki təmas” göstərib və bu hadisə onda psixoloji travma yaradıb.
“Amerikanın Səsi”nin keçmiş jurnalisti Ulviyyə Əli (Quliyeva) isə bildirib ki, 2025-ci il mayın 6-da polis nəzarətində olarkən elektron cihazlarının parollarını verməsi üçün ona təzyiq göstərilib, döyülüb və zorlanmaqla hədələnib.
RSF qeyd edir ki, “Abzas Media”nın qadın jurnalistlərinin köçürüldüyü Lənkəran Penitensiar Kompleksində də 2026-cı il yanvarın 24-də həbsxana rəisinin saxlanılan şəxslərdən birinə fiziki zorakılıq göstərdiyi barədə etibarlı məlumatlar var.
Hüquq müdafiəçisi Subhan Həsənli bildirib ki, hazırda Azərbaycanda həbsdə olan qadın jurnalistlər 20-30 yaşlarından 50 yaşlarınadək müxtəlif yaş qruplarını əhatə edir və onlar jurnalist fəaliyyətlərinə görə həbs olunublar.
Onun sözlərinə görə, patriarxal stereotiplərin güclü olduğu cəmiyyətdə seksist böhtanlar, cinsi təhdidlər və həbsxanada zorakılıq yalnız ayrı-ayrı şəxsləri deyil, ümumilikdə qadınların araşdırma jurnalistikasında yer alması ideyasını sındırmaq məqsədi daşıyır.
Bəyanatda vurğulanır ki, həbsdə olmalarına baxmayaraq bəzi jurnalistlər, o cümlədən “Abzas Media”nın qadın jurnalistləri saxlanma şəraiti və məhbuslara münasibət barədə məlumatları ictimaiyyətə çatdırmaqda davam edir və bu, onların peşə fəaliyyətini davam etdirmək cəhdi kimi qiymətləndirilir.