Yaxın Şərqdə gərginlik: “Brent” neftinin qiyməti son 4 ilin maksimumunu yeniləyib

Yaxın Şərqdə gərginlik: “Brent” neftinin qiyməti son 4 ilin maksimumunu yeniləyib
10 Mart 2026
Mətni dəyiş

Martın 9-da Asiya birjalarının açılışında “Brent” markalı neftin qiyməti kəskin bahalaşaraq bir anlıq 119,5 dollara çatıb. Bu, 2022-ci ilin iyunundan bəri qeydə alınan ən yüksək göstəricidir.
 
Londonun “ICE” birjasındakı hərracların nəticələrinə görə, “Brent” neftinin may fyuçerslərinin qiyməti təxminən 29 faiz artıb. Lakin sonradan artım tempi səngiyib. Səhər saatlarında qiymət 116 dollar təşkil etsə də, sonradan artım tempi səngiyib və bazarın sabitləşdirilməsi ilə bağlı ehtimal olunan tədbirlər barədə xəbərlərin fonunda bir barel üçün təqribən 107 dollara qədər geriləyib.
 
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatından və rəsmi Tehranın regiondakı Amerika bazalarına endirdiyi cavab zərbələrindən sonra Yaxın Şərqdə gərginliyin artması ilə əlaqələndirilir. Münaqişənin başlaması qlobal dəniz neft tədarükünün təxminən 20 faizinin keçdiyi Hörmüz boğazının faktiki olaraq bağlanması ilə nəticələnib.
 
“Financial Times” nəşrinin məlumatına görə, "Böyük Yeddilik" (G7) ölkələri Beynəlxalq Enerji Agentliyi (İEA) ilə birlikdə strateji neft ehtiyatlarının təcili olaraq bazara çıxarılması məsələsini müzakirə edəcək. Mənbələr söhbətin 300-400 milyon barel neftdən getdiyini bildirir.
 
İEA sonuncu dəfə 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi səbəbindən qiymətlərin kəskin artımının qarşısını almaq üçün strateji ehtiyatlardan istifadə etmişdi.

ABŞ Prezidenti Donald Tramp baş verənlərə münasibət bildirərək, qiymət artımını “Birləşmiş Ştatlar və bütün dünya üçün təhlükəsizlik və sülh naminə ödənilən çox kiçik bədəl” adlandırıb. Trampın sözlərinə görə, İranın nüvə proqramı təhlükəsi aradan qaldırılan kimi qiymətlər sürətlə ucuzlaşacaq.
 
Daha əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessent “Fox Business” telekanalının efirində bildirmişdi ki, rəsmi Vaşinqton Rusiya neftinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını davam etdirə bilər. Nazir bu bəyanatı Hörmüz boğazında yaranan böhran və İranın dəniz blokadası səbəbindən neft nəqlində fasilələrin yaranması fonunda səsləndirib.
 
Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Hindistanın neft emalı zavodlarına açıq dənizdə olan və alıcısı tapılmayan Rusiya neftini almaq üçün 30 günlük icazə vermişdi. Rəsmi Kreml isə Yaxın Şərqdəki münaqişə fonunda Rusiya neftinə tələbatın əhəmiyyətli dərəcədə artdığını açıqlayıb.
 
Martın 10-da dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti də kəskin artıb. Belə ki, birjalardakı son məlumatlara görə, Azərbaycan neftinin bir barelinin qiyməti 8.41 ABŞ dolları və ya 8.89% artaraq 103.3 dollara çatıb. Azərbaycan neftinin əvvəlki qiyməti 94.62 ABŞ dolları olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun